Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycanda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə Azərbaycan–Türkiyə qardaşlığı və strateji müttəfiqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan–Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi vurğulanıb. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan ətraflı danışılıb.
Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və “yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib. Bildirilib ki, İğdır–Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq hökumətlərarası sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı bildirilib.