Bugünlərdə dünyanın enerji mərkəzlərinin diqqəti yenidən Azərbaycan paytaxtına yönəlib. Dünən öz işinə başlayan Bakı Enerji Həftəsinin ilk günündə 29-cu Beynəlxalq Xəzər neft-qaz (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) sərgilərinin təntənəli açılış mərasimi keçirilib.
Xatırladaq ki, builki sərgidə 37 ölkədən gəlmiş 300 şirkət iştirak edir. Onların bir çoxu ənənəvi neft-qaz sərgisinin daimi iştirakçıları olsalar da, bu mötəbər tədbirin debütantları da az deyil. Belə ki, İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Onu da qeyd edək ki, builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına genişlənib. Onların da əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də bir çox dünya ölkələrinin dövlət xadimlərinin, şirkət nümayəndələrinin, yüksək səviyyəli qonaqların və beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini qat-qat artırırdı. Məlum olduğu kimi, Azərbaycan paytaxtı artıq uzun müddətdir ki, nüfuzlu tədbirlərin keçirildiyi və mühüm qərarların qəbul edildiyi, əməkdaşlıqların müzakirə olunduğu məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycanın həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən Bakı Enerji Həftəsinin təşkilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaşları “İCA Events” və “Caspian Event Management FZ LLC” şirkətləridir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsinin builki sponsorlarının siyahısı da olduqca genişdir. Bu da, heç şübhəsiz, Bakı Enerji həftəsinin nüfuzunu və yüksək statusunu təsdiqləyir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ayrı-ayrı müəssisələrinin öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Bundan əlavə, ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrinin opreatoru olan BP şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın Total, Özbəkistanın “Uzbeknefteqaz”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “Acwa Power”, eləcə də dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarca firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyətlərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazanmışdılar. Yeri gəlmişkən, iştirakçıların istər bu müəssisələrin, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətlərinin imkanları, nailiyyət və perspektivləri ilə yaxından maraqlanmaları bir daha sübut edirdi ki, ənənəvi Xəzər neft və qaz sərgisi beynəlxalq əməkdaşlıq meydanı kimi mühüm statusunu qoruyub saxlaya bilib. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndiyimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını vurğulayırdılar.
Murad SADIXOV, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar–Azərbaycan” şirkətinin direktoru: – Bakı Enerji Həftəsi şirkətimiz üçün olduqca faydalı və dəyərli bir proqramdır. Biz 2022-ci ildən etibarən bu mühüm beynəlxalq tədbirdə iştirak edirik. 2022-ci ildə məhz iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində biz toplam olaraq 10 qiqavat gücündə iki müqavilə imzaladıq. Bu gün təməli qoyulan layihələr məhz iki il qabaq Şuşada imzalanmış həmin müqavilələrin reallaşdırılmasına başlanılması deməkdir. Göründüyü kimi, artıq biz bu sərgilər çərçivəsində qazandığımız təcrübələrimizi həyata keçiririk. Bundan başqa, sərgi bizim üçün, həm də çox böyük sosial xarakter daşıyır. Yəni, “Masdar” şirkətini təbliğ etmək baxımından əla fürsətdir. Sərginin gedişində çoxlu yeni şirkətlər, insanlarla tanışlıq imkanı qazanırıq.
Sərginin əhəmiyyəti olduqca böyükdür. Çünki sərginin gedişində imzalanan sazişlər, layihələr, elan olunan yeniliklər bütün dünyada yayımlanır. Bu baxımdan sərgi çərçivəsində nailiyyətlərimizin, layihələrimizin nümayişi çox əhəmiyyətlidir. Əməkdaşlığa gəldikdə isə, sərgi bu baxımdan da əla fürsətdir. Məsələn, bu gün biz SOCAR-la əməkdaşlıq müqaviləsi imzaladıq. Artıq Azərbaycanda həyata keçirəcəyimiz bütün layihələr SOCAR-la əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Bildiyiniz kimi, SOCAR “yaşıl” layihələri törəmə şirkəti olan SOCAR GREEN şirkəti vasitəsilə həyata keçirəcək. Bu da bizim üçün çox vacibdir. Çünki biz Azərbaycanın enerji lideri ilə iş birliyinə başlayırıq.
Bugünkü açılış mərasimində cənab Prezident İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 qiqavat olan üç böyük layihənin təməli qoyuldu. Həmin layihələrə Biləsuvarda 445 meqavatlıq, Neftçalada, Bankə qəsəbəsində 315 meqavatlıq günəş və Bakı-Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyaları daxildir. İnşallah yaxın zamanlarda həmin stansiyaların da açılışını qeyd edəcəyik.
Bir məsələni də qeyd etmək istəyirəm. Bu sərgi ilk dəfə Azərbaycanda ənənəvi enerji sahəsinin nailiyyətlərinin nümayişi məqsədi ilə təsis olunmuşdu. Amma indi, göründüyü kimi, dünyada, o cümlədən Azərbaycanda ümumi trend dəyişib. Hazırda sərgidə “yaşıl enerji” daha çox təbliğ olunur. Bunu sərgi iştirakçılarının pavilyonlarından da hiss etmək mümkündür. Hətta nəhəng net-qaz şirkətləri də burada daha çox bərpaolunan enerji sahəsindən bəhs edirlər. Gördüyünüz kimi, sərginin əsas hissəsində “yaşıl enerji” şirkətlərinin sayı xeyli artıb. Bu da Azərbaycanın iqlim dəyişikliləri ilə mübarizə işinə verdiyi önəmin nəticəsidir.
Yeri gəlmişkən, COP29 dünya miqyasında iqlim sahəsi ilə bağlı ən böyük tədbirdir. Bu mötəbər toplantıya çox ciddi hazırlaşan Azərbaycanın onu yüksək səviyyədə həyata keçirəcəyinə heç bir şübhə ola bilməz. Bir məqmı da vurğulayım ki, COP29, həm də Azərbaycanda “yaşıl enerji” layihələrinin icrasını xeyli sürətləndirib. Bunu bir neçə saat əvvəl təməli qoyulan layihələr də təsdiqləyir. Azərbaycan hökuməti və “Masdar” şirkəti “yaşıl enerji” layihələrinin reallaşdırılmasına çox böyük diqqət göstərirlər.
Süleyman BABAYEV, “Acwa Power” şirkətinin müqavilələr və dövlətlə əlaqələr üzrə meneceri: – Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Bakı Enerji Həftəsi və onun əsas hissəsi olan “Caspian Oil&Gas” və “Caspian Power” şirkətləri dünyanın enerji sektorunda fəaliyyət göstərən şirkətlər üçün olduqca önəmli bir tədbirdir. İştirakçıların çoxluğu isə tədbirin əhəmiyyətini qat-qat artırır. Düşünürəm ki, sərgi şirkətlərə həm öz nailiyyətlərini nümayiş etdirmək, həm də yeni əməkdaşlıq əlaqələri yaratmaq baxımından son dərəcə əhəmiyyətlidir. Sərginin təşkilatçılığı da çox yüksək səviyyədədir. “Acwa Power” şirkətinə gəldikdə isə, 2022-ci ildə Bakı Enerji Forumunda iştirak etsək də, sərgiyə ilk dəfədir ki, qatılırıq. Burada öz nailiyyətlərimizi nümayiş etdirməklə yanaşı, yeni şirkətlərlə də əməkdaşlıq imkanı qazanacağımıza ümid edirik.
“Acwa Power” dünyada günəş və külək enerjisi, duzsuzlaşdırma və hidrogen qurğularının istehsalı, eləcə də enerji saxlama layihələrini icra edən yeganə şirkətdir. Təkcə onu qeyd etmək kifayətdir ki, şirkətimiz dünya üzrə 85 milyard dollarlıq sərmayəyə malikdir. Hazırda dünyanın bir sıra ölkələrində uğurla fəaliyyət göstəririk. Azərbaycanda isə “Xızı–Abşeron” külək enerjisi layihəsini icra edirik. Artıq layihə üzrə işlərin 17 faizi tamamlanıb. Bura, əsasən, mühəndislik işləri daxildir. Layihə çərçivəsində hər birinin gücü 6,5 meqavat olan 37 külək turbini quraşdırılacaq. Stansiyanın illik gücü 893 qiqavat-saat “yaşıl enerji” təşkil edəcək. Bu da 400 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Baş podratçı “Power China HOEC” şirkəti tərəfindən mobilizasiya işləri tam başa çatdırılıb. İyul ayında stansiyanın tikintisi üçün tələb olunan turbinlərin birinci partiyası Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına gətiriləcək. Stansiyanın 2025-ci ilin 3-cü rübünün sonlarında istismara verilməsi nəzərdə tutulub. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, KOBİA və “Azərenerji” layihənin icra olunmasına bizə böyük dəstək verir.
Turxan ƏHMƏDOV, “Nobel Energy” şirkətinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri: – “Nobel Energy” Azərbaycan və dünya səviyyəsində aparıcı enerji həll yollarını təqdim edən şirkətdir. Bir yerli şirkət olaraq Azərbaycan üçün çox böyük işlər görürük. Uğurlarımıza gəldikdə isə, qeyd etməliyəm ki, biz Amerika Birləşmiş Ştatlarında NASA üçün kosmik fəzaya buraxılacaq raket sisteminin dayaq blokunu hazırlamışıq. Bu, Azərbaycanı təmsil edən bir şirkət üçün olduqca qürurvericidir.
Bugünkü sərgidə nümayiş etdirdiyimiz digər bir nailiyyətimiz isə yarımdalma dəniz qurğusudur. Həmin platforma ən çətin, yəni köhnə neft quyularından səmərəli şəkildə, daha ucuz qiymətə və innovativ üsullarla hasilata dəstək verir. Bu da bir Azərbaycan şirkəti üçün yüksək nailiyyətdir. Çünki şirkətimiz dünya səviyyəli bir qurğu istehsal edib. Həm dizayn edib, həm də həm də tikib. Həmin qurğu hazırda Meksika körfəzində fəaliyyət göstərir. “Nobel Energy” yarandığı gündən beynəlxalq şirkətə çevrilməyi hədəfləyib. Artıq qürurla deyə bilərik ki, şirkət ötən 20 il ərzində bu məqsədinə nail olmağı bacarıb. Artıq ABŞ, Kolumbiya, Türkiyə, Mərkəzi Asiya və Qazaxıstanda və bir sıra digər ölkələrdə çoxsaylı uğurlara imza ata bilmişik.
Hazırda “Nobel Energy” şirkəti Azərbaycanda BP və SOCAR-ın mühüm strateji işlərini həyata keçirir. Belə ki, biz platformada qazma əməliyyatlarından tutmuş texniki işlərədək çoxsaylı xidmətlər göstəririk. Uzun illər Azərbaycan bazarında olsaq da, qrup olaraq sərgidə ilk iştirakımızdır. Səhər tezdən cənab Prezident İlham Əliyevin açılışını etdiyi sərgidəyik. Yeri gəlmişkən, enerjinin transformasiyası fonunda builki neft-qaz sərgisinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Həmişəki kimi böyük enerji şirkətləri BP, Total, SOCAR və digərləri sərgidə yüksək fəallıqla iştirak edir. Fikrimcə, bu şirkətlərlə müştərək layihələrimiz olduğundan onlarla eyni sərgidə iştirakımız olduqca vacib və əhəmiyyətlidir…