Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb.
SOCAR-dan aldığımız məlumata əsasən, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak ediblər.
İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə, eyni zamanda, Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında “Şahdəniz” yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz-1” yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.
Göründüyü kimi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində, ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığını da inkişaf etdirir. Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də yeni layihələrini uğurla davam etdirir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək Cənub Qaz Dəhlizi layihəsi bu sıradandır.
Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Bu layihələrin həyata keçirilməsində “Şahdəniz” yatağının əhəmiyyəti olduqca böyükdür. Sözügedən yataq uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub.
Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdır.
Hələ 1999-cu ilin iyul ayında Ümummilli lider Heydər Əliyev yataqda əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxışı zamanı “Şahdəniz” yatağını dünya əhəmiyyətli yataq adlandıraraq onun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bəyan etmişdi: “Biz “Şahdəniz” yatağının potensialını bilirdik. Ona görə də bu yatağın əsasında müqavilə imzalamışdıq və bilirdik ki, bundan yaxşı nəticələr əldə edəcəyik. Onlar hamısı proqnozlar idi. Amma indi görünür ki, bu proqnozlar əsaslı olub, düz olubdur. Bu, Azərbaycan neftçilərinin, alimlərinin, Azərbaycan geoloqlarının nə qədər yüksək səviyyəli biliyə malik olduqlarını göstərir ki, belə bir şəraitdə proqnoz verirlər və bu proqnoz da artıqlaması ilə təsdiq olunur”.
“Şahdəniz” yatağının təsdiqlənmiş ehtiyatı 1 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir. Bu da Azərbaycanın qaz potensialının təxminən 50 faizini təşkil edir. “Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısına çevrilməklə yanaşı, ölkə sənayesinin qazlaşdırılması üçün də imkan yarandı.
Ötən müddətdə Azərbaycan metanol, karbomid, eləcə də bir sıra qaz-kimya zavodları kimi sənayedə əlavə dəyər yaradan sahələr əldə etdi. Bu gün ölkəmiz “Şahdəniz” qazının ixracı üçün dünyanın ən uzun enerji dəhlizinə malikdir. Belə ki, hazırda 3500 kilometrlik Cənub Qaz Dəhlizi Bakıdan İtaliyaya qədər uzanmaqla Azərbaycanı birbaşa olaraq Avropa İttifaqı ilə bağlayır. Bu da ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini xeyli gücləndirir.