Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 2023-cü ildə respublikamızın nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 min 387 ədəd təşkil edib.
Məlumata görə, 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9 min 551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 min 366 olub.
Qeyd edilib ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə yük avtonəqliyyat vasitələrinin, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilib. Belə ki, xarici ölkə nəqliyyat vasitələri ilə Azərbaycan ərazisindən 2021-ci ildə 85 min 293 ədəd tranzit daşıma reallaşdırılmışdısa, 2022-ci ildə 176 min 789, 2023-cü ildə isə 229 min 756 ədəd tranzit daşıma həyata keçirilib.
Beləliklə, son üç ildə avtomobil nəqliyyatı ilə Azərbaycandan üzərindən həyata keçirilən tranzit yük daşımalarının cəmi sayı 2021-ci ildə 94 min 844, 2022-ci ildə 200 min 155, 2023-cü ildə isə 26 min 6143 olub. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə artıb.
XQ