COP29 Sədrliyi müraciətlərin qəbuluna başlayıb

post-img

COP29 Azərbaycan Əməliyyat Şirkəti 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlayıb.

Bu barədə COP29 Azərbaycan Əmə­liyyat Şirkətindən məlumat verilib.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda ke­çiriləcək. Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olan tərəf­lərin – 197 üzv dövlət və Avropa İttifaqı olmaqla, 198 nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkili vacib əhəmiyyət kəsb edir. 

Əməliyyat Şirkəti konfrans məkanının “Göy zona”sında yer alan ölkə pavilyonla­rının qurulması üzrə ilkin müraciətlə çıxış edən maraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu və tərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xid­mət edən müvafiq proseduru artıq hazır­layıb beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edib.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəf­daş seçilib. Ölkələrin iştirakını asanlaş­dırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilib. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların “Göy zona”da iştirakçı­lığı ərəfəsində bütün zəruri əlavə xidmət­ləri seçməyə imkan verir.

Xatırladaq ki, bu ilin noyabr ayında Bakı Olimpiya Stadionu COP29 konfran­sı və eləcə də “Yaşıl zona” proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə stadio­nun ərazisini COP29-un “Göy” və “Yaşıl zona”larına ayıran müfəssəl plan tamam­lanma mərhələsindədir.

XQ

İqtisadiyyat