Bakı Beynəlxalq Dəniz Limanı – Şərqdən Qərbə su qapısı

post-img

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat inzibatçısı Yucin Si “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə limanın baş əməliyyat inzibatçısı Yucin Si çıxışında təmsil etdiyi qurumun tam gücü ilə fəaliyyət göstərdiyini bildirərək bu infrastrukturun inşasının birinci mərhələsinin 2018-ci ildə yekunlaşdığını və bununla da onun yükaşırma həcminin illik 15 milyon tona çatdırıldığını vurğulayıb. O, eyni zamanda, limanın ikinci fazasının baş planının hazırlanmasının artıq başa çatdırıldığını və bu mərhələdə infrastrukturun ümumi yükaşırma gücünün 15 milyon tondan 25 milyon tonadək artacağını qeyd edib. 

Xatırladaq ki, 2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın­da, təxminən, 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 16 faiz çoxdur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliy­yat qovşaqlarının kəsişməsində yer­ləşən, yüksək texniki imkanlara ma­lik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və "yaşıl həllər” tətbiq olun­duğu infrastrukturun yükaşırma həc­mi hər il artır. Eyni zamanda, dünya­da formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil hesabı­na ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanı­na cəlb edilən yükün həcmi sürətlə çoxalır.

Tədbirdə çıxış edən Çin Bey­nəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin elmi işçisi Kanq Cie bildirib ki, Orta Dəhliz təkcə Qərb və Şərq marşrutlarını deyil, eyni zaman­da Şimal və Cənub dəhlizlərini də bir­ləşdirir. Onun sözlərinə görə, bu la­yihə ölkələri zəiflətməyə yox, əksinə, regional əməkdaşlığı gücləndirməyə xidmət edir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və “Bir kəmər bir yol” layihəsi Qərb ölkələrində yeni sənayeləşmə növlərinin axtarıb tap­mağa kömək göstərir. Bu, həm də Azərbaycan tərəfindən yeni fiberop­tik xətlərin Transxəzər ölkələrinə çə­kilməsinə əlverişli şərait yaradır. Bu xətlərin çəkilməsi isə Azərbaycanda kifayət qədər rəqəmsal infrastruktu­run qurulmasını və bununla ölkəmi­zin mühüm məlumat mərkəzinə çev­rilməsini şərtləndirir. 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənlinin sözlərinə görə, cari ilin ikinci yarısında infrastruktur­da konteyner terminalının tikintisinə başlanacaq və bu qovşaq Bakı və Tblisi limanları arasında müəyyən­ləşdirilən dövrlərdə konteyner da­şınmasına imkan yaradacaq. Bu, konteynerlərin sayının artmasına da kömək edəcək.

X.Həsənli daha sonra qeyd edib ki, Orta Dəhlizin inkişafı üçün, ilk növbədə, infrastruktur imkanları­nı təkmilləşdirməliyik. Əks halda, rəqəmsallaşma və aparılan digər tək­milləşdirmə layihələri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Təbii ki, Bakı Limanı da infrastruktur imkanlarının təkmilləşdi­rilməsi ilə fəaliyyətini daha da geniş­ləndirəcək və konteyner daşımaları sürətlə artacaq. 

Artan yük həcmləri nəzərə alın­maqla hazırda ölkəmizin təşəbbüsü ilə Bakı Tblisi-Qars dəmir yolunun ötürücülük imkanlarının genişləndir­lməsinə də start verilib. Ümumiy­yətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Bu­radan aşırılan yükləri, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub marşrut­larına da istiqamətləndirmək müm­kündür. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıni­ya və Polşa qoşulub. 

Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüs­tan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. 2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur.

Ticarət Limanı 1902-ci ildən fəa­liyyət göstərən Bakı Limanının ba­zasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edib. Liman ilk vaxtlarda yük, neft və bərə terminallarından ibarət olub. 

Dəniz ticarəti imkanlarından fay­dalanmaq üçün bir sıra dünya ölkələ­rində liman qovşağının yaradılması­na investisiya qoyulur. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək ol­ması da vacib məsələlərdən biridir.

Hazırda “Azərbaycan Xəzər Də­niz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ix­tisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmasının tərkibində 50-dən çox gəmi, o cümlədən 20 tanker, 13 gə­mi-bərə, 15 universal quru yük gə­misi, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmi var. İxtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir.

Azərbaycanda Xəzər dənizi ilə yükdaşımaların sürətləndirilməsi və yüklərin həcminin artırılması məqsə­dilə gəmilər mütəmadi təmir edilir, donanma yeni gəmilərlə təchiz olu­nur. Məhz bütün bunların nəticəsidir ki, 2023-cü ildə dəniz nəqliyyatı ilə 1 milyard 800 milyon ABŞ dolları dəyə­rində 2 milyon 500 min ton yük daşı­nıb və bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 38,5 faiz və 2,5 dəfə çoxdur.

Hesabat ilində dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi isə 74 min 140 ton (33,9 faiz artım), dəyəri 168 milyon 460 min ABŞ dolları (2,8 dəfə çox), idxal olunan yüklərin həc­mi 2 milyon 351 min ton (2,6 dəfə çox), dəyəri isə 1 milyard 610 milyon ABŞ dolları (35,7 faiz artım) təşkil edib.

Dünyada baş verən proseslər səbəbindən bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm ge­ostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan res­publikamız sözügedən infrastruktur açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələ­sinə qədəm qoyub. “Bir kəmər, bir yol” meqalayihənin əsas qollarından olan Bakı Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı müna­sibətlərin inkişafına çox böyük təsir göstərib. 

XQ

İqtisadiyyat