“Abşeron” – Xəzərin mavi sərvət yatağı

post-img

Ötən 9 ayda buradan 1,2 milyard kubmetr qaz çıxarılıb 

“Abşeron” qaz-kondensat yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilat uğurla davam etdirilir. Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar–mart aylarında sözügedən yataqdan 400 milyon kubmetr qaz hasil olunub. 

“Abşeron” qaz-kondensat yatağı ötən ilin iyulunda istismara verilib. Hə­min ayın 10-da “TotalEnergies” və Azər­baycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənmə­sinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər. Ötən 9 ay müddətində JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti tərə­findən buradan 1,2 milyard kubmetr təbii qaz və 440 min ton kondensat çıxarılıb. 

Qeyd edək ki, “Abşeron” yatağının birinci işlənmə çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub. İlkin mərhələdə bura­dan ildə, təxminən, 1,5 milyard kubmetr qaz hasil edilməlidir. Bu da Azərbay­canın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiy­yətli töhfə verəcək. Gələcəkdə yataq­dan hasilatın dörd dəfəyədək artırılması planlaşdırılır. Bu isə “Abşeron” yatağının növbəti işlənmə mərhələsi çərçivəsində mümkün olacaq. Xatırladaq ki, yatağın tammiqyaslı işlənmə mərhələsi ilə bağ­lı yekun investisiya qərarının 2024-cü ilin sonunadək qəbul edilməsi nəzərdə tutulur. Hazırda layihənin iştirakçıları olan SOCAR, “TotalEnergies” və “AD­NOC” şirkətləri yekun investisiya qəra­rı ilə bağlı məsləhətlər keçirirlər. Yekun investisiya qərarının nəzərdə tutulmuş vaxtda qəbul edilməsi “Abşeron” yatağı­nın tammiqyaslı işlənilməsi çərçivəsində ilk qazın 2028-ci ildə əldə olunmasına imkan yaradacaq. Bu mərhələ çərçivə­sində yataqdan ildə 5-6 milyard kubmetr qazın çıxarılması nəzərdə tutur. Yeri gəlmişkən, ikinci mərhələ çərçivəsində çıxarılacaq qazın xarici bazarlarda satıl­ması planlaşdırılır. 

Xatırladaq ki, “Abşeron” qaz-kon­densat yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. Həmin dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin də­rinliklərində qazma işlərinə imkan ver­mədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşe­ron” yatağı üzrə hasilatın pay bölgü­sünə dair birinci beynəlxalq saziş im­zalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bunun­la belə, Azərbaycan geoloqları, Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı əvvəlki fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatları­nın olmasını ehtimal edirdilər. 

Məhz bunun nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Total” şirkəti arasında “Abşeron” yatağının işlənil­məsi ilə bağlı yeni müqavilə imzalanıb. Sazişin 30 il müddətinə həyata keçiril­məsi nəzərdə tutulur. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joi­ned Operating Company Absheron Pet­roleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “To­tal E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. 

750 kvadratkilometrə yaxın ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”­da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib. 2020-ci il sentyabrın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində tikin­ti-quraşdırma işlərinin təməli qoyulub. Ötən müddətdə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən “Abşeron”da hasilata başlamaq üçün dörd əsas dayaq bloku və digər sualtı qurğular tikilib. Tikinti la­yihəsi çərçivəsində ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklar, körpülər, estakadalar, məşəl sis­temi, sualtı qurğular, boru xətti və mo­dullar inşa edilərək müqavilə sahəsində quraşdırılıb. 

2023-cü ilin ilin yayında ilkin hasi­lata başlanıldığından bir qədər sonra isə “Abşeron” layihəsi ilə bağlı daha bir əlamətdar hadisə baş verib. Belə ki, avqust ayının 4-də SOCAR, “Tota­lEnergies” və ADNOC (Birləşmiş Ərəb Əmirlikləri) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik işti­rak payının satışına dair saziş imzala­nıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-konden­sat yatağında həmin paya sahib olub. Yerdə qalan iştirak payı isə hər biri 35 faiz olmaqla SOCAR və “TotalEnergies” şirkətləri arasında bölünüb. 

Xəzər dənizində, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan cə­nub-qərbdə, dənizin 500 metr dərin­liyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həc­mində qiymətləndirilir. Yeri gəlmişkən, Xəzər dənizində “Şahdəniz”dən sonra ikinci ən böyük qaz yatağı sayılan “Ab­şeron”un karbohidrogenlərlə zənginliyi artıq beynəlxalq səviyyədə də qəbul olu­nur. Bu fakt OPEC-in və “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabat­larında da əksini tapıb. “Fitch Ratings”in ötən ilin oktyabrında yaydığı məlumat­da “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğu və onun işə salınması ilə SOCAR-ın biznes pro­filinin yaxşılaşdığı bildirilir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat