Ölkədə məhsul bolluğuna nail olunması əkin sahələrinin genişləndirilməsi və bitkilərə düzgün aqrotexniki qulluğun göstərilməsindən çox asılıdır. Bu məqsədlə ilin əvvəlindən başlayaraq sahələrdə kifayət qədər dənli və dənli paxlalı bitkilər, şəkər çuğunduru, kartof, tərəvəz və bostan bitkiləri əkilib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında ölkə üzrə cari ilin məhsulu üçün 64 min 108,8 hektar sahədə yazlıq səpin aparılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 min 445,4 hektar və ya 17,3 faiz çoxdur.
Cari ilin ilk iki ayında ölkə üzrə 11 min 672,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) əkilib. Bu isə ötən ilin müvafiq dövrünün səviyyəsini 3 min 99,4 hektar və ya 36,2 faiz üstələyib. Hesabat dövründə 163,6 hektar sahədə buğda, 4 min 135,6 hektar sahədə isə vələmir əkilib. Bununla belə, qış ayları qarğıdalı və günəbaxan səpini üçün münasib olmadığından bu sahədə əkin aparılmayıb. Yanvar-fevral aylarında cari ilin məhsulu üçün 206 hektar şəkər çuğunduru, 11 min 772 hektar kartof və 13 min 361 hektar bostan bitkiləri əkilib.
Ötən ilin ilk iki ayı ilə müqayisədə şəkər çuğunduru və kartof əkinində azalma qeydə alınsa da, tərəvəz və bostan bitkilərinin əkini müvafiq olaraq 22,6 faiz və 27,3 faiz artıb. Belə ki, hesabat dövründə ölkə üzrə 13 min 561 hektar sahədə tərəvəz və 55 hektar sahədə bostan bitkiləri əkilib ki, bu da 2023-cü ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq 2 min 561 hektar və 12 hektar çoxdur. Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında 3 min 201 hektar sahədə birillik otlar, keçən ilin payızlıq əkini də daxil olmaqla 23 min 639 hektara yaxın sahədə isə çoxillik otlar əkilib. Xatırladaq ki, birillk otların əkini əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 dəfə çox olub. Bu da öz növbəsində heyvandarlığın yem bazası üçün mühüm təminat deməkdir.
Yazlıq bitkilərin bölgələr üzrə əkininə gəldikdə isə, bu sahədə ən böyük artım Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Belə ki, yanvar-fevral aylarında adıçəkilən iqtisadi rayon üzrə 13 min 134,6 hektar sahədə əkin aparılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 min 61,8 hektar və ya 62,7 faiz artım deməkdir. Hesabat dövründə Lənkəran-Astara, Şirvan-Salyan və Mərkəzi Aran iqtisadi rayonlarında da yazlıq bitkilərin əkinində artım baş verib.
Yanvar-fevral aylarında dənli və dənli paxlalı bitkilərin əkini üzrə ən yüksək artım Qazax-Tovuz iqtisadi rayonunda müşahidə olunub. Belə ki, hesabat dövründə sözügedən iqtisadi rayon üzrə 130 hektar sahədə əkin aparılıb ki, bu da əvvəlki ilin eyni dövründəkindən 21,7 dəfə çoxdur. Bununla yanaşı, ilin ilk iki ayı ərzində Şirvan-Salyan, Şəki-Zaqatala, Lənkəran-Astara və Dağlıq Şirvan iqtisadi rayonlarında, habelə Naxçıvan Muxtar Respublikasında da dənli və dənli paxlalı bitkilərin əkinində artım baş verib.
2024-cü ilin yanvar-fevral aylarında ölkə üzrə 206 hektar sahədə şəkər çuğunduru əkilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən az olsa da, Şirvan-Salyan iqtisadi rayonunda sözügedən bitkinin əkinində müsbət nəticə (206 hektar) əldə olunub.
Həmçinin cari ilin ilk iki ayında ölkə üzrə kartof əkinində azalma qeydə alınsa da, Mil-Muğan, Şərqi Zəngəzur və Dağlıq Şirvan iqtisadi rayonlarında kartof sahələri xeyli genişləndirilib. Bu sahədə ən yüksək artım isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, hesabat dövründə muxtar respublikanın fermerləri tərəfindən 78,5 hektar sahədə kartof əkilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,5 hektar və ya 2,7 dəfə çoxdur.
Qeyd etdiyimiz kimi, hesabat dövründə ölkədə tərəvəz əkinlərinin sahəsi ötən ilin eyni dövrünə nisbətən xeyli artıb. Bu sahədə ən yüksək artım Qarabağ iqtisadi rayonunda müşahidə edilib. Yanvar-fevral aylarında adı çəkilən iqtisadi rayon üzrə 4 min 514,8 hektar sahədə tərəvəz əkilib. Bu isə ötən ilin eyni dövründəkindən 2,1 dəfə artıqdır. Bununla yanaşı, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarının fermerləri də tərəvəz sahələrini xeyli genişləndirməyə nail olublar.
Göründüyü kimi, ölkə əhalisinin yarısından çoxunun yaşadığı regionlarda sosial-iqtisadi inkişafa dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin iqtisadi səmərəsi getdikcə artır. Ötən 20 ildən artıq müddətdə reallaşdırılan dövlət proqramları aqrar sektorda böyük canlanmaya səbəb olub. Bütövlükdə isə, son illər ölkə üzrə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısının nəticəsi olaraq bölgələrdə aqrar sahə ilə məşğul olan fermerlərə hərtərəfli yardımlar edilir. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlərdəndir. Bununla yanaşı, mühüm növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən subsidiyalar, bir sıra vergi güzəştləri, fermerlərin texnikaya, maşın və mexanizmlərə əlçatanlığının təmin edilməsi, eləcə də ölkədə aqrar sığorta mexanizminin işə düşməsi də əkin sahələrinin genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu sahədə artım ildən-ilə daha da yüksələcək.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ənənəvi təsərrüfatçılıqdan bazaryönümlü əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi hesabına rəqabətqabiliyyətli aqrobiznesi formalaşdırmağı nəzərdə tutur.
Yeri gəlmişkən, bu yaxınlarda ölkədə bəzi mövsümi kənd təsərrüfatı məhsullarının yığımına başlanılacaq. Əkin sahələrinin genişləndirilməsi və lazımi aqrotexniki tədbirlərin aparılması isə onu deməyə əsas verir ki, dükan-bazarlarda kartof və tərəvəz məhsulları bol olacaq. Növbəti aylarda isə digər kənd təsərrüfatı məhsullarının, o cümlədən dənli və dənli paxlalıların da yığımına başlanılacaq. Son zamanlar havaların nisbətən yağmurlu və mülayim keçməsi sahələrdə bol məhsulun yetişməsi üçün zəmin yardaır. Bu isə həm fermerlər, həm də alıcılar üçün müsbət haldır.
Mirbağır YAQUBZADƏ
XQ