COP29-un prezidenti Muxtar Babayev “The Guardian” nəşrinə müsahibə verib

post-img

COP29-un prezidenti kimi mən 1,5 dərəcə Selsi temperatur hədəfinə nail olmaq üçün fərqli şimal və cənub arasında körpülər quracağam. Eyni zamanda, məqsədlərimizə nail olmaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında etimadın bərpası vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Britaniyanın nüfuzlu “The Guardian” nəşrinə müsahibəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev söyləyib.

Qəzetin sualını cavablandıran M.Babayev qeyd edib ki, 2023-cü ildə həm elektrik nəqliyyat vasitələrinin istifadəsi, həm də dünya üzrə kömürdən elektrik enerjisi istehsalı yeni zirvələrə çatıb. Elektirk enerjisinə artan tələbat, Avropada və Yaxın Şərqdə tədarük zəncirini pozan münaqişələr də öz rolunu oynayıb. Lakin bu, 1,5 dərəcə Selsi temperaturla bağlı öhdəliklərin yerinə yetirilməsi üçün təmiz enerji istehlakı və istehsalına keçidin mexanizmlərini tapmaq zərurətini də yaradıb.

M.Babayevin sözlərinə görə, bu proses məhz Azərbaycanda keçiriləcək COP29 konfransında başlaya bilər. COP29-un prezidenti vurğulayıb ki, bu kontekstdə sənayeləşmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpünün yaradılması da vacibdir. Bu isə o deməkdir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da qlobal şimal və qlobal cənubun fərqli istəklərini birləşdirən körpü yaradılmalıdır.

Ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə toxunan M.Babayev qeyd edib ki, Azərbaycan istixana qazlarının emissiyasını azaltmaq üçün Qlobal Metan Əhdinə qoşulur. O, azad olunmuş və minalardan təmizlənmiş ərazilərdə təmiz enerji istehsalı istiqamətində görülən işlərdən də bəhs edib. Nazir vurğulayıb ki, gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi vasitəsilə qonşularımıza və Avropa İttifaqına elektrik enerjisi ixrac ediləcək. Onun sözlərinə görə, qarşıdakı COP29 konfransı iqlim probleminin miqyasını və aktuallığını əks etdirməlidir. Eyni zamanda, ən çox ehtiyacı olan ölkələr üçün lazım olan maliyyə vəsaitlərinin tez bir zamanda ayrılması təmin olunmalıdır.

M.Babayev sonda deyib: “Bu məqsədlərə nail olunacağına şübhə edənlər Azərbaycanın COP29-u qəbul etməsi şərtlərinə nəzər salsın. Bu, ona görə baş verdi ki, ötən ilin dekabrında 30 illik tarixi olan bir neçə hərbi qarşıdurmadan sonra Azərbaycan və qonşumuz Ermənistan ölkələrimiz arasında etimadın yaradılması istiqamətində real addımlar atdılar. Xoşməramlı jest olaraq, Azərbaycan Şərqi Avropa regional qrupuna üzv olmaq üçün Ermənistanın namizədliyini dəstəklədi, Ermənistan isə Azərbaycanın təklifini dəstəkləyərək, COP29 iqlim konfransına ev sahibliyi etmək üzrə öz namizədliyini geri götürdü”.

İqtisadiyyat