“Karbon təhlükəsi” dünyanı birləşdirir

post-img

Enerjiyə tələbatın artmasına baxmayaraq, təmiz enerji texno­logiyalarının tədbiqi dünyada mə­dən yanacağından istifadənin art­masının qarşısını almağa kömək edib.

Bu barədə Beynəlxalq Enerji Agentli­yi (BEA) məlumat yayıb. Bildirilib ki, əgər təmiz enerji texnologiyaları olmasaydı, o halda qlobal karbon qazı tullantıları son 5 ildə 3 dəfə çox olardı. BEA-nın təhlilinə əsasən, ötən il qlobal karbon qazı tullan­tılarının yenə də rekord həddə çatmasına baxmayaraq, ekoloji təmiz mənbələrin artması energetika ilə bağlı tullantıların “struktur ləngiməsi”nə gətirib çıxarıb.

Sözügedən məlumatda, həmçinin qeyd edilib ki, hətta enerjiyə tələbatın artmasına baxmayaraq, günəş, külək və nüvə enerjisindən geniş istifadə dünyaya ötən il mədən yanacağı asılılığını daha çox azaltmağa kömək edib. 2023-cü ildə hər 5 yeni avtomobilin payına düşəcək elektromobillər neftə tələbatın pandemi­yaya qədərki səviyyəni üstələməməsində öz rolunu oynayıb.

Stimullaşdırıcı tədbirlər sayəsində Azərbaycanda da elektrik mühərrikli av­tomobillərin idxalında əhəmiyyətli artım müşahidə edilir. Belə ki, keçən il ölkə­mizə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal olunub.

*** 

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi “X” sosial şəbəkə paylaşımında de­yib. “Mən Azərbaycanın qlobal istiləşmə­nin tempini azaltmaq və temperatur artı­mının 1,5 dərəcə səviyyəsində saxlamaq üçün “Qlobal metan vədi”ni imzalamasını alqışlayıram. Ölkəmizin bu təşəbbüsə qoşulması metan emissiyalarının kəskin şəkildə azaldılması üzrə qlobal səylərə mühüm təkan verir və iqlim böhranına qarşı mübarizədə ABŞ və digər tərəf­daşlarla əməkdaşlıq üçün yeni platforma yaradır”.

Xatırladaq ki, martın 4-də Azərbaycan qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzə­rinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal metan vədi”nə təşəbbüsünə qo­şulduğunu elan edib. Bu təşəbbüs çərçi­vəsində Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa ha­zır olduğu bildirilir.

“Qlobal metan vədi” 2021-ci ildə Bir­ləşmiş Krallığın Qlazqo şəhərində keçiril­miş COP26 İqlim Dəyişikliyi Konfransın­da ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. Bundan məqsəd isə 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə, ümumilikdə, 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsi­nin, təxminən, yarısı bu ölkələrin payına düşür.

XQ

İqtisadiyyat