ADRA-nın müfəttişlərinin sahibkarlarla ünsiyyəti video və audioqeydiyyata alınacaq

post-img

Fəaliyyətdə şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarının sahibkarlarla ünsiyyəti qabaqcıl texnoloji avadanlıqların tətbiqi ilə həyata keçiriləcək.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, agentlik yeni avadanlıqlar əldə edib və yaxın günlərdə sistemin qurulması yekunlaşacaq. Sahibkarlarla ünsiyyətin qeydə alınması prosesi onların bu barədə məlumatlandırılmasından sonra həyata keçiriləcək. Xüsusi kodlaşdırma istifadə edildiyindən yeni nəsil qurğuların qeydə aldığı audio və videomateriallara müdaxilə etmək imkanı sıfıra bərabərdir. Bu, ADRA-nın əməkdaşlarının fəaliyyətində tam şəffaflığın təmin edilməsi ilə yanaşı daha operativ tənzimləmə sisteminin yaradılmasına, prosesin onlayn izlənilməsinə, sahibkarın məmnunluğunun ölçülməsinə, ünsiyyət zamanı onu maraqlandıran sualların dərhal cavablandırılmasına şərait yaradacaq. Yeni sistemin tətbiqi nəticəsində əməkdaşların fəaliyyətinin dəqiq qiymətləndirilməsi də həyata keçiriləcək. Onların gün ərzində neçə sahibkarla ünsiyyətdə olduğu, davranış mədəniyyəti və əldə edilən nəticələr haqda statistik hesabatlar hazırlanacaq.





İqtisadiyyat