Daha bir blok qatarı Bakı Limanına çatıb

post-img

Çinin Sian şəhərindən yola çıxan növbəti blok qatar fevralın 1-də Bakı Limanına çatıb. Bu barədə Bakı Dəniz Ticarəti Limanından məlumat verilib. 

Bildirilib ki, 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatar Qazaxıstanın Aktau limanından “Sunkar” fider gəmisi (konteynerdaşıyan) vasitəsilə Bakı Limanına çatdırılıb. Hazırda yüklərin limanda operativ formada boşaldılaraq vaqonlara yüklənməsi əməliyyatı icra edilir və prosesin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycandan tranzit keçidi nəzərdə tutulan bu blok qatarda minik avtomobilləri, ağır tonnajlı texnikaların hissələri və digər qeyri-qida məhsulları daşınır. Yüklər Gürcüstanın Poti limanına çatdırılacaq.

Ümumilikdə isə, bu il ərzində Çinin təkcə Sian stansiyasından göndəriləcək 100 blok qatarın Bakı Limanından keçərək son təyinat nöqtəsinə göndərilməsi nəzərdə tutulur.

XQ

İqtisadiyyat