Son illərdə qlobal dünyada, o cümlədən Cənubi Qafqazda və vətənim Azərbaycanda böyük dəyişikliklər baş verir. Müzəffər Azərbaycan Ordusu 200 illik tariximizdə ilk dəfə işğal olunmuş torpaqlarımızı geri qaytardı və 30 illik erməni işğalına son qoydu. Böyük zəfərin başlanğıcı olan 2016-cı ilin aprel döyüşləri, sonra zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi, nəhayət Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etdi.
Geriyə baxanda bu nümunə nə possovet məkanında, nə də dünyada görünməyib. Nə Sudanda və Ukraynada, nə Moldovada və Gürcüstanda, nə də İndoneziyada (Şərqi Timor) işğal olunmuş torpaqlar geri qaytarılmayıb. Şərqi Prussiyadan, SSRİ vaxtında Rusiyanın əlində olan Kuril və Saxalin adalarından danışmaq belə istəmirəm. Yaponiyanın səyləri hələ də davam edir.
İndi Qarabağda-azad edilmiş torpaqlarda yeni həyat başlayır, məcburi köçə məruz qalanlar öz evlərinə qayıdırlar. Vətəndaşlarımız hər şeyin daha yaxşı olacağı ümidi ilə ata-baba yurdlarında yenidən məskunlaşırlar. Ancaq bunlar bəzi imperiya güclərini və onların əlaltılarını çox narahat edir. Azərbaycana qarşı aparılan siyasi oyunlar, ikili standartlar bunun təsdiqidir. 1993-cü ildən bəri ölkəmizə qarşı baş verən ədalətsisliklərə etirazlarını bildirməyən ABŞ və Aİ ölkələri indi bizə qarşı müharibə elan ediblər. Bu Azərbaycan Ordusunun 2020-ci ildə başlayan və 2023-cü ildə başa çatan qlobal zəfər yürüşünü pozmaq, demokratik həyatımızın bütün sahələrində keçirilən islahatları dayandırmaq cəhdidir. Ən son nümunə faktı Azərbaycanın AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə qarşı qərarları ilə bir daha təsdiq olundu.
Azərbaycanın mövqeyi, müstəqil xarici siyasəti bir çox Avropa ölkələrini, xüsusən də Fransa və Almaniyanı qane etmir, bu da bizə “cəza” kimi qayıdır. Qoy olsun. Amma bu siyasi akrobatika onlara bizdən çox zərbə vurur. Ölkəmizin inkişafı üçün heç kimdən kömək gözləmədiyimiz kimi, heç kimə də möhtac deyilik. Üzdəniraq qonşularımız kimi əl açıb nə sədəqə dilənirik, nə də bir köməyə ehtiyac duymuruq. Əslində ikili standartlara çoxdan öyrəşmişik. Amma bəzən dünyada baş verən haqsızlıqlara baş əymək də olmur….
Bəs AŞPA-da Azərbaycana qarşı qanun layihəsinin səsverməsində iştirak etməyən, nə də mənəvi dəstək verməyən, amma separatizmdən əziyyət çəkən dövlətlər (Gürcüstan, Moldova və Ukrayna) niyə bizi məyus etdilər?! Ən acınacaqlısı isə odur ki, Türkiyədən olan millət vəkili Berdan Öztürk Azərbaycanın əleyhinə danışdı və səs verdi. Bu millət vəkili kimdir və hansı partiyadan və ya qrupdan seçilib? Berdan Öztürk bütün dünyada separatçı və terror təşkilatı kimi tanınan və qeydiyyata alınan qanlı PKK-nın siyasi qanadı sayılan, adını daim dəyişən DEM-dən (Xalqların Bərabərlik və Demokratiya Partiyası) millət vəkilidir. Çox maraqlıdır ki, Avropa parlamentariləri öz ölkələrində hər cür ayrıçılıq və separatizmə (İspaniyadakı ETA təşkilatı, Bask və Kataloniya bölgələrində separatçı hərəkatlar, Fransanın Korsika Milli Azadlıq Cəbhəsi və digər xaricdəki müstəmləkələrə qarşı amansız mübarizəsi, İngiltərədə Böyük Britaniyadan ayrılmağı və İrlandiya Respublikası ilə birləşməyi müdafiə edən Sinn Fein partiyası və s.) qarşı çox sərt reaksiya verirlər. Amma Türkiyə və ya Azərbaycana gələndə demokratiyanın müdafiəçləri kimi görünürlər və bizə məsləhətlər verirlər.
Deməli, tipik səlib yürüşü mentaliteti və ikili standartlar məntiqi burada özünü təsdiqləyir. Əgər cənab Berdan Öztürk bu ölkələrinin birində yaşasaydı və separatçı hərəkatları və terroru dəstəkləsəydi, nə parlamentə seçilərdi, nə də AŞPA-da olardı. Berdan Öztürk hüquqşünasdır, xaricdə təhsil almış separatçı kürd millətçisi və PKK-nın əmrlərini ciddi şəkildə yerinə yetirən Ağrı millət vəkilidir. O, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvüdür və NATO Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunur. “Demokratik” Avropada belə bir şey təsəvvür edilə bilərmi? Cənab B.Öztürkün rekordu da bəzi neqativlərlə doludur. Onun barəsində 2016-cı ildə 5 PKK yaraqlısının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək istintaq başladılıb. O, 2019-cu ildən Türkiyə ordusunun Suriyada PKK terroruna qarşı keçirdiyi “Barış pınarı” əməliyyatı ilə bağlı verdiyi açıqlamalarda terror təbliğatına görə istintaqa cəlb edilib. 2021-ci ildə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Konstitusiya Məhkəməsində ona və digər 686 HDP siyasətçisinə 5 il siyasi fəaliyyət qadağası tələbi ilə iddia qaldırıb.
Azərbaycan və Türkiyə əleyhinə hesabatlarda PKK liderinə azadlıq tələb edən millət vəkili Berdan Öztürkün imzası və “hə” səsi də bu baxımdan diqqət çəkib. Berdan Öztürkün AŞPA-da silsilə qalmaqalları bununla bitməyib. Strasburqda keçirilən sessiyada Türkiyəni işgəncələrə görə ittiham edən daha bir hesabat səsverməyə çıxarılıb. Bu hesabatda Türkiyə ilə yanaşı Azərbaycan da ittiham olunur. Berdan Öztürk Türkiyə və Azərbaycanı “işgəncə verən ölkələr” elan edən hesabata da “hə” deyib.
Hesabatda İmralıda PKK lideri Abdullah Öcalana da istinadlar yer alıb. Türkiyə PKK liderinə, Azərbaycan isə işğaldan azad etdiyi Qarabağda erməni terrorçularına verilən işgəncələrdə ittiham olunub. Berdan Öztürk Türkiyə və Azərbaycan əleyhinə hesabatlara “hə” deyə səs verdikdən sonra söz alaraq, həbsxanalarında işgəncə, pis rəftarın yayıldığını, “Türkiyədə sistematik işgəncə var, mən ölkəmdəki işgəncə və pis rəftarın xülasəsini vermək istərdim”-deyib.
Berdan Öztürk daha sonra əli qan içində olan və minlərlə dinc sakinin öldürülməsinə rəhbərlik edən PKK lideri Öcalana azadlıq tələb edib. İndi əgər azadlıq və demokratiyanın elçiləri olan Qərb ölkələri bütün bunlara məhəl qoymurlarsa və heç bir rəsmi sübut olmadan Azərbaycanı və qardaş Türkiyəni günahlandırırlarsa, o zaman onların verdikləri bu kimi qərarlar etibarsız olmalıdır. Bunu dəstəkləyənlər isə ümid edirəm ki, tarixin siyasət zibilliklərində öz layiqli yerlərini alacaqlar.
Nəhayət, bir şeyi də unutmaq olmaz. Bu il dünyada çoxsaylı seçkilər ilidir. ABŞ və bəzi Qərb ölkələri, Rusiya, eləcə də Azərbaycan böyük seçkilər qarşısındadır. Bu dünya siyasətinin gedişatını, coğrafiyamızda baş verənləri formalaşdıran hadisələrdir. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək seçkilər dinc və tam demokratiya bayramı olacaq, istər Azərbaycanda olsun, istərsə də dünyanın hər yerinə səpələnmiş Azərbaycan vətəndaşları bu seçkilərdə sağlam düşüncə ilə iştirak edəcək, düşünülmüş və düzgün qərar verəcəklər. Heç şübhə etmirəm ki, bu nümunəvi seçki marafonunda Azərbaycan xalqı Azərbaycanı uğurlu gələcəyə aparan müzəffər prezidentinı seşəcək. İndiki zamanda bu çox vacibdir. Bu həm də Azərbaycana və Türkiyəyə, o cümlədən Türk dünyasına qarşı birləşənlərə layiqli çavab olacaq.
Əmirulla Məmmədov,
Türkiyənin Bilkənt Universitetinin professoru,
Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Qəyumlar Şurasının və İdarə Heyətinin üzvü.