“Çovdar” qızıl yatağının ehtiyatları artırılıb

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ötən il “Çovdar” qızıl yatağının ehtiyatlarının artırılması və istismar müddətinin uzadılması istiqamətində səmərəli fəaliyyət göstərib.  

Qeyd edək ki, QSC tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə “Çovdar”ın  satılması mümkün olan  qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar tədbirləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat layihələrinin icrası nəticəsində həmin göstərici 535 min unsiyaya çatdırılıb. 

Həmçinin, QSC-nin geoloqlarının kəşf etdikləri “Ağyoxuş” və “Mərəh” qızıl yataqları, eləcə də SSRİ dövründə üzə çıxarılan, müasir dönəmdə isə geniş tədqiq edilən “Tülallar” qızıl yatağı hesabına bu cür ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi qızıl ehtiyatının  4 dəfədən çox artırılmasına nail olunub.

Sözügedən cinah yataqları resurslarının istismarı hazırda “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. ÇİRES “Çovdar” Filiz Emalı Sahəsinin bazasında 2020-ci ildə yaradılıb. Məqsəd emal prosesində mövcud maddi-texniki bazadan mərkəzləşdirilmiş qaydada istifadə edilməsidir. Bununla müstəqil şəkildə səmərəsizlik riski daşıyan cinah yataqların iqtisadi səmərəliliyi təmin edilir.

2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlardan əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub. Yaxın perspektivdə isə regionda yeni cinah yataqların kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılması hədəf olaraq qarşıya qoyulub.

XQ

 

İqtisadiyyat