Azərbaycan – Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

post-img

Tərəflər arasında ticarət dövriyyəsi 24 milyard dolları keçib

Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi münasibətləri getdikcə genişlənir. Bunun nəticəsində 2023-cü il ərzində ölkəmizin ümumi ixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib.

Azərbaycan beynəlxalq aləmdə nü­fuzunu genişləndirərək investisiya cəlb-ediciliyini artırmaqla yanaşı, Avropa İtti­faqı (Aİ) ölkələri ilə də beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçivə­sində daim inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın hazırda ticarət əlaqələrinin 50 faizdən çoxu məhz Aİ ölkələrinin payına düşür.

Ölkəmizdə həyata keçirilən çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda Azər­baycan dünyada baş verən iqtisadi təla­tümlər fonunda dünyanın sürətli inkişaf tempinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərəli iqtisadi idarəetmənin qurulması, köklü struktur–institusional islahatların reallaş­dırılması nəticəsində qeyri-neft sektoru­nun payının yüksəlməsi ilə büruzə verib. Qeyri–neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlər hesabına sürətlənib, bunun sayəsində isə daxili istehsalın və istehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi real­laşıb. 

Son 20 il ərzində respublikada yüz­lərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması da yerli məhsulların payının əhəmiyyətli dərəcə­də artmasını şərtləndirməklə yanaşı, ix­rac imkanlarının genişlənməsində önəmli rol oynayıb. 

Təbii ki, ixrac imkanlarının genişlən­məsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yara­dılması diqqət mərkəzində saxlanılıb. 

Bu gün dünyada ciddi narahatlıq do­ğuran geosiyasi proseslər, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi zəruri amilə çevrilib. Bütün ölkələrin, xüsusilə də Av­ropa ölkələrinin enerji təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb. Azərbaycanın ger­çəkləşdirdiyi uğurlu enerji siyasəti nəticə­sində ölkəmiz Avropanın enerji təhlükə­sizliyinin qarantı rolunda tanınıb. 

Azərbaycan–Aİ enerji əməkdaşlığı istiqamətində 2006-cı ildə Anlaşma Me­morandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imza­lanıb. Bütün bunlar Avropanın enerji xə­ritəsini tamamilə dəyişdirib. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cə­nub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. 

Artıq Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın tə­bii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Aİ üçün önəmli tərəfdaş ol­duğunun bariz ifadəsidir.

Bu məsələdə respublikamızla Aİ-nin enerji sahəsində uzunmüddətli, proq­nozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mühüm önəm daşıyır. Azərbay­can ilə Aİ arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolu­nan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan səmərəli enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsa­lı sahəsində olan böyük potensial Aİ tərə­findən artıq yüksək dəyərləndirilir. 

Hazırda külək və günəş enerjisindən istifadə edilməsi üçün investisiya qoyulu­şu prosesinə başlanıb. Təkcə Qarabağ və Şərqi Zəngəzurun azad olunan ərazilərin­də günəş və külək enerjisi potensialının 9200 meqavat olması müəyyənləşdirilib. Xəzər dənizinin də külək enerjisi üzrə yüksək potensialı nəzərə alınaraq, yaxın gələcəkdə Azərbaycanda çoxlu sayda bərpaolunan enerji mənbələrinin yaradı­lacağı proqnozlaşdırılıb. Eyni zamanda, Xəzər dənizində qarşıdakı dövrdə isti­fadəyə veriləcək yeni qaz yataqlarının da mövcudluğu “mavi yanacağ”ın geniş­həcmli ixracı üçün aydın təsəvvür yara­dıb. 

Bu məqamda Aİ ölkələri ilə ticarət dövriyyəsini ifadə edən statistik göstəri­cilər də diqqət çəkir. Dövlət Gömrük Ko­mitəsinin məlumatına görə, Aİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 2023-cü ildə 24 milyard 821 milyon dollar təşkil edib.

Hesabat dövründə respublikamızdan Aİ ölkələrinə 21 milyard 821 milyon dollar dəyərində ixrac (1 il əvvələ nisbətən 12,7 faiz az), 3 milyard 84 min dollar dəyərində idxal (illik 28,5 faiz çox) əməliyyatları hə­yata keçirilib.

2023-cü ildə Aİ ölkələrinin Azərbayca­nın ümumi ixracında payı 64,4 faiz, ümu­mi idxalında payı isə 17,4 faiz təşkil edib. Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Azərbaycanın İtaliya ilə ticarət döv­riyyəsinin dəyəri 15 milyard 685 milyon dollar, o cümlədən ixracının dəyəri 15 milyard 208 milyon dollar, idxalının dəyəri isə 477 milyon 903 min dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 13,4 faiz, o cümlədən ixrac 14,5 faiz azalıb, idxal isə 40,4 faiz artıb.

Ölkəmizin Almaniya ilə ticarət əmə­liyyatlarının dəyəri 1 milyard 824 milyon dollar, o cümlədən ixracının dəyəri 907 milyon 992 min dollar, idxalının dəyəri isə 916 milyon 421 min dollar olub. İl ərzində ticarət dövriyyəsi 45,4 faiz, o cümlədən ix­rac 53,6 faiz, idxal isə 38,1 faiz artıb.

Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 395 milyon dollar, o cümlədən ixracının dəyəri 1 mil­yard 363 milyon dollar, idxalının dəyəri isə 32 milyon 341 min dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,7 faiz, o cüm­lədən ixrac 2 faiz azalıb, idxal isə 14 faiz artıb.

Ölkəmizin İspaniya ilə ticarət əmə­liyyatlarının dəyəri 888 milyon 505 min dollar, o cümlədən ixracının dəyəri 785 milyon 367 min dollar, idxalının dəyəri isə 103 milyon 138 min dollar olub. İl ərzində ticarət dövriyyəsi 19,5 faiz, o cümlədən ix­rac 22,2 faiz azalıb, idxal isə 8,8 faiz artıb.

Azərbaycanın Çexiya ilə ticarət döv­riyyəsinin dəyəri 767 milyon 269 min dollar, o cümlədən ixracının dəyəri 684 milyon 215 min dollar, idxalının dəyəri isə 83 milyon 54 min dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 22,5 faiz, o cümlə­dən ixrac 25,8 faiz azalıb, idxal isə 23,2 faiz artıb.

V.BAYRAMOV
XQ

İqtisadiyyat