Asiya nəhəngi ölkəmizə 100 milyon dollarlıq investisiya yatırıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Xatırladaq ki, hər iki ölkə arasında yüksələn əlaqələri iqtisadi sahədə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan–Çin Hökumət­lərarası Ticarət-İqtisadi Əməkdaşlıq Ko­missiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan la­yihələr, respublikamızın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq–Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar və paytaxt Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı daha da gücləndirib. 

Hər iki ölkə arasında münasibətlər bu gün “Bir kəmər, bir yol”la yanaşı, digər iqtisadi sahələrdə də sürətlə inkişaf edir. SOCAR dost ölkəyə Azərbaycan və digər mənşəli xam neft, neft, neft-kimya məh­sullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatını uğurla həyata keçirir. Azərbaycanın elekroenergetika sekto­runda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bu­nunla bərabər, Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas In­vestment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yük­sək dəyərləndirilir. 

Dövlət Statistika Komitəsinin məluma­tına görə, respublikamızın ticarət dövriy­yəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşıb. Təkcə ötən il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 70 milyon dollara yaxınlaşıb. Qeyri-neft məhsullarının ixra­cı isə 20 milyon dolları keçib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, İq­tisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycan Ticarət Evi “Made in Azer­baijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələn­dirməni həyata keçirəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmin Ticarət Evinin açılışında vurğuladığı kimi, dost ölkədə sayca 4-cü ticarət evi olacaq bu iqtisadi-ticari mərkəz ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacaq.

Çin şirkətlərinin Azərbaycanda fəaliy­yəti davamlı genişlənərək sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edib. Dost ölkənin 1995-ci ildən in­diyədək respublikamıza yatırdığı birbaşa investisiyanın həcmi isə, təqribən, 100 milyon dollara çatıb.

Genişlənən siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, inves­tisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq Çin şirkətlərinin ölkəmizin iş­ğaldan azad olunmuş ərazilərində aparı­lan bərpa və yenidənqurma işlərində fəal iştirakına da gətirib çıxarıb ki, bu da, öz növbəsində, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qədər yük­səlməsini şərtləndirib. 

Qədim İpək yolunun üzərində yer­ləşən Azərbaycan və Çinin yüksələn xətt üzrə inkişaf edən ikitərəfli iqtisadi əlaqələri ən çox infrastruktur layihələrin­də nəzərə çarpır. Həm Azərbaycan, həm də Çinin birgə infrastruktur layihələri icra etməsi qarşılıqlı etimada əsaslanan fəa­liyyətin parlaq ifadəsidir. 

Bakı Beynəlxalq Dəniz Ticarət Lima­nı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika la­yihələri, həmçinin, Orta Dəhlizin Azərbay­can seqmenti üzrə əməkdaşlıq, işğaldan azad edilən ərazilərin tikinti-quruculuq işlərində dost ölkə şirkətlərinin iştirakı, respublikamızın isə “Bir kəmər, bir yol” la­yihəsinə qoşulması, Orta Dəhlizin infrast­rukturunun inkişafına əhəmiyyətli investi­siya yatırması, Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirakı ilə hər iki ölkənin qarşılıqlı iqtisadi əlaqələri daha da möhkəmlənir.

2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi nəticə­sində Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Bey­nəlxalq Nəqliyyat Dəhlizi formalaşıb.

Orta Dəhliz isə hər iki ölkə üçün de­yil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliy­yat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asi­ya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. 

Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı–Tbilisi–Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əmək­daşlıq üçün böyük əhəmiyyət daşıyır.

Bundan başqa, hər iki ölkənin nü­mayəndə heyətlərindən ibarət qarşılıqlı səfərlər zamanı tərəflər günəş, külək, hid­rogen enerjisi və dəniz suyunun duzsuz­laşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirələr aparır, ölkəmizin “ya­şıl enerji” potensialı, azad edilmiş ərazilə­rimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat mübadiləsi re­allaşdırır.

Azərbaycanın işğaldan azad olunan ərazilərində başlanan infrastruktur la­yihələrində iştirak üçün Çin şirkətləri də müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. 

Qeyd edək ki, düşməndən təmizlənən ərazilərdə vergi güzəştləri, sosial sığor­ta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən la­yihələrə marağını şərtləndirib. 

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat