Xəzər: qalxmağı kimi, enməyi də bəlalıdır

post-img

“Xalq qəzeti” redaksiyasında Xəzər dənizinin problemləri mövzusunda “dəyirmi masa”

Xəzər dənizinin problemləri ilə bağlı redaksiyamızda təşkil olunan “dəyirmi masa”da qonaqlarımız Bakı Dövlət Universiteti coğrafi ekologiya kafedrasının əməkdaşı, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçayski, ETN Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, dosent Ənvər Əliyev, həmin institutun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev, “İqlim” Tədqiqat və Məsləhət Mərkəzinin direktoru, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mirzəxan Mənsimov, Xəzər Universiteti Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent, Ekologiya Nazirliyi yanında İctimai şuranın üzvü Rövşən Abbasov və ETN Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov idilər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun AMAŞOV qonaqları salamla­yaraq bildirdi ki, Azərbaycanda mövcud ekoloji sistemlərin qorunmasına və təbii ehtiyatlardan səmərəli istifadə edilmə­sinə böyük diqqət yetirilir. Sosial-iqtisadi inkişafın ekoloji baxımdan davamlı olma­sı üçün iqtisadi fəaliyyət zamanı meyda­na çıxan ciddi ekoloji problemlərin ara­dan qaldırılmasına, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə xüsusi önəm verilir və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənən göllərin təmizlənməsi, qu­rudulması istiqamətdə davamlı layihələr həyata keçirilir. 

Sadalanan ekoloji problemlərin bö­yük bir hissəsi aradan qaldırılsa da, hələ də bu sahədə bir sıra çatışmazlıqlar nəzərə çarpır. Burada Xəzərin, sahilyanı ərazilərin çirklənməsi, sularda biomüxtə­lifliyin qorunması ilə bağlı problemlər ciddi narahatlıq doğurur. Belə ki, hazırda dənizin çirklənməsi daha çox diqqət çə­kir ki, bunun da ən əsas səbəbi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində yaranan çirklənmə göstərilir. 

Əflatun AMAŞOV daha sonra dedi: 

– Xəzər dənizinə ən böyük tullantı suları çaylar vasitəsilə daxil olur, eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticə-sində çirklənmə baş verir. Məsələn, Er­mənistanın bu gün də mövcud sahədə­ki neqativ fəaliyyəti barədə mətbuatda mütəmadi materiallar dərc edilir. Bundan çıxış yolu isə fikrimcə, sahilyanı ölkələrin birgə səyi ilə təmizlənməmiş tullantı su­larının Xəzər dənizinə axıdılmasının qar-şısının alınması və tullantı suların təmiz-ləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməsinin təmin edilməsidir.

Baş redaktor qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək vurğu­ladı ki, redaksiyanın fəaliyyətində ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatının bütün sahələri kimi, ekoloji layihələrin reallaşdırılması, eləcə də Xəzər dənizi-nin problemləri ilə bağlı ayrıca rubrika ilə məqalələrin dərc edilməsi prioritet is­tiqamətdir. Bugünkü “dəyirmi masa” da həmin silsilənin, bir növ, davamıdır. 

* * * 

Sual: – Xəzər dənizi problem­ləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin kor­lanması son dövrün ən mühüm prob­lemidir. Bu barədə nə deyə bilərsiniz?

Şövqi GÖYÇAYSKİ, Bakı Dövlət Universitetinin coğrafi ekologiya kafedrasının professoru:

– Əflatun müəllim, müxtəlif mövzu­lar ətrafında keçirilən “dəyirmi masa” ənənəsini davam etdirdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Çox illər əvvəl bu qəzetin Bakı Dövlət Univer­sitetində yaradılan Elmi-İctimai Birliklə birgə təşkil etdiyi və elmi-tədqiqat insti­tutları, həmçinin müxtəlif dövlət qurum­ları nümayəndələrinin də qoşulduğu belə tədbirlərdə iştirak etmişəm. Yeri gəlmişkən, həmin “dəyirmi masa”lardan birində Azərbaycan şəhərlərinin içməli su probleminin həlli araşdırıldıqdan son­ra yekun müddəalar Nazirlər Kabinetinə təqdim edildi. Hökumətin 1991-ci ildə sözügedən məsələ ilə əlaqədar keçirilən iclasında isə redaksiyanın mövcud problemlə bağlı tezis-müddəalarının 5-i nəzərə alınaraq ümumi yekun sənədə əlavə olundu. Beləliklə, yeraltı içməli suların bir şəbəkədə toplanaraq əhaliyə paylanılması o vaxtkı variantlardan biri olaraq “Kommunist”, indiki “Xalq qəze­ti” vasitəsilə ictimaiyyətə təqdim edildi. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrdə içməli su problemi daha op­timal variantlarda həll edildi.

Bugünkü “dəyirmi masa”da müzakirə ediləcək mövzu da aktuallığı ilə diqqət çəkir. Təqdim olunan suallarda Xəzərdə su səviyyəsinin tərəddüdü, sahil əraziləri­nin çirklənməsi, sularda biomüxtəlifliyin qorunması kimi günümüzün çağırışları ilə səsləşən önəmli məsələlər öz əksini tapır.

Xəzər dənizinin səviyyə tərəddüdü ilə bağlı təfsilatlara varmayacağam. Çünki bugünkü tədbirimizdə bu sahə ilə məşğul olan mütəxəssislər iştirak edirlər. Onlar bu barədə ətraflı məlumat verəcəklər. Mən bir faktın üzərində dayanmaq istəy­irəm. Son illər Xəzər dənizinin çirklənmə­si ilə bağlı narahatlıqlar getdikcə artır. Bu barədə çox yazılır, çox danışılır. Qeyd et­mək istəyirəm ki, Xəzər sahilyanı ölkələr, onun məcrasını təşkil edən çaylar va­sitəsilə də çirklənir. Bu zaman mühüm bir məsələ unudulur. Həmin məsələ on­dan ibarətdir ki, Xəzərin su təminatının 80 faizindən bir qədər az, bir qədər çox hissəsi Volqa çayının payına düşür. Üstə­lik də, qeyd olunur ki, Xəzər həm təbii, həm də antropogen yolla çirklənir. Təbii yolla çirklənmədə, əsasən, iqlim dəy­işmələrinə istinad olunur. Bu barədə də çox yazılır. Antropogen yolla çirklənməyə gəldikdə isə, bunun izahı yoxdur. Təkcə o məlumdur ki, antropogen təsir insan fəaliyyəti nəticəsində yaranır. Bunun isə təhlili, ətraflı aparılmır. Əgər antropogen təsirdən söhbət gedirsə, bütün 1,4 milyon kvadratkilometr Volqanın hövzəsi antro­pogen təsir altındadır. 

Bununla yanaşı, bütün Xəzəryanı ölkələrdən axan çaylar da belə bir tə­sirə məruz qalır. Hesab edirəm ki, Xəzər dənizinin hansı səviyyədə antropogen tə­sirlərə məruz qalması dəqiqləşdirilməlidir. Ondan sonra isə biz çirklənmənin təbii fonunu müəyyənləşdirə bilərik. 

Hazırda Volqa çayının üzərində 9 iri su anbarı var. İlk dəfə olaraq 1950-ci illərdə su anbarları inşa olunarkən ekologiya, iqlim dəyişmələri barədə fikirləşən yox idi. Anbarlar tikilərkən çay yataqları 15–20 dəfə və daha çox genişləndirildi. O dövrdə iqlim indikindən fərqli idi, istilər də bu səviyyədə deyildi. İstiləşmə ilə əlaqə­dar Xəzərdə, eləcə də bütün hövzə çay­larında buxarlanma xeyli artıb. 

Xəzərə daha çox su gətirən Volqa çayında suyun azalması da, onun çirklən­mə səviyyəsi də aydın hiss olunur. Bu, o deməkdir ki, Xəzərin suyunun azalmasın­da və onun çirklənməsində Volqa çayının təsiri daha böyükdür. Çünki əvvəla, çay Rusiyanın 4 iqtisadi rayonundan keçir və həmin ərazilərdən tullantı suları Volqaya axıdılır. Hesablamalara əsasən, hər il Xəzərə daxil olan 40–45 kubkilometr çirk­ab suyun 60 faizi bu çayın payına düşür. İkincisi isə, ötən əsrin 50-ci illərində qonşu ölkənin tikdiyi bir neçə nəhəng su anbarı Volqanın yataqlarını genişləndirir və nəticədə, bu, Xəzərin səviyyəsindəki tərəddüdlərə təsir göstərir. 

Ənvər ƏLİYEV, ETN Coğrafiya İns­titutunun şöbə müdiri, coğrafiya elm­ləri doktoru, dosent: 

– Xəzər 200 milyon il bundan əvvəl əmələ gəlib. Dənizin səviyyə sərhədi elə özünün yaşı qədərdir. Səviyyə amplidudasının dəyişməsi isə 30–50 ildən bir dövrə təsadüf edir. İndi Xəzər enmə səviyyəsindədir. Sovet dövründə dənizin səviyyəsinin enmə problemini şimal çay­ları suyunun Xəzərə axıdılması hesabına həll etmək qərara alındı. Onun səviyyə­sinin azalma və artması iki səbəblə – iqlim və tektonik hadisələrlə əlaqələn­dirilir. İndiki halda dənizin səviyyəsinin son 10 ildə 114 santimetr aşağı düşməsi, hələlik, Xəzəryanı ölkələrin heç birini təş­vişə salmayıb, çünki bu, indilikdə qorxulu hədd deyil. Suyun səviyyəsinin bugün­kü qədər azalması fonunda yem, qida azalması ilə yanaşı, buxarlanma səthi də çoxalır. Bu vəziyyət balıqların sayının azalmasına, balıqçılığa da ziyan vurur.

Xəzərin səviyyə tərəddüdü daim mü­zakirə mövzusu olub. Ümumiyyətlə, bu məsələ ilə bağlı müxtəlif fikirlərin səslən­dirilməsi sözügedən dənizin yarandığı zamanlardan mövcuddur. Yəni Xəzərdə suyun səviyyəsinin müəyyən vaxtlarda aşağı və yaxud yuxarı olması adi haldır. 

Xəzərdə enmə-qalxma davam et­məkdədir. Bu, qeyd etdiyim kimi, xarak­terikdir. Düzdür, bu məsələ fərqli şəkildə qiymətləndirilir. Xəzərin tarixində onun ən təlatümlü səviyyəyə enməsi 1970-ci illərdə – sovet dönəmində olub. O zaman Türk­mənistandakı Qaraboğazgöl körfəzi də bağlandı. Bu körfəz vasitəsilə buxarlan­ma nəticəsində texniki duzlar meydanagəldi. Bundan əlavə, şimal çaylarının da istiqamətinin Xəzərə yönəldilməsi planı var idi. Sonralar suyun səviyyəsi yenidən qalxdığı üçün bu plan reallaşmadı. 

Ötən əsrin 70-ci illərində Xəzərdə suyun səviyyəsinin təkrar qalxması da müəyyən problemlər yaratmışdı. Məsələn, çox adam yəqin ki, yaxşı xatırlayır: Cənub bölgəsində dənizin yaxınlığından keçən dəmiryol xəttinin müəyyən bir hissəsi suyun altında qal­mışdı. Bundan başqa, Xəzərin sahilində xeyli əkin sahələri, o cümlədən heyvan­darlıq üçün uyğun ərazilər də belə bir təhlükə ilə üzləşmişdi. 

Hazırda Xəzər dənizində suyun sə­viyyəsinin enmə prosesi nəzərə çarpır. Bu, müxtəlif amillərlə əsaslandırılır. Eyni zamanda, prosesin hələ nə qədər davam edəcəyi bilinmir. 

Əmir ƏLİYEV, ETN Coğrafiya İnsti­tutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor: 

– Müasir dövrdə Xəzər dənizinin ən böyük problemi onun səviyyəsinin dəyiş­məsi ilə bağlıdır. Bunun da əsas səbəbi qapalı su hövzəsi olması ilə əlaqədardır. Yəni okeanla birbaşa heç bir əlaqəsi yox­dur. Ona görə də Xəzərin səviyyəsinin dəyişməsini birbaşa iqlimlə əlaqələndir­mək lazımdır. Əbəs yerə deməyiblər ki, Xəzərin səviyyəsinin dəyişməsi iqlimin indikatorudur. Çünki regionda baş verən iqlim dəyişiklikləri birbaşa Xəzər dəni­zinə təsir göstərir.

Hazırda Xəzərə 3,5 milyon kvad­ratmetrlik ümumi hövzədən sular daxil olur. Dənizi qidalandıran suların 80 faizi çaylardan gəlir. Onun da elə 80 faizi şimal istiqamətindən axan Volqa və Ural çay­larının payına düşür. Xəzərin səviyyəsini dəyişdirən də məhz onun su balansıdır. Su balansı dedikdə, gələn və xaric olan sular nəzərdə tutulur. Xəzər dənizinin dünya okeanı ilə heç bir əlaqəsi olmadı­ğı üçün buradan xaric olan suların hamısı buxarlanma hesabına baş verir. Dənizə gələn və buxarlanan suların arasında ta­razlığın pozulması, yəni birinin artması, digərinin azalması səviyyə tərəddüdünə gətirib çıxarır. Bu proses tarix boyu mü­şahidə olunub. Məsələn, bizdə olan mə­lumata görə, son 4 min il ərzində Xəzə­rin səviyyəsində müəyyən dəyişmələr baş verib. Yəni proses nəticəsində 250 il azalma, 250 il isə əksinə, çoxalma qeydə alınıb. Yeri gəlmişkən, Xəzərin səviyyəsi haqqında sonuncu instrumental müşahi­dələr 1837-ci ildə Bakıda aparılan stoptan ölçmələrdir. Bu məlumatların hamısı insti­tutumuzda qorunub saxlanılır. Həmin mə­lumatlardan o da aydın olur ki, tarix boyu Xəzərin səviyyəsində baş verən əsrlik də­yişmələrlə bərabər, 30 illik dəyişmələr də qeydə alınıb. Bu dəyişmələr isə Günəşdə baş verən proseslərlə əlaqədardır. Çünki Günəşdə müxtəlif dövrlərdə aktivlik baş verir. Bu proses də 11, 22 və 35 il ərzində davam edə bilir. O ki, qaldı dənizin səviyyəsinin qalxıb enməsinə, qeyd etmək istəyirəm ki, son 200 ildə burada səviyyə tərəddüdünün amplitudu, əsasən, 3–5 metr arasında dəyişib.

Xəzər dənizinin səviyyəsinin enməsi­nin başlıca səbəbi, ilk növbədə, dənizə daxil olan suların azalması ilə bağlıdır. Belə ki, aparılan müşahidələr nəticəsin­də müəyyən olunub ki, son illər Xəzər də­nizinin əsas hövzəsi olan Volqa çayının suyu, təxminən, 30 faiz azalıb. Məlum olduğu kimi, son illərdə Xəzərin səviyyə­si iki dəfə böyük dəyişikliyə məruz qalıb. 1930-cu ildə başlayan proses 1977-ci ilə­dək davam edib və bunun da nəticəsində dənizin səviyyəsi 3 metr aşağı düşüb. 1977-ci ildən isə proses əks istiqamətdə davam edib. Bunun da nəticəsində Xəzə­rin səviyyəsi kəskin qalxmağa başlayıb. Beləlikə, 1995-ci ildə suyun səviyyəsin­də artıq 2,5 metrlik artım qeydə alınıb.

Ötən əsrin sonlarından etibarən isə Xəzər yenidən geri çəkilməyə başlayıb. Hazırda bu proses sürətlə davam edir. Artıq dənizin səviyyəsi yenidən 2 metr düşüb. Bu da son hədd deyil. Müşahidələr göstərir ki, bu proses yenə də 30 il müddətinə davam edəcək. Onu da deyim ki, 1997-ci ildə Xəzərin səviyyəsi indikindən 60 santimetr aşa­ğı olub. Göründüyü kimi, bu məsələdə ciddi təşvişə əsas yoxdur. Çünki Xəzər canlı orqanizmdir. Onun səviyyəsi enə də, qalxa da bilər. Bəziləri iddia edirlər ki, dənizin səviyyəsi 10–18 metr düşə bilər. Bu, reallığı əks etdirmir. Xəzərin səviyyəsinin belə bir dəyişikliyə məruz qala bilməsi qətiyyən mümkün deyil.

Xəzər dənizi çox maraqlı quruluşa, relyefə malikdir. Sanki dəniz iki fincanı xatırladır. Onun biri orta Xəzərdə, digəri isə cənubda yerləşir. Onların dərinliyi mü­vafiq olaraq 800–1000 metr təşkil edir. Şimalda isə dərinlik 5 metrdir. Xəzərə çoxlu suyun daxil olması ilə əlaqədar həmin fincanlar dolur. Bu zaman dənizin qərbdən şərqə doğru, təqribən, 10–15dərəcə meyilli olması səbəbindən bu suların hamısı şərq sahillərinə doğru is­tiqamət alır. Burada güclü buxarlanma səbəbindən dənizin səviyyəsi çox qalxa bilmir.

Mirzəxan MƏNSİMOV, “İqlim” Təd-qiqat və Məsləhət Mərkəzinin direkto­ru, coğrafiya elmləri üzrə fəlsəfə dok­toru: 

– Xəzərin tərəddüdü məsələsində Əmir müəllimlə tam razıyam. Xəzər də­nizinin sanki öz qanunauyğunluqları var. Elə bir vəziyyət yaranacaq ki, dənizə gələn sularla buxarlanma arasında bir bərabərlik yaranacaq. Ona görə də düşü­nürəm ki, dənizin səviyyəsinin 18 metrə­dək enəcəyi ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. Dənizin bu səviyyədə enməsi üçün Volqa çayının quruması şərtilə, ən azı, 200 il vaxt lazımdır. Bu da mümkün olan məsələ deyil. 

Son zamanlar Xəzər sutoplayıcı höv­zəsində–Volqa, Kür və Ural çaylarında azalma baş verir ki, bu da dənizin en­məsinə səbəb olub. Əgər bu azalma baş verməsəydi, Xəzərin səviyyəsi indikin­dən 1–2 metr yüksək olardı. Ancaq hər bir halda su istifadə olunmalıdır, insanlar yaşamalıdır, ölkələr inkişaf etməlidir. Bu, təbiidir. Ancaq sudan qənaətlə istifadə, təkrar suların təmizlənərək yenidən istifadə məsələləri getdikcə aktuallıq kəsb edir.

Bu gün Xəzərin ekoloji vəziyyəti keçən əsrin 70-ci illəri ilə müqayisədə elə də acınacaqlı deyil. Ötən müddətdə həm konvensiya qəbul edilib, həm də texno­logiyalar dəyişib. Əvvəllər bizim regionda dənizi, əsasən, neft çirkləndirirdi. Həcm-cə isə Xəzərə ən böyük çirkləndiricilər Volqa çayından daxil olurdu. Vaxtilə ölü çay hesab olunan Ural da indi ən təmiz su mənbələrindən sayılır. Göründüyü kimi, məsələ o qədər də kəskin deyil. Şübhəsiz ki, suyun səviyyəsi artanda ekoloji vəziyyət daha yaxşı olur. Çünki suyun özünü təmizləmə prosesi sürətlə­nir. İndi bu sahədə iki əsas problem var. Birincisi, Xəzər dənizinin səviyyə tərəd­düdü ilə bağlıdır. Digər problem ondan ibarətdir ki, biz Xəzər dənizi ilə bağlı əv­vəlki mövqeyimizi itirmişik. Yəni Xəzərin tədqiqi, onun araşdırılması məsələsində, düşünürəm ki, Türkmənistan istisna ol­maqla, bütün sahilyanı dövlətlərdən geri­dəyik. İran da bu məsələdə bizi üstələyib. Qazaxıstanda və Rusiyada bu sahədə geniş tədqiqatlar, çox yaxşı araşdırmalar aparılır, sanballı məqalələr yazılır.

İndi qlobal baxanda Xəzər dənizinin səviyyəsinin tərəddüdünü yumşaltmaq üçün sovet vaxtında çox gözəl bir ideya var idi. Həmin ideyaya görə, Orta Asiya respublikalarının və Qafqazın su çatış­mazlığı problemi həll edilməli idi. Yeri gəlmişkən, sovet dövründə layihəçilər və tədqiqatçılar bununla bağlı 50 cilddən ibarət sənəd hazırlamışdılar. Mixail Qor­baçov da Stavropol diyarının birinci kati­bi olanda bu layihəni bəyənmişdi. Hətta 1984-cü ildə bu məsələnin həlli ilə bağlı qərar da qəbul olunmuşdu. Təəssüf ki, Mixail Qorbaçovun ölkəyə rəhbərliyi döv­ründə məsələ unuduldu və 1986-cı ildə bütün işlər dayandırıldı. Təklif edərdim ki, bu məsələ yenidən gündəmə gətirilsin. 

Hazırda əhali artımı, ölkələrdə səna­yenin inkişafı ilə əlaqədar suya tələbat da getdikcə çoxalır. Yəni tələbat həmişə olacaq. Suyu götürüb ondan istifadə et­məklə biz, həm də onu tənzimləyirik. Yəni çaylardan suyu götürmək dənizin səviyyəsinə təsir edir. Bu yolla Xəzərin səviyyəsini tənzimləmək mümkündür. Düşünürəm ki, Xəzəryanı ölkələr bu va­cib məsələni birlikdə müzakirə etməlidir­lər. 

Səid SƏFƏROV, ETN Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru: 

– Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Son minillikdə dənizin ən aşağı səviyyəsi X əsrdə olub ki, həmin zaman Xəzər okean səviyyə­sindən 35 metr aşağı imiş. Ən yuxarı sə­viyyə (okean səviyyəsindən 22 metr aşa­ğı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə dənizin səviyyəsi artsa da, əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2–4 metr diapazonunda dəyi­şib. Beləliklə, bütün zamanlarda Xəzərin səviyyəsində enmə və qalxma prosesləri diqqət çəkib. Ümumiyyətlə, dənizin sə­viyyəsi özünəməxsus uzunmüddətli də­yişmə periodunda nəzərə çarpıb. 

XX əsrdə dənizin səviyyə dəyişmələ­ri 2 dəfə kəskin xarakter alıb. 1930-cu il­dən 1977-ci illərə qədər müddətdə Xəzə­rin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 metr) çatıb. Lakin 1977-ci ildən səviyyə kəs­kin şəkildə qalxmağa başlayıb. 1995-ciilə qədər bu artım 2,5 metr təşkil edib. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, səviy­yə hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir.

Kəskin səviyyə dəyişmələri Xəzərya­nı ölkələrin iqtisadiyyatına və ekologiya­sına ciddi təsir göstərdiyindən bu dəyiş­mələrin uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması mühüm önəm da­şıyır. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil. Əksər hallarda bu haqda verilən proq­nozlar dəyişir. Məsələn, 1930–1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düş­məsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Keçən əsrin 70-ci illərində alimlərin Xəzərin səviyyəsinin kəskin aşağı düşməkdə davam edəcəyi ilə bağlı bədbin proqnozlar səbəbindən, hətta keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətinin dəyişdirilərək Volqa çayına, oradan isə Xəzərə axıdılması üçün la­yihələr işlənilirdi. Lakin 1977-ci ildən də­niz səviyyəsinin kəskin qalxmağa başla­ması ilə bu layihələr öz aktuallığını itirdi.

1977-ci ildən sonra dəniz səviyyəsi­nin 1995-ci ilə qədər kəskin artdığı müd­dətdə əksər alimlər tərəfindən səviyyə­nin gələcəkdə də yüksəlməkdə davam edəcəyi proqnozlaşdırılırdı. 1995-ci ildə səviyyə artımı dayansa da, son 10–15 ildə yenidən nəzərəçarpacaq azalma müşahidə edildi. Bu da müxtəlif alimlər tərəfindən əsrin sonunadək Xəzərin sə­viyyəsinin fəlakətli dərəcədə aşağı düşə­cəyi haqda bədbin proqnozların verilməsi ilə müşayiət olundu. Bu baxımdan alman və holland alimlərinin “Nature Commu­nications Earth & Environment” jurna­lında dərc olunmuş məqalədə verdikləri proqnoz daha qorxuludur. Belə ki, onlar müxtəlif ssenarilərə əsasən, XXI əsrin sonunadək Xəzərin səviyyəsinin 9–18 metr aşağı düşəcəyini proqnozlaşdırır­lar. Bundan əvvəlki proqnozlardan fərqli olaraq, burada məqalə müəllifləri prob­lemə gözlənilən qlobal istiləşmə ssena­riləri kontekstindən yanaşıblar. 

Rövşən ABBASOV, Xəzər Univer­siteti Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, coğrafiya üzrə fəlsəfə dok­toru, dosent, Ekologiya Nazirliyi ya­nında İctimai şuranın üzvü:

– Xəzər dənizinin ən mühüm xüsusiyyəti onun səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsi ilə bağlıdır. Bunun da əsas səbəbi dənizin su balansı elementlərinin dəyişməsidir. Su balansının əsas hissəsini çay axınları təşkil edir ki, onun da, təqribən, 80 faizi Volqa çayının gətirdiyi suların hesabına­dır. Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayır. 

Dənizə çaylar vasitəsilə gələn suların azalmasının əsas səbəbi iqlim dəyişiklik­ləri və Xəzər hövzəsində suya tələbatın artmasıdır. Nəticədə, Volqa, Ural və Kür kimi çayların sululuğu əhəmiyyətli dərə­cədə azalır ki, bu da özünü Xəzərin sə­viyyəsində göstərir. 

1977- ci ildə Xəzərin səviyyəsi mənfi 29 metr olub ki, bu da son 500 ildə ən aşağı göstərici hesab olunur. 1978-ci il­dən başlayaraq, 1995-ci ilə qədər dəniz ən yüksək səviyyəyə çatıb. Həmin ildən etibarən isə Xəzərin səviyyəsi azalmaq­dadır. Tədqiqatçılar bu azalmanı iqlim dəyişmələri və Xəzər hövzəsində su gö­türmələrinin artması ilə izah edirlər.

Uzun illərdir ki, Xəzərin hövzəsi cid­di çirklənməyə məruz qalır. Moskva, Volqoqrad, Saratov, Tbilisi və Yerevan kimi iri, eləcə də onlarca orta və kiçik şəhərlərdə formalaşan çirkab suları bir­başa Xəzər dənizinə axıdılır. Çirklən­diricilər də, əsasən, Volqa, Ural və Kür çayları vasitəsilə Xəzərə daxil olur. Xəzə­rin sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən axıdılan tul­lantı suları da dənizin çirkləndirilməsində yaxından iştirak edirlər. Bununla yanaşı, 200 ilə yaxın bir müddətdə neft hasila­tı zamanı ekoloji normalara lazımınca əməl edilməməsi səbəbindən dəniz neft tullantılarının güclü təsirinə məruz qa­lıb. Nəticədə, Xəzər dənizi həm məişət suları, həm də neft tullantıları ilə çirklənib. 

Sual: – Bəs, Xəzər dənizinin bitki və heyvanat aləmi üçün getdikcə art­maqda olan təhlükəli vəziyyət nə ilə bağlıdır?

Ənvər ƏLİYEV: 

– Xəzər akvatoriyası dünyanın ən na­dir su heyvanlarının, onların yem bazası­nın məskənidir. Nadir nərəkimilərə Xəzər dənizində daha çox rast gəlinir. Burada, həm də dünyanın ən nadir, Qırmızı Kita­ba düşən suitiləri yaşayır. Onlar okean sularındakı həmcinslərindən fərqlənir. Vaxtilə Xəzərdə onların sayı milyonlarla olub. Xəzər suitilərinin dərisinə maraq ar­tandan sonra sayları azalmağa başlayıb. 2022-ci ildə Xəzərdə birdən-birə 15 min suiti tələf oldu. Maraqlı məqam ondan ibarət idi ki, həmin heyvanlar doyunca qida qəbul etdikdən sonra ölmüşdülər. 

Xəzərdə biri Rusiyanın Həştərxan vi­layətində, Azərbaycanda və Türkmənis­tanda olmaqla 3 qoruq var. Xəzər dənizi dünyanın 3 ən məşhur tektonik ərazilə­rindən biridir. Hər il dənizdə 2,5–4 maqni­taturada yüzlərlə zəlzələ qeydə alınır. Bu zəlzələlər nəticəsində dənizdə meta və propan qazlarının miqdarı artır. Bununla yanaşı, Xəzərdəki palçıq vulkanlarının hamısı azot tərkiblidir. Bütün bunların isə canlı aləmə mənfi təsiri getdikcə daha çox hiss olunur.

Səid SƏFƏROV: 

– Son tədqiqatlar göstərir ki, Xəzərdə suitilərin populyasiyasının azalmasına səbəb olan amillərdən biri də səth tem­peraturun dəyişməsi ilə bağlıdır. Məlum məsələdir ki, qlobal istiləşmə ilə əlaqədar Xəzərin bütün akvatoriyasında temperatur artıb. Ancaq Xəzərin şimalında qış tempe­raturu azalır, ancaq yay temperaturu kəs­kin şəkildə yüksəlir. Bu, çox paradoksal bir haldır. Amplitudun bu şəkildə artmasına isə bir çox orqanizmlər tab gətirə bilmir. Eyni zamanda, dənizin şimal hissəsinin səviyyəsi çox aşağıdır; orta dərinlik 5 metr təşkil edir. Ona görə də dərin ərazilərdə su soyuyanda aşağıda hələ isti olur. Şi­mal hissədə isə su dibinə qədər soyuyur. Yayda isə əksinə, dibinə qədər istiləşir. Bu proseslər də, öz növbəsində, oksigenin azalmasına səbəb olur. 

Biomüxtəlifliyin pozulması həm antro­pogen amillərlə, həm də iqlim dəyişiklik­ləri ilə əlaqədardır. Bəs, iqlim dəyişiklikləri necə təsir göstərir? Məsələn, temperatur artanda sahil zonasında suyun da tempe­raturu yüksəlir. Belə olan təqdirdə həll olu­nan oksigenin miqdarı azalır. Dənizdəki bütün canlılar oksigenlə nəfəs alır. Bəzən kütləvi informasiya vasitələrində dənizdə filan qədər balığın məhv olması ilə bağlı məlumatlara rast gəlirik. Bu isə dənizdə fitoplantonlar azalması ilə bağlıdır. Eyni zamanda, Xəzərdə gedən müəyyən pro­seslər də azalıb. Bununla yanaşı, dənizin səthindən dibinə qədər temperatur xeyli dəyişib. Əvvəllər bu proses tədricən baş verirdi. İndi isə hər 10 metrdə, təqribən, 4–5 dərəcə təsir edir.

Əmir ƏLİYEV: 

– Xəzərə daxil olan gəmilərin də bi­omüxtəlifliyə təsiri danılmazdır. Son illər Rusiyaya qarşı tətbiq olunan sanksiya­larla əlaqədar bu ölkənin bütün gəmiləri Mahaçqalaya qayıtdı. Həmin gəmilər də özləri ilə zəhərli balans sular gətirdilər. Bunun da nəticəsində xeyli sayda suiti məhv oldu.

Rövşən ABBASOV: 

– Kənd təsərrüfatında istifadə edilən gübrə və pestisidlər çaylar vasitəsilə Xəzər dənizinə axıdılır. Bu, əsasən, azot və fosfat gübrələridir ki, dənizdə ekosis­tem zəncirinə çox mənfi təsir göstərir. Ma­haçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən birbaşa Xəzərə daxil olan çirkləndiricilər onun ekosisteminə çox mənfi təsir edir, buradakı bioloji resurslar üçün ciddi təhlükə yaradır. Bu cür cirklən­mələr dəniz suyunda həll olmuş oksigeni azaltmaqla canlıların nəfəs almasını çə­tinləşdirir. Təkcə Xəzər sahillərində deyil, uzaqda yerləşən şəhərlərin də çirkab su­ları çaylar vasitəsilə dənizə axır. 

Xəzər ekosisteminin uğradığı mənfi təsirlərlə əlaqədar son illər dənizdə kilkə ovu 10 dəfə azalaraq, 1999-cu ildəki 271 min tondan hazırda 27 min tona düşüb. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tenden­siyadır.

Göründüyü kimi, dənizin çirklən- məsinin onun bioloji ehtiyatlarına mənfi təsiri getdikcə artır. Bu, ilk növbədə, nərə balıqları populyasiyalarına ciddi təsir edir. Artıq Xəzər dənizində nərəkimilərin ehti­yatı azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 1980-ci illərlə müqayisədə 2009–2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalıb. Hazırda sahilyanı ölkələrin razılığı əsasında Xəzərdə nərə balıqlarının ovu qadağan edilib. 

Çirklənmə dəniz suitililərinə də mənfi təsir edir. Yeri gəlmişkən, Xəzər suitisi yeganə dəniz məməlisi və endemikidir. XX əsrin əvvəllərində Xəzər suitilərinin sayı, təqribən, 1 milyon olduğu halda, hazırda onun populyasiyası 100 min fərd təşkil edir. 

Eyni zamanda, gətirilən növlər də Xəzərin bioloji ehtiyatlarına mənfi təsir edir. Belə ki, gəlmə növlər dənizin heyva­nat aləminin yem bazasına çox mənfi təsir edir. Məsələn, Mnemiopsis leidyi adlı bir növün Xəzər dənizinə gəlməsi nəticəsin­də kilkə balıqlarının yem ehtiyatları azalıb ki, bu da onların sayına mənfi təsir etmək­dədir.

Sual: Xəzər dənizi 5 sahilyanı döv­lətin ümumi evidir desək, yəqin ki, ya­nılmarıq. Heç şübhəsiz, Xəzərlə bağlı tədqiqatların, müşahidələrin aparılma­sı birgə fəaliyyəti, bu sahədə əməkdaş­lığın genişləndirilməsi zərurətini yara­dır. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı... 

Şövqi GÖYÇAYSKİ: 

– Xəzər dənizinin problemləri vaxtaşı­rı müxtəlif səviyyələrdə müzakirə olunub və müsbət nəticələr əldə edilib. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” 2003-cü il noyabrın 4-də Teh­ran şəhərində imzalanan Çərçivə Kon­vensiyasının Azərbaycan Prezidentinin 4 aprel 2006-cı il tarixli qərarı ilə qüvvəyə minməsi tarixi hadisəyə çevrilib. 

Yeri gəlmişkən, 5 Xəzəryanı dövlət–Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən dənizin zərərli, təhlükəli maddələrlə, tullantılarla çirkləndi­rilməsinin qarşısının alınması, onun bioloji ehtiyatlarının qorunması qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla bərabər, həmin sənəddə Xəzərin səviyyəsinin də­yişməsi probleminin diqqət mərkəzində saxlanılması, məsələnin həlli yollarının araşdırılmasının zəruriliyi vurğulanıb. 

Bütün bunlar isə onu göstərir ki, Xəzə­rin problemlərinin həlli yuxarıda adları çə­kilən 5 sahilyanı ölkənin birgə səyi ilə həll edilməlidir. Əks halda, problemlər daha da dərinləşər, nərə balığı ehtiyatı, ümumiy­yətlə, canlıların rəngarəngliyi yoxa çıxar, ekosistem tənəzzülə uğraya bilər. 

Onu da qeyd edim ki, Xəzər dəni­zinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyala­rında nəzərə çarpır. Başqa sözlə, həmin sahələrdə bir çox şəhərlər yerləşir ki, on­ların sənaye müəssisələrinin çirkab suları, habelə dəniz nəqliyyatından və neft mə­dənlərindən daxil olan müxtəlif çirkləndi­ricilər Xəzərə axıdılır. Bu şəraitin normal məcraya yönəldilməsi üçün yuxarıda adıçəkilən Çərçivə Konvensiyasına qoşu­lan ölkələr tərəfindən birgə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Əmir ƏLİYEV:

– Yeri gəlmişkən, mən bu məqamdaXəzərin təddiqi sahəsində olan prob­lemlərə də toxunmaq istəyirəm. Əvvəl­lər respublikamızda tanınmış Xəzərşü­nas alimlər olub. İndi isə Azərbaycanda Xəzərin öyrənilməsi ilə bağlı bir dənə də olsun, mərkəz yoxdur. Türkmənistan, Qa­zaxıstan, Rusiya və İranda belə mərkəz­lər, elmi-tədqiqat müəssisələri var. Ölkə­mizdə isə yalnız Coğrafiya İnstitutunda müvafiq şöbə fəaliyyət göstərir ki, onun da cəmi-cümlətani 2–3 əməkdaşı var. Təəs­süf ki, orada lazımi müşahidələr aparmaq üçün nə bir cihaz, nə də gəmi mövcuddur.

Xəzər vahid bir canlı sistemdir. Əs­lində, onu çox tədqiq etməyə ehtiyac da yoxdur. Eyni zamanda, hər bir ölkənin ay­rı-ayrılıqda tədqiqatlar aparması düzgün deyil. Fikrimcə, vahid bir regional mərkəz yaratmaq lazımdır ki, mütəxəssislər əlaqəli şəkildə fəaliyyət göstərə bilsinlər. Sovet dönəmində 38-ci və 44-cü coğrafi enlikdə çoxsaylı müşahidələr aparılırdı. Bütün məlumatlar isə Bakıda toplanırdı.

Mirzəxan MƏNSİMOV:

– Əmir müəllimlə tam razıyam. O zaman Bakı Xəzər dənizinin müşahidə mərkəzi rolunu oynayırdı. Mən əvvəllər 10 il müddətində Orta Asiyada çalışmı­şam. Sonra hidrometeorologiya sistemi ilə bağlı elmi iş yazıb müdafiə etmişəm. Bu məsələ bizə yaxşı tanışdır, onun prob­lemlərindən də xəbərdarıq. Xəzər dənizi, bəlkə də, dünyanın ən çox tədqiq olun­muş, öyrənilmiş su obyektlərindən biridir.

Sovet dövründə elmi-tədqiqat institut­larımız, o cümlədən Coğrafiya İnstitutu Xəzərin bütün aspektləri ilə məşğul olur­dular. Moskvaya da gedəndə hər şeyi Bakıda göstərirdilər. Yəni biz belə bir səviyyədə idik. Ötən əsrin 90-cı illərində biz bu səviyyəni qoruyub saxlamağa ça­lışdıq. Ancaq 90-cı illərdə, eləcə də yeni əsrin ilk illərində mövcud çətin vəziyyət­də buna nail ola bilmədik. Bununla belə, biz o vaxt Xəzər mərkəzi yaratmışdıq. Eyni zamanda, 1993-cü ildə Xəzərətrafı ölkələrin əlaqələndirmə komitəsini yarat­maq təşəbbüsü ilə çıxış etdik. İndi özəl sahədə fəaliyyət göstərsəm də, heç vaxt bu məsələlərdən kənar qalmamışam. Ha­zırda da bu sahə ilə bağlı məlumatlarımı zənginləşdirirəm, müəyyən məqalələr ya­zıram. Bununla belə, etiraf etmək lazımdır ki, hazırda biz Xəzərlə bağlı tədqiqatlarda, araşdırmalarda çox geri qalırıq. 

Yeri gəlmişkən, Xəzərin problemləri ilə bağlı təkcə məqalələr yazmaq kifayət deyil. Hazırda sahilyanı ölkələrdə bununla bağlı konkret mərkəzlər, müşahidə və mo­nitorinqlər sistemləri var. Həmin ölkələr­də mövsümlər üzrə tədqiqatlar, ölçmələr aparılır, bioloji resurslar hesablanır, tək­liflər verilir. Bütün bunlar praktiki işlərdir. Amma bu gün biz onları edə bilmirik. Əs­lində, ayrı-ayrılıqda tədqiqatlar da apar­maq düzgün deyil. Yəni bütün ölkələrin tədqiqatçıları bir yerə toplaşıb müzakirələr aparmalı, təkliflər verməlidirlər. Əvvəllər Rusiyada gəmilər tədqiqata çıxırdılarsa, eyni vaxtda bütün Xəzəryanı ölkələr də bu işə qoşulurdular. Bundan da məqsəd o idi ki, toplanan məlumatlar müqayisə edilə bilsin, onların bir elmi əhəmiyyəti olsun.

Sual: “Dəyirmi masa” ətrafında ge­dən müzakirələrdən belə aydın olur ki, Xəzərin öyrənilməsi, dənizin səviyyə tərəddüdü, bioloji resursları və on­ların mühafizəsinin gücləndirilməsi üçün daha ciddi tədqiqatlara ehtiyac var. Bu da tədqiqatçı alimlərin, Xəzər­şünasların yetişdirilməsini tələb edir. Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir? 

Şövqi GÖYÇAYSKİ: 

– Xəzər dənizi ilə bağlı problemlər hər zaman diqqət mərkəzində saxlanılıb. Fəaliyyət göstərdiyim Bakı Dövlət Univer­sitetində 1973-cü ildə hidrometeorologiya kafedrası yaradılmaqla həmin kafedrada Xəzər problemləri və onun həlli yolları təd­ris edilməyə başlamışdır. Daha sonra isə həmin universitetdə respublikada ilk dəfə olaraq ekologiya təmayüllü Ətraf mühitin mühafizəsi kafedrası yaradılıb. Onu da qeyd etməliyəm ki, 70-ci illərdən etibarən bu sahədə elmi-təhsil və innovasiya sis­temlərinin birgə fəaliyyət göstərmələri sayəsində müsbət nəticələr əldə edilib. Elə həmin vaxtlarda da Xəzərin problem­lərinin müzakirəyə çıxarılmasına mühüm önəm verilmişdir.

Ötən müddətdə Xəzərşünaslarımız tərəfindən respublikamızda böyük elmi məktəb yaradılmışdır. Alimlərin bu sahə ilə bağlı mövcud qurumlarla birgə fəa­liyyəti nəticəsində yüksək nəticələr əldə edilib. Ən başlıcası isə elm, təhsil və in­novasiya sistemlərində bir işgüzar əlaqə qurulmaqdadır. 

Düşünürəm ki, təhsil, kadr hazırlığın­da daha böyük yüksəliş olmalıdır. Bakı Dövlət Universitetinin coğrafiya və eko­logiya və torpaqşünaslıq fakültələrinin, eləcə də hidrometeorologiya kafedrası­nın bu sahədəki fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Həmin kafedrada iqlim dəyişiklikləri və Xəzər problemləri öyrənilir və tədris edilir. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili Ekologiya ili elan etməsi ilə əlaqədar Bakı Dövlət Universitetində eko­logiya və torpaqşünaslıq fakültəsi yaradıl­mışdır. Fakültənin ekokimya, bioekologiya və digər kavedraları da Xəzərin problem­ləri ilə məşğul olurlar.

Universitetimizdə Xəzərin ekologiyası və mühafizəsi, sahil zonalarının ekolgi­yası və mühafizəsi və s. fənnlər tədris olunur. Universitetimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ənənəvi əməkdaşlı­ğa malikdir. Həmin sahədə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac vardır. 

Mirzəxan MƏNSİMOV: 

– Biz dənizdə müxtəlif layihələr həyata keçiririk, konstruktiv işlər görürük. Ekoloji məsələlərlə bağlı faktiki nümunələr, dib çöküntüləri götürürük. Həmin nümunələ­rin üzərində bioloqlar, ekoloqlar işləyirlər. Yəni biz rəsmi məlumatlar ala bilməsək də, özümüzdə müəyyən informasiyalar olur. Ona görə də bu məsələlərin nəbzini tutmağa hər an hazırıq. Deyərdim ki, bizim öz milli koordinasiyamız və milli ideyalarımız olmalıdır. Biz təhsilli xalqıq. Düşünürəm ki, ölkəmizdə Xəzərlə bağlı Elmi-Tədqiqat İnstitutu yaradılmalıdır. Yeri gəlmişkən, Xəzərdən ən çox bəhrələnən ölkə Rusiyadan sonra Azərbaycan olub. Bu məsələlərə qayıtmalıyıq. Biz, sözün əsl mənasında, dəniz ölkəsi olmalıyıq. Özəl sektorun təmsilçisi kimi, biz Coğra­fiya İnstitutuna, eləcə də digər qurumlara lazımi avadanlıq və cihazlarla yardım edə bilərik. 

Səid SƏFƏROV:

– Mənə elə gəlir ki, bu gün ən böyük problemimiz təhsillə, elmlə bağlı təşki­latlar arasında əlaqələrin, demək olar ki, olmaması ilə bağlıdır. İstənilən alimə təd-qiqatlar, müşahidə materialları lazımdır. Düşünürəm ki, Xəzərin səviyyəsi, sərt temperaturu, digər parametrlər haqqında informasiyalar hamı üçün əlçatan olma­lı, internetdə yerləşdirilməlidir. 50 il əvvəl Azərbaycanın Mədətzadə, Şıxlınski kimi iqlimşünasları var idi. Onlar Coğrafiya İns­titutu ilə birgə fəaliyyət göstərirdilər. İndi, sanki, aramızda keçilməz sədd yaranıb.

 

Vaqif BAYRAMOV,

Mirbağır YAQUBZADƏ,

Elşən AĞALAR (foto)

XQ



















Ekologiya