Azərbaycan–Tükiyə: “ağıllı kənd”ə doğru

post-img

Qardaş ölkələr aqrar təcrübəni davamlı paylaşır

Qardaş Türkiyə Respublikası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da ölkəmizin etibarlı tərəfdaşıdır. Artıq uzun illərdir ki, ölkələrimiz aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edirlər. 

Ötən müddətdə kənd təsərrüfatı məh­sulları üzrə qarşılıqlı ticarət əlaqələri xeyli inkişaf edib, bu sahədə ticarət dövriyyə­sinin artırılması istiqamətində lazımi işlər görülüb. Bununla yanaşı, hazırda ölkə­mizdə Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsi də öyrənilir. 

Bugünlərdə Azərbaycan Respubli­kası Kənd Təsərrüfatı Nazirliyinin nü­mayəndə heyəti Türkiyədə səfərdə olub. Nazirliyin ictimaiyyətlə əlaqələr və infor­masiya təminatı şöbəsinin məlumatına görə, səfər çərçivəsində Azərbaycan nü­mayəndə heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr, Təh­sil və mətbuat, Dövlət su işləri, Qida və nəzarət, kənd təsərrüfatı islahatları və kadr məsələləri üzrə baş idarələrinin və TÜRKSAT-ın rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə fermerlərin müra­ciətlərinə baxılması mexanizmi, elektron sənəd dövriyyəsinin tətbiqi qaydaları və digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahat­lar, tətbiq olunan rəqəmsal texnologiya­lar, aqrar təhsil və tədqiqat, beynəlxalq layihələr, fermerlərə göstərilən dəstək və onların icra mexanizmləri, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurul­ması, ekologiyanın mühafizəsi və bio­müxtəlifliyin qorunmasına yönəlmiş ən son texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib. 

Görüşlər zamanı türkiyəli həmkarlar­la aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ölkələrimiz arasında aqrar sahədə saziş­lərin və yol xəritələrinin səmərəli icrası, beynəlxalq təşkilatlarla birgə əməkdaş­lığın genişləndirilməsi, eləcə də Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində əmək­daşlığın daha da gücləndirilməsi və bu istiqamətdə konkret addımların atılması barədə müzakirələr aparılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin aidiy­yəti qurumlarının rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə təşkil olun­muş “dəyirmi masa”larda kadr məsələlə­ri, elektron sənəd dövriyyəsi, kənd təsərrüfatı təyinatlı torpaqların konsolida­siyası, torpaq və sudan səmərəli istifadə, kooperativlərin fəaliyyəti, həmçinin təhsil və elmi-tədqiqat, kənd yerlərinin inkişafı sahəsində həyata keçirilən layihələr, döv­lət dəstəyi və onların icra mexanizmi və çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlı hər iki tərəfin təcrübəsinə əsaslanan təqdi­matlar edilib.

Sonda kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilmə­sinin və müvafiq icra proseslərinin uğurla davam etdirilməsinin, bu kimi mübadilə və görüşlərin mütəmadi qaydada təşkil olunmasının vacibliyi bir daha vurğula­nıb.

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Ankarada Tür­kiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşü zamanı da aqrar sektorda ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndi­rilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanmış, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın güc­ləndirilməsi istiqamətində müzakirələr aparılmışdı. 

Həmin görüşdə tərəflər “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Na­zirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və əra­zilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyan­naməsi imzalamışdılar. Sənəddə Tür­kiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndi­rilməsi fəaliyyətlərinin Azərbaycan Res­publikasında tətbiqi imkanlarının araşdı­rılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliy­yətlərin səmərəli şəkildə həyata keçiril­məsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Yeri gəlmişkən, son zamanlar qar­daş Türkiyə ilə ölkəmizin işğaldan azad olunmuş ərazilərinin kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək istiqamətində də fəal əməkdaşlıq edilir. Bu baxımdan 2021-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə prezidentləri tərə­findən Zəngilanda əsası qoyulmuş “Dost Aqropark” layihəsi xüsusi diqqət çəkir. Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Dost Aqropark”ın 3 mərhələdə icra olunacağı nəzərdə tutulur. 

Artıq türk və azərbaycanlı sərmayə­darlar tərəfindən icra olunan layihənin bi­rinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün bi­nalar tikilir. Kompleksdəki otlaq sahələ­rində 4 min baş cins qaramalın yetişdi­rilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, böl­gənin əkinçilik və heyvandarlıq məhsulla­rının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Layihə başa çatdırıldıqdan sonra 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitil­çilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəs­sisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləva­zimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində “ağıllı kənd” təsərrüfatı texnologiyaları, bərpaolu­nan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qu­rulacaq. Aqropark tam işə düşdükdən sonra 500 nəfər işlə təmin ediləcək. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat