“Yaşıl artım ölkəsi” kimi tanınmağımız COP29-u Bakıya gətirdi

post-img

“Odlar yurdu” bərpaolunan enerji dünyasının ön sırasındadır

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya­sı”nda ölkəmizin “yaşıl enerji məkanı”na çevrilməsi məqsədilə bir sıra mühüm təd­birlər nəzərdə tutulub. Respublikamızda “Masdar”, “ACWA Power”, “bp”, “Fortes­cue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 QVt-dan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması da Azərbayca­nın “yaşıl enerji” kursuna olan beynəlxalq maraqdan, ölkəmizin “yaşıl gələcəyi”nə dərin inamdan irəli gəlib. 

Prezident İlham Əliyevin qlobal iq­lim dəyişikliyi ilə bağlı məsələlərə ciddi yanaşmasının, karbon emissiyalarının mümkün qədər azaldılması ilə əlaqədar strateji planların hazırlanması və ger­çəkləşdirilməsinin nəticəsidir ki, Azər­baycanda gələn il daha bir əhəmiyyətli tədbirin – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon-fransının 29-cu sessiyasının keçirilməsi qərara alınıb. 

Prezident İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədəki çıxışında COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zaman­da, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstər­məsi kimi dəyərləndirib. Dövlətimizin başçısı daha sonra deyib: “Biz buna layiqik, biz apardığımız siyasət nəti­cəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbay­cana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qa­zanmışıq”. 

Qeyd edilənlər barədə aydın təsəv­vür yaranması məqsədilə bəzi məqam­lara nəzər salaq. Əvvəlcə xatırladaq ki, Azərbaycan neft emalı sahəsində bü­tün ekoloji qaydalara əməl edir. Res­publikamızın qoşulduğu təbiətdən isti­fadə və ətraf mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab olunur. Xəzər dənizinin respublikamız, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas və dayanıq­lı olmasını, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dəniz­də gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq Dövlət Neft Şirkəti öz ekoloji siyasə­tində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını prioritet vəzifə hesab edir. 

Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardı­ğı “Azəri–Çıraq–Günəşli” yataqları, də­niz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün “Neft dağılmaları üzrə fəaliyyət Planları”na uyğun real texniki sistem formalaşdırılıb. Neft dağılma­larının qarşısının alınması, ballast su­larının və başqa tullantıların yığılması məqsədilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmə­nistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə malikdirlər. 

Hazırda qarşıda duran əsas və­zifələrdən biri neft və qaz hasilatında karbon tullantılarının sıfıra endirilməsi­nin həyata keçirilməsidir. Buna görə də SOCAR fəaliyyətində yeni texnologi­yaların tətbiqinə xüsusi diqqət yetirir, bu yöndə elmi-tədqiqat işlərini sürət­ləndirməklə karbon tullantılarını sıfıra endirməyə əsas istiqamət kimi yanaşır. Adıçəkilən şirkətin “Neft və Qazın De­karbonizasiyası Xartiyası”na (OGDC) qoşularaq metan tullantılarının sıfıra endirilməsi kimi öhdəlik götürməsi də bunun bariz ifadəsidir. 

Beynəlxalq Maliyyə Korporasiyası­nın (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Al­fonso Qarsia Moran bu günlərdə Azər­baycana səfəri zamanı ölkə mediasına müsahibəsində təmsil etdiyi qurumun respublikamızın COP29 konfransına evsahibliyi xəbərini alqışladığını bildi­rib. O, belə bir qərarın, eyni zamanda, Azərbaycanın iqlim gündəliyinə və de­karbonizasiya planlarına sadiqliyini əks etdirdiyini vurğulayıb. 

Moranın sözlərinə görə, son 30 il ərzində Azərbaycan neft-qaz sektoru sayəsində mühüm iqtisadi inkişafa və rifahın yüksəlməsinə nail olub. Ölkə­mizdə ümumdaxili məhsulun (ÜDM) üçdə biri, ixracın 90 faizi və birbaşa xarici investisiyaların (BXİ) isə 71 faizi bu sektorun payına düşür. Buna görə də Azərbaycan, şübhəsiz ki, aşağı kar­bonlu iqtisadiyyata uğurlu keçidi real­laşdırmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün qazıntı yanacağından imtina etməklə iqtisadiyyatda uğurlu diversifikasiya siyasəti yürüdür. 

Dünya Bankının enerji sektorunun idarə olunmasına yardım proqramının təhlilindən göründüyü kimi, Azərbay­canın dənizdə külək enerjisi potensialı 157 qiqavat səviyyəsində qiymətlən­dirilir. Bu, ölkənin hazırda təqribən 8 qiqavatlıq ümumi quraşdırılmış gücü ilə müqayisədə çox böyük rəqəmdir. Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc olunan dənizdə külək enerjisinin in­kişafı üzrə yol xəritəsi də göstərir ki, ölkəmiz 2040-cı ilədək 7 qiqavat də­nizdə külək enerjisinin quraşdırılması üçün potensiala malikdir.

Bu həcmdə külək enerjisindən is­tifadə tam məşğulluq ekvivalentində 7 milyard dollara qədər yerli ümumi əlavə dəyər yaratmağa imkan verə bilər. Azərbaycanla dənizdə külək enerjisi potensialının inkişafını gerçək­ləşdirmək və ölkəyə özəl investisiyalar cəlb etmək hesabına yeni səviyyəyə nail olmaq imkanları var. Dünya Ban­kı hazırda hökumətlə dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinin reallaşdırılması, bu sahənin inkişafına təşəbbüs göstərilməsi və ölkəyə özəl investorların cəlb olunması ilə bağlı tədbirlər həyata keçirir. 

Alfonso Qarsiya Mora müsahibə­sində IFC-nin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyə­tinin artırılması və özəl sektorun güclü potensialının reallaşdırılması ilə bağ­lı layihələrin icrasını da zəruri hesab edir. O, elektron mobilliyin bütün regi­onda inkişaf edən sahə olduğunu bil­dirir və respublikamızda ümumi enerji istehlakında nəqliyyat sektoru payının 22,6 faiz səviyyəsinə yüksəldiyini bil­dirir. Beynəlxalq Maliyyə Korporasiya­sının vitse-prezidenti daha sonra ətraf mühitə təsiri azaltmaq məqsədilə özəl mənbələrdən maliyyələşdirilən elekt­romobillər üçün şarj stansiyalarının quraşdırılmasının və şəhər infrastruk­turunun, o cümlədən, ölkənin avtobus parkının yenilənməsinin sürətləndi­rilməsində investisiyaların vacibliyini, habelə hökumətin elektromobil idxalı üçün artıq vergi güzəştlərinin tətbiqinə başladığını da diqqətə çatdırır.

Yeri gəlmişkən, IFC bu gün Azər­baycanla əməkdaşlığına xüsusi önəm verir. Bu barədə danışan Mora təmsil etdiyi qurumun son 10 il ərzində Azər­baycanda maliyyə xidmətləri, infrast­ruktur və istehsalat sahəsində 60-a yaxın layihəni maliyyələşdirməklə 850 milyon dollardan çox investisiya yatır­dığını qeyd edir. Eyni zamanda, ölkə­mizdə ekoloji cəhətdən təmiz nəqliy­yat vasitələrinin genişmiqyaslı tətbiqi siyasətinin davam etdirilməsi, daxili yanma mühərriklərinə malik köhnə av­tomobillərin yeniləri ilə əvəz olunması zəruriliyini vurğulayır. 

Bir sözlə, IFC Azərbaycana elekt­ron mobillik bazarının inkişafı üçün normativ, siyasi və institusional baza hazırlamaqda kömək göstərir, eləcə də, özəl sektor layihələri üçün maliyyə vəsaiti təmin etməklə ölkəmizin səylə­rini dəstəkləyir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat