Sənaye zonalarının qeyri-neft sektoruna önəmli töhfəsi

post-img

Yeni müəssisələrdə 11 milyard manatdan çox məhsul buraxılıb

Azərbaycanda fəaliyyət göstrən sənaye zonalarında indiyə qədər, ümumilikdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Ötən müddətdə ölkəmizdəki sənaye zonalarında investisiya layihələrinin dəyəri 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Bu və digər məsələlər barədə İqtisa­diyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev ümummilli lider Hey­dər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan – Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” adlı panel iclasında çıxışı zamanı deyib. 

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Va­disi İqtisadi Zonası") və 5 sənaye məhəl­ləsi (Hacıqabul, Neftçala, Masallı, Sabi­rabad və Şərur) fəaliyyət göstərir. İZİA sədri deyib ki, indiyədək həmin sənaye zonalarına, ümumilikdə, 6,6 milyard ma­nat investisiya yatırılıb. Bunun da hesabı­na 11 mindən çox daimi iş yeri yaradılıb. Onun sözlərinə görə, növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırıl­ması və 6 min 700-dən çox daimi iş yeri­nin yaradılması nəzərdə tutulur. 

Agentlik sədri deyib ki, bu ilin 9 ayın­da sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard ma­natlıq məhsul satılıb. Bunun da 31 fai­zindən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşüb. Qeyd olunub ki, yanvar–sentyabr aylarında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə payı 22,9 faiz təşkil edib. “Bütün deyilənlər bir daha onu göstərir ki, sənaye zonaları qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır, onların məhsulları 60-dan çox ölkəyə ixrac edi­lib”, – deyə E.Nuriyev əlavə edib. İZİA sədri onu da bildirib ki, növbəti mərhələ­də ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, bunun da hesabına 6700-dən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulur. 

İxracdan söhbət düşmüşkən, İZİA-nın idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının bu sahədəki uğurları diqqəti daha çox cəlb edir. Belə ki, adı çəkilən sənaye zonası fəaliyyət göstərdi­yi 12 il ərzində 3,3 milyard manatlıq məh­sul ixrac edib. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildi­rib. Nazir qeyd edib: “Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş ölkəmizin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir. Bu müddətdə parkın fəaliy­yətindən əldə edilən nəticələr iqtisadiy­yatımızın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, məşğulluğun ar­tırılmasına, innovativ istehsalın təşkilinə və idxaldan asılılığın azaldılmasına əhə­miyyətli töhfələr verib. Bu günə qədər parka 5,8 milyard manata yaxın investi­siya qoyulub, buradan 9,5 milyard manat dəyərində satış həyata keçirilib, 6 min 600-dən çox daimi iş yeri yaradılıb”. 

Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli biznes mühiti və ge­niş logistik imkanlar, eləcə də bir sıra stimullaşdırıcı tədbirlər xarici şirkətlərin də marağına səbəb olub. Məhz bunun nəticəsidir ki, ölkəmizin sənaye zona­larında xarici kapitallı rezidentlərin sayı getdikcə artır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə şirkəti olan “Sika” MMC, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkəti, Pirallahı Sənaye Parkında Ru­siya – Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC, Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alı­nan Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsu­liyyətli azad zona müəssisəsi, Neftçala Sənaye Məhəlləsində İran – Azərbaycan birgə avtomobil müəssisəsi, Hacıqabul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC fəaliyyət göstərir. Bu ilin iyun ayında isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Rusiya – Azərbaycan birgə servis mərkə­zi olan “Avto Lizinq Azərbaycan” MMC-nin xidmət sahəsi fəaliyyətə başlayıb. 

Yeri gəlmişkən, ölkə regionlarının iqtisadi potensialının hərəkətə gətiril­məsində, eləcə də məşğulluğun təmin olunmasında sənaye zonaları mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, respub­likamızda fəaliyyət göstərən 12 sənaye zonasının 8-i məhz regionların payına düşür. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilmə­si, Qarabağ və Şərq Zəngəzur iqtisadi rayonlarının iqtisadiyatının reinteqrasi­yasını təmin etmək məqsədilə yaradılmış “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları da bu baxımdan diqqət çəkir. Artıq real fəaliyyət sahələrinə çev­rilməkdə olan həmin parklarda, ümu­milikdə, 18 rezident və 6 qeyri-rezident qeydiyyata alınıb. Adıçəkilən sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox inves­tisiyanın yatırılması nəzərdə tutulur ki, bunun da hesabına 1300-ə yaxın iş yeri yaradılacaq. Ağdam Sənaye Parkında ti­kinti materiallarının istehsalı, kənd təsər­rüfatı məhsullarının emalı və qablaşdı­rılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə, əsasən, logistika mərkəzinin yara­dılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışı həyata keçiriləcək. 

Qeyd edək ki, Azərbaycanda səna­ye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləş­dirilməsi Prezident İlham Əliyevin müva­fiq fərmanı ilə yaradılmış İqtisadi Zona­ların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. 

Bu arada, İqtisadiyyat Nazirliyi yanın­da İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçi­rilib. Toplantıda qurumun rəhbəri Elşad Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib. Şura iclasında, həmçinin 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, baxılmaqda olan layihələr­lə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərə­cək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat