“Asiya nəhəngi” “Qafqaz lideri”nin mötəbər tərəfdaşıdır

post-img

Son 1 ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 50 faiz artıb

İki ölkə arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulan münasibətlər gündən-günə yüksələn xətt üzrə inkişaf edir. Daim genişlənən siyasi dialoq, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq hər iki dövlət üçün önəmini gündən-günə artırır. Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı isə münasibətlərimizə əlavə məzmun gətirir. 

Çin Xalq Respublikasının Sədri Si Cin­pindən Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevə gələn təbrik məktubu da bu ruhda yazılıb. Məktubda hər iki ölkə­nin ənənəvi dost tərəfdaş olduğu, hazırda isə tərəflər arasında münasibətlərin yüksək səviyyədə sabit inkişaf etdiyi, siyasi qarşı­lıqlı etimadın daim möhkəmləndiyi, müxtəlif sahələrdə əməkdaşlığın uğurla genişləndiyi vurğulanıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri nəticəsində münasibətlərin dinamik, hərtərəfli inkişaf dövrünü yaşadığı və key­fiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi barədə aydın təsəvvür yaranma­sı üçün diqqəti bəzi göstəricilərə yönəltmək istərdik. Belə ki, ötən il Azərbaycan–Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqa­yisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu müsbət dinamika cari ildə də nəzərə çarpıb və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 artıb.

Yük daşımaların artmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələ­rinə, eləcə də əks istiqamətdə yük axınının ar­tırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Cari ilin I yarısında Orta Dəhlizin Azər­baycan seqmenti üzrə yükdaşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.

Xatırladaq ki, Orta Dəhliz Çindən Avro­paya quru yolla daşınan yüklərin Qazaxıs­tan və Azərbaycandan keçərək ötürülməsini nəzərdə tutur. Çin yükləri Qazaxıstanın sər­həddə yerləşən Dostık dəmir yolu stansiya­sından daxil olaraq birbaşa Xəzərdə yerləşən Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Belə ki, Rusiya–Ukrayna müharibəsi başlayandan indiyədək dünyanın ən böyük yükdaşıma şirkətləri tərəfindən Azərbaycan üzərindən daşımaları şərtləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazisindən tranzit yükdaşımaların həcmində kəskin artıma gətirib çıxarıb. 

Orta Dəhlizin tam gücü ilə işə düşməsi üçün gömrük sənədləşdirilməsinin unifikasi­yası, “vahid pəncərə” sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanma­sı da sürətlənib. Bütün bunlar isə marşrutun həm kommersiya dəyərini, həm də geosiyasi önəmini artırmağa hesablanıb. 

Hazırda Çinlə Aİ arasındakı üç ticari marşrutdan biri məhz Orta Dəhlizdir ki, onun uzunluğu avtomobil və dəmir yolu ilə 4 min 256 kilometr, dəniz yolu ilə isə 508 kilo­metrdir. Bu marşrut ilə hərəkət edən standart konteyner qatarı Çindən Aİ-yə yükləri orta hesabla 20–25 sutkaya çatdırır. Müqayisə üçün deyək ki, Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Aİ-yə yüklərin əhəmiyyətli his­səsi indi Süveyş kanalından keçilməklə 35-42 sutkaya daşınır.

Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olmaqla bərabər, həm də dost ölkənin alternativ enerji sahəsin­də qabaqcıl təcrübəsinə və texnologiyasının tətbiqinə böyük maraq göstərir. Respublika­mız Çinin tranzit operatorlarının və logistika şirkətlərinin Orta Dəhlizə marağı getdikcə artması müqabilində blok qatarlarının for­malaşdırılmasını, logistika məlumatlarının mübadiləsi və yüklərin yerləşdirilməsi sahə­sində əməkdaşlığın vacibliyini daim diqqətdə saxlayır. 

Çin 30 illik işğal dövründə böyük dağın­tıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində həyata keçirilən layihələrin gerçəkləşməsinə mühüm önəm verir, bu prosesdə fəal işti­rak etmək arzusunu bildirir. Bütün bunlarla bərabər, düşməndən təmizlənən bölgələrdə yaradılan sənaye parklarında və iqtisadi zo­nalarda təklif olunan əlverişli şərtləri yüksək qiymətləndirir. 

Dost ölkə Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsində, hərbi və ikili təyinatlı texnologiyaların təş­viqində, respublikamızın elmi-konstruktor potensialından istifadə olunmasında da ma­raqlıdır. Buna Çin Kosmik Texnologiyalar Akademiyasını, bu ölkəyə məxsus bir sıra şirkətləri və “Azərkosmos” arasında telekom­munikasiya peyklərindən istifadə sahəsində inkişaf edən əməkdaşlığı nümunə göstərmək olar.

V.BİNYATOĞLU

XQ

İqtisadiyyat