“Yaşıl İpək yolu”nun Şərqdən Qərbə Azərbaycan–Türkiyə dəhlizi

post-img

Qardaş ölkə Naxçıvanda günəş, Qarabağda isə külək elektrik stansiyaları layihələrinin tərəfdaşıdır 

Türkiyə Prezidentinin nümayəndəsi Göksal Aşan Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən Azərbaycan–Türkiyə İnvestisiya Forumunda ölkəmizin son 20 ildə regionda ən sürətlə inkişaf edən dövlət olduğunu, belə bir tərəqqinin respublika ərazisinin 20 faizinin işğal altında saxlandığı şəraitdə qeydə alındığını, eyni zamanda dost, qardaş Türkiyə ilə əməkdaşlığının yüksək səviyyəyə qalxdığını bildirib. 

Forumda çıxış edən digər natiqlər də vurğulayıblar ki, hər iki dövlət başçısının yorulmaz səyləri, şəxsi dostluq və qar­daşlıq münasibətləri, ardıcıl təşəbbüslə­ri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik bu gün yeni mər­hələyə daxil olub, Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə güclənib. Ölkələrimiz arasında imzalanmış sənədlər, o cüm­lədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutma­nın aradan qaldırılması haqqında saziş­lər ikitərəfli hüquqi bazanı daha da möh­kəmləndirib. İndiyədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sər­gilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini, birgə layihələrin icrasını stimullaşdırıb. 

Hazırda enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələri­mizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Nəq­liyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsi böyük əhəmiyyəti ilə diqqət çəkir. 

Azərbaycan–Türkiyə qardaşlığı iqti­sadi tərəfdaşlığın inkişafında xüsusi əhə­miyyət kəsb edir. Türkiyə ölkəmizin 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəsinin, təxminən, 7,2 milyard dollar təşkil etməsi, bu göstə­ricinin ötən ilin analoji dövrü ilə müqa­yisədə 33 faiz artması bunu bariz ifadə­sidir. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin sürətlə yerinə yetiriləcəyinə dərin inam yaradır.

Azərbaycan xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin respublikamızda qeyri-neft-qaz sekto­runa investisiya qoyan ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin yatırımı və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı daim təşviq edib.

Azərbaycan qardaş ölkə ilə enerji layihələrinin birgə reallaşdırılmasına da xüsusi önəm verir. Naxçıvan – Türkiyə –Avropa marşrutu və “Cəbrayıl” enerji qov­şağı sayəsində elektrik enerjisinin Ermə­nistan, yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.

Azərbaycan və Türkiyə vasitəsilə “yaşıl enerji” dəhlizinin böyük bir strateji layihə kimi reallaşdırılması üçün Cəbra­yılda inşa olunan 330 kilovoltluq yarım-stansiya və elektrik verilişi xətlərinin ey­nilə Naxçıvanda qurulması, bu enerji sis­temlərinin inteqrasiyası, Türkiyə ilə sər­həddə çevirici yarımstansiyanın tikintisi qarşıda duran prioritet istiqamətlərdir. 

Ekspertlərin fikrincə, Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi Mərkəzi Asiyadan elektrik enerjisinin Azərbay­can vasitəsilə ixracının daha bir poten­sial istiqaməti ola bilər. Belə ki, hazırda Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin Azərbaycandan keçməklə “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” ilə Avropaya nəqli üzrə üçtərəfli əməkdaşlıq icra edilir. Bu enerji dəhlizinin reallaşması isə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını şaxələndirməklə yana­şı, türk dövlətlərinin “yaşıl enerji” əmək­daşlığını da dərinləşdirir. 

Yeri gəlmişkən, Azərbaycanın 2030-cu ilədək təmiz ətraf mühitə və “yaşıl artım”a, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonaları kimi inkişafına nail olmağı, bu enerjinin təc­hizatçısına çevrilməyi hədəfləyən strate­giyası iki qardaş ölkənin əməkdaşlığının yeni istiqamətdə inkişafını təşviq edir. Azərbaycan Prezidenti İlham Əliyevin bərpaolunan enerjinin inkişafını və bu enerjinin müxtəlif marşrutlarla dünya ba­zarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti Türkiyə ilə “yaşıl enerji” dəhlizi­nin qurulmasını, respublikamızla Avropa arasında elektrik enerjisi üzrə də körpü olmasını şərtləndirir. 

Türkiyə ilə “yaşıl enerji”nin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanı­lıb. Növbəti illərdə ölkəmizin 10 qiqava­tadək bərpaolunan enerji güclərinin yara­dılması və bunun 5 qiqavatının müxtəlif marşrutlarla ixracı ilə bağlı Azərbaycanın planlarında Türkiyə əsas tərəfdaşlardan biridir. Qardaş ölkə ilə “yaşıl enerji” tərəf­daşlığında əsas ağırlıq mərkəzləri isə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrdir. 

Energetika naziri Pərviz Şahbazo­vun yuxarıda adıçəkilən forumda bildirdi­yinə görə, Türkiyənin “Baltech” şirkəti ilə əməkdaşlıq təkcə “yaşıl enerji”nin isteh­salı ilə məhdudlaşmır, eyni zamanda, bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir. Həmin şirkətlə Naxçıvanda 50 MVt gü­cündə günəş, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında isə 200 MVt gücündə külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq da bunun bariz göstəricisidir. Bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə “yaşıl enerji” layihələri üzrə uğurlu əməkdaşlıq edilir və burada istehsal olunacaq enerjinin Türkiyə is­tiqamətində ixracının reallaşdırılması qar­şıda mühüm vəzifə kimi durur. 

Naxçıvandan 1000 meqavatdan çox enerjinin Türkiyə və Avropaya ix­racı strateji hədəfinə uyğun olaraq Azərbaycan–Türkiyə–Avropa enerji dəh­lizinin yaradılması ölkəmizin əsas prio­ritetlərdən biridir. Bu məqsədlə hazırda enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, habelə ener­ji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyası Şəbəkəsinə (ENTSO-E) qoşulması ilə əlaqədar müvafiq addımlar atılır. Bütün bunlar Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi oldu­ğu dövlət proqramının “yaşıl mənbələr”ə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığı vurğulanan müd­dəaları ilə üst-üstə düşür.

Azərbaycanın qardaş ölkə ilə ener­ji əməkdaşlığından bəhs edərkən Tür­kiyənin “TEİAŞ” və “Azərenerji” ASC arasında 2023-2025-ci illər üzrə “Yol Xə­ritəsi”nin də uğurla həyata keçirildiyi vur­ğulanmalıdır. Xatırladaq ki, gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin “Dəmirörən” Holdinqi tərəfin­dən Kəlbəcər və Laçında 5 kiçik su elekt­rik stansiyasının yenidən qurulmasına dair saziş imzalanacağı gözlənilir. 

Sonda qeyd edək ki, Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Türkiyənin müvafiq qu­rumları arasında sənədlərin imzalanması mərasimi keçirilib. AZPROMO və TÜİB arasında imzalanan 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndir­mək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək, həmçinin davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təş­viq etmək nəzərdə tutulub. “DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti ara­sında imzalanan müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsas­lanan qabların istehsalı ilə üzrə fabrikin tikilməsi planlaşdırılıb. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanan sənədə əsasən, Azərbaycanda hotel in­şası da qərara alınıb. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat