Azərbaycan “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətini dünyaya çıxarır

post-img

Son dövrlərdə bütün dünyada sivilizasiya və davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni zamanda, planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəklənməsi, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar, təbii fəlakətlər və iqlim dəyişikliyinin mənfi təsir etdiyi iqtisadi və sosial böhranlar qlobal iqlim dəyişmələrinin bariz əlamətləri hesab edilir. Xüsusilə, dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə atmosferə atılan karbon qazının həcmi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi şəkildə əngəl törədir.

Bunu XQ-yə açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasının sədri Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu aktual problem hələ ötən əsrin sonlarında özünü büruzə verməyə başlayıb. Bu tip qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunurdu. Bu baxımdan, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək dünya dövlətləri, hökumətlər gələcəkdə onunla bağlı daha fəal tədbirlərin həyata keçirilməsini təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya siyasi idarə, eləcə də elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan yaratdı.

Azərbaycanın da, öz növbəsində, bu çağırışlara hər zaman həssaslıq nümayiş etdirdiyini diqqətə çatdıran deputat bildirib: “Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən ekologiya sahəsi məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasını özündə ehtiva edir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı il aprelin 22-də imzalamışıq və həmin ilin oktyabr ayında sənəd Milli Məclisdə ratifikasiya olunub.

Bu gün ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 

Keçdiyimiz günlərdə Azərbaycanın növbəti böyük uğura imza atmasının təsadüfi olmadığını deyən deputat xatırladıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un növbəti il dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilməsinə dair qərar qəbul olunması bunu sübut edir.

Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransın, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olub, beləliklə də, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur. Bu gün əminliklə deyə bilərik ki, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan dördüncü sənaye inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir.

Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan “yaşıl” iqtisadiyyatın təşviqi və “yaşıl” enerjinin istehsalı sahəsində bir sıra vacib meqalayihələrə imza ataraq, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. 

M.Əfəndiyev vurğulayıb ki, 2024-cü ildə baş tutacaq COP29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaq: “Bu işin təşkilində dövlətlər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla yanaşı, gənclərimiz, könüllülərimiz də hərəkatın aktiv üzvü olaraq öz töhfələrini əsirgəməyəcək, bu günə qədər Azərbaycanda keçirilən mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində göstərdikləri fədakarlığı, qəhrəmanlığı bu platformada da ortaya qoyacaqlar.

Anar ƏLİ

XQ

 

İqtisadiyyat