Özəl bölmədə 60,8 milyard manatlıq məhsul buraxılıb

post-img

Yanvar–noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar
tərəfindən 60,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə neft-qaz sektorunda məhsul istehsalı 1,9  faiz azalsa da, qeyri neft-qaz sektorunda isə əksinə, 7,8 faiz artıb. Hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalsa da, əmtəəlik qaz hasilatı 4,3 faiz artıb. Sənaye məhsulunun 67,9  faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Cari ilin 11 ayında emal sektorunda ağacın emalı və ağacdan məmulatların, kompüter, elektron və optik məhsulların, avtomobil, qoşqu və yarımqoşquların, maşın və avadanlıqların, tikinti materiallarının, içkilərin, poliqrafiya məhsullarının, rezin və plastik kütlə məmulatlarının, hazır metal məmulatlarının, kağız və karton, toxuculuq sənayesi məhsullarının, elektrik avadanlıqlarının, qida məhsullarının, tütün məmulatlarının, neft və kimya sənayesi məhsullarının, mebel və  əczaçılıq məhsullarının istehsalı artıb. 

Bununla belə, nəqliyyat vasitələrinin, dəri və dəri məmulatlarının, ayaqqabıların, geyim və  metallurgiya sənayesi məhsullarının istehsalı, eləcə də  maşın və avadanlıqların quraşdırılması və təmiri işləri azalıb. Eyni zamanda, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, həmçinin su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda artım qeydə alınıb.

XQ

 

İqtisadiyyat