Qazaxıstan Bakı limanı ilə neft ixracını 6 dəfə artırıb

post-img

Bu ilin yanvar–noyabr aylarında Qazaxıstanın Aktau limanından Bakıya 1 milyon 238 min ton qazax nefti tədarük edilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Bu barədə Qazaxıstan Respublika­sının magistral neft kəməri üzrə “KazTransOil” milli operatoru məlumat verib. Bildirilib ki, 2023-cü ilin 11 ayı ərzində Aktau limanından qazax neftinin ixracı 3 milyon 62 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 faiz çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıs­tan Respublikasının Prezidenti Ka­sım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft tədarükünün həcminin artırılması barədə tapşırıq verib. Bu tapşırığa uy­ğun olaraq, “KazMunayQaz” Səhmdar Cəmiyyəti və Azərbaycan Respubli­kasının Dövlət Neft Şirkəti – SOCAR “Tengiz” yatağından Bakı–Tbilisi–Cey­han neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalayıblar.

XQ

İqtisadiyyat