İraqda tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələləri müzakirə olunub

post-img

İraqa səfər zamanı tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşdük. İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələlərini müzakirə etdik.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Qeyd edək ki, ötən gün nazir Rəşad Nəbiyevin İraqa rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və İraqın dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

Həmçinin Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

"İraqa səfər çərçivəsində bu ölkənin kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük. İki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışdıq. Ölkəmizdə xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verdik. Daha sonra Azərbaycan və İraq arasında Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etdik", - deyə Rəşad Nəbiyev bildirib.

Səfər çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsini də müzakirə edib.

“İraqa səfər çərçivəsində nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşdük. İki ölkə arasında beynəlxalq yük və avtomobil daşımaları sahəsində əməkdaşlığın inkişafını müzakirə etdik”, - deyən Rəşad Nəbiyev əlavə edib ki, görüşdə AZAL tərəfindən bu ilin dekabr ayından etibarən Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprel ayından isə Bəsrəyə həftədə bir reysin həyata keçirilməsi məsələsi də nəzərdən keçirilib.



İqtisadiyyat