Dünya Bankı ölkəmizdə bu sahədə böyük imkanların olduğunu bildirir
Tərəvəzçilik Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Ölkəmizdə bu sahəyə maraq həmişə yüksək olub. Bu da təsadüfi deyil. Çünki tərəvəz məhsullarının yetişdirilməsi mövsümi xarakter daşıdığından əkin-biçin adamı zəhmətinin bəhrəsini qısa müddətdə görür, necə deyərlər, gəlirini-çıxarını yaxşı hesablaya bilir.
Tərəvəzçilik, həm də yüksək gəlir gətirən bir sahədir. Yetər ki, əziyyətə qatlaşıb torpağa basdırdığın hər bir şitilin nazını çəkib nəvazişini, istədiyi qulluğu ondan əsirgəməyəsən. Daha dəqiq desək, əgər sahələrdə lazımi aqrotexniki tədbirləri vaxtlı-vaxtında görə bilsən, o da sənə borclu qalmaz, mövsümün sonunda üzünü güldürər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 10 milyard 865,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Ümumi istehsalın 5 milyard 731 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. Hesabat dövründə bitkiçilik məhsullarının istehsalı əvvəlki ilin eyni dövrünün göstəricisini 2,7 faiz üstələyib.
Son illər ölkəmizdə mühüm növ bitkiçilik məhsullarından sayılan tərəvəzin yetişdirilməsinə marağın getdikcə artması səbəbindən əkin sahələrinin genişlənməsi müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il mövsümün əvvəlindən Azərbaycanda, ümumilikdə, 61 min 179 hektar sahədə tərəvəz əkilib. Əkin sahələrinin 17 min 754, 9 hektarı pomidorun, 11 min 28,8 hektarı soğanın, 9 min 645 hektarı xiyarın, 4 min 364 hektarı badımcanın, 3 min 597,3 hektarı kələm və gül kələminin, 2 min 355,5 hektarı şirin bibərin, 1060,7 hektarı isə acı bibərin payına düşüb. Bundan əlavə, mövsüm ərzində 2073,2 hektar sahədə sarımsaq, 935,1 hektar sahədə balqabaq, 980,3 hektar sahədə süfrə yerkökü, 674,9 hektar sahədə turp, 645,8 hektar sahədə süfrə çuğunduru, 431 hektar sahədə isə göy noxud əkilib.
Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 60 min 179,5 hektar tərəvəz sahəsində yığım həyata keçirilib. Həmin sahələrdən isə 1 milyon 694 min 660 ton məhsul yığılıb. Hesabat dövründə tərəvəz sahələri üzrə hektarın məhsuldarlığı 281,6 sentner təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,2 sentner çoxdur. Tərəvəzçilikdə ən yüksək göstəricilərə isə Qazax–Tovuz (387 min 993,8 ton) və Qarabağ (232 min 640,7 ton) iqtisadi rayonlarının fermerləri imza atıblar.
Ölkə tərəvəzçiləri daxili bazarda məhsul bolluğu yaratmaqla yanaşı, ixracın strukturunun genişləndirilməsinə mühüm töhfələr verirlər. Elə 2023-cü ilin 9 ayında Azərbaycandan xaricə 470 milyon 390 min dollar dəyərində 462 min 613 ton meyvə-tərəvəzin ixrac edilməsi də bunu təsdiqləyir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 milyon 329 min dollar və ya 7,1 faiz, həcmi isə 48 min 837 ton və ya 11,8 faiz artıb. Hesabat dövründə meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,78 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19,32 faiz təşkil edib.
Məlum olduğu kimi, tərəvəzçiliyin inkişafında iri fermer təsərrüfatları ilə yanaşı, həyətyanı sahələrində məhsul yetişdirən şəxslər də mühüm rol oynayırlar. Bununla belə, iri fermer təsərrüfatlarında daha bol məhsul əldə etmək mümkündür. Hazırda ölkəmizdə tərəvəzçiliyin inkişafında istixanaların da rolu əvəzsizdir. Məhz istixana sahiblərinin əməyinin nəticəsidir ki, əhali ilin soyuq fəsillərində belə, dükan-bazardan təzə tərəvəz ala bilir.
Azərbaycanda tərəvəz istehsalını daha dayanıqlı etmək üçün isə, təqribən, 9 min 800 hektar sahədə istixanaların təkmilləşdirilməsinə 3,81 milyard ABŞ dolları investisiya yatırılması tələb edilir. Bununla bağlı məlumat Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair “İqlim və İnkişaf Hesabatı”nda yer alıb. Bildirilir ki, 0,5 milyon hektar ərazidə tətbiq edilən (buğda, qarğıdalı, pambıq və tərəvəz üçün) mühafizə xarakterli kənd təsərrüfatı (minimum əkin) texnologiyasının mənimsənilməsinə isə nisbətən az – 10,1 milyon dollar investisiya yatırmaq lazımdır.
Sənəddə qeyd olunur ki, nəmi qoruyan bu texnologiya torpaqların eroziyasını azalda, eləcə də əkin sahələrinin strukturunu və məhsuldarlığını yaxşılaşdıra bilər. Hesabat müəlliflərinin fikrincə, bilik mübadiləsinə və təlimlərə daha çox investisiyaların yatırılması da tələb olunacaq. İqlimə dözümlü kənd təsərrüfatına uyğunlaşdırma məqsədilə yatırılan investisiyaların onları əvəzləyən iqtisadi faydaları var və buna görə də uyğunlaşdırma texnologiyalarının və tədbirlərinin maliyyələşdirilməsi üçün həm dövlət sektorunun, həm də özəl sektorun investisiyaları tələb olunur.
“Subsidiyalara dövlət investisiyaları və yaxud stimulları investisiya xərclərinin 30-40 faizini təşkil edə bilər və əsasən, maliyyəyə çıxışı məhdud olan, uyğunlaşdırma texnologiyalarını və tədbirlərini mənimsəmək üçün potensialı zəif olan kiçik təsərrüfat sahiblərinə dəstək göstərilməsinə yönələ bilər. Hazırkı təsərrüfatların genişləndirilməsi xidməti fermerlərə təlim və texniki yardım vasitəsilə yeni biliklər öyrədilməsini, yeni texnologiyaların və idarəetmə təcrübələrinin mənimsənilməsi prosesinin sadələşdirilməsini tələb edəcək”, – deyə hesabatda bildirilir.
Yeri gəlmişkən, bitkiçilikdə məhsuldarlığın yüksək olması toxumdan başlayır. Məhz bu səbəbdən ölkədə toxumçuluğun daha da inkişaf etdirilməsinə ciddi ehtiyac var. Ekspertlər hesab edirlər ki, hazırda ölkədə kiçik təsərrüfatlar əksər hallarda bazarlarda satılan təsadüfi toxumlara müraciət edir, toxumları kiminsə tövsiyəsi ilə alırlar. Nəticədə isə, lazımi məhsuldarlığa nail ola bilmirlər. Hazırda Azərbaycanda kifayət qədər toxum istehsal olunmadığından tələbatın müəyyən hissəsi idxal hesabına ödənilir. Bu isə milyonlarla manat vəsait deməkdir.
3 il əvvəl paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı ölkəmizdə kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılması ilə yanaşı, tərəvəzçiliyin inkişafına da mühüm töhfə verəcək.
Mirbağır YAQUBZADƏ
XQ

