“Şahdəniz” layihəsi ölkəmizə töhfəsini artırır

post-img

Bu ilin 9 ayında yataqdan 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat çıxarılıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən dünya səviyyəli “Şahdəniz” yatağı uzun illərdir ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə, ölkəmizin potensial qaz tədarükçüsü kimi rolunun artmasına xidmət edir. XXI əsrin ən böyük eneji marşrutu sayılan Cənub Qaz Dəhlizi ilə Avropaya göndərilən qaz həcmlərinin artırılması isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır. 

“BP-Azərbaycan” şirkətinin məlumatı­na görə, 2023-cü ilin 9 ayında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə, təx­minən, 1 milyard 738 milyon dollar, əsaslı məsrəflərinə isə 653 milyon dollar xərclə­nib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib. 

Cari ilin ötən dövründə təbii qa­zın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib. 

Məlum olduğu kimi, layihə səhmdarla­rının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlən­mə mərhələsi çərçivəsində tikinti-quraş­dırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qaz isə 2006-cı ilin sonlarında hasil edilib. Zəngin qaz və kondensat ehtiyat­larına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması qu­raşdırılaraq istismara verilib. Həmin qur­ğuların gündəlik hasilat gücü təxminən 72,1 milyon (ildə 26,3 milyard kubmetr­dən artıq) kubmetr təşkil edir. Cari ilin doqquz ayında “Şahdəniz Alfa” və “Şah­dəniz Bravo” platformalarından, ümumi­likdə, təqribən 20 milyard kubmetr qaz və 3 milyon tondan artıq kondensat çıxarılıb. Yeri gəlmişkən, hasilata başlanıldığı və Cənubi Qafqaz boru kəmərinin istismara verilməsindən 16 il yarım sonra “Şahdə­niz” layihəsi üzrə əlamətdar hadisə, uğur­lu nəticə qeydə alınıb. Belə ki, layihənin səhmdarları avqust ayının 26-da “Şahdə­niz” yatağından 200 milyard kubmetr qaz əldə olunmasını təntənəli şəkildə elan ediblər.

Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsin­də ilk dəfə olaraq Xəzər dənizində yata­ğın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasruk­turdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə bir­ləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbay­can ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompres­sor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi daxildir. 

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” qu­yusunun istismara verilməsi ilə “Şahdə­niz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların is­tismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yata­ğın qərb-cənub cinahını işlənməyə daxil ediblər. 

2023-cü ilin üçüncü rübündə sözü­gedən layihə çərçivəsində aparılan işlər yatağın şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun davam etdirilib. Həmin cinahdan hasilatın başlanması üçün qu­raşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasının üst modullarında aparılıb. Hesabat dövründə layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işlə­ri uğurla tamamlanıb. Hazırda isə bütün sistemin təhvil verilməsi üçün platformada istismar sınaqları həyata keçirilir. 

Bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasının qazma qurğusunda aparılan profilaktik işlər səbəbindən yeni quyu qazılmayıb. Bununla belə, “İstiqlal” qazma qurğusu vasitəsilə SDF03z quyu­sunun tamamlama işləri yekunlaşdırılıb və SDF05 quyusunda analoji tədbirlərə başlanılıb. Ümumilikdə isə, ötən müddət­də “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 4-ü qərb, 4-ü şərq, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb. 

Hazırda layihənin səhmdarları tərə­findən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay böl­güsünə dair saziş çərçivəsində yeni bir kəşfiyyat quyusunda qazma işləri aparılır. Qeyd edək ki, SDX-8 adlandırılan həmin quyunun qazılmasına 2023-cü il yanva­rın 20-də Heydər Əliyev adına yarımdal­ma qazma qurğusu vasitəsilə başlanılıb. “Şahdəniz” yatağının şərq cinahında yerləşən quyu yatağın hazırda istismar­da olan məhsuldar laylarının altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılır.

“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngə­çal terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təq­ribən 100 milyon standart kubmetrdir. 

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və termi­nalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qazpayla­ma sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Cari ilin üç rübü ərzində terminaldan, həmçinin gündəlik orta hesabla, təxminən, 71 mil­yon kubmetr “Şahdəniz” qazı göndərilib. 

Məlum olduğu kimi, Səngəçal termi­nalındakı mövcud qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə ötürür. Ötən il Cənubi Qafqaz boru kəmə­rinin əməliyyat tədbirlərinə təqribən 49 milyon dollar, əsaslı məsrəflərinə isə 4,5 milyon dollar xərclənib. 

Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alı­cılara daha çox qaz çatdırmaq məqsə­dilə kəmərin imkanları xeyli genişləndiri­lib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcm­lərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. Bu ilin 9 ayı ərzində Cənubi Qafqaz boru kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 milyon kubmetr təşkil edib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat