Yeraltı səltənətin yerüstü bayramı

post-img

6 Noyabr Metropoliten İşçiləri Günüdür

Bakı metrosunun müstəqillik illərindəki fəaliyyəti iqtisadi inkişafın həm Azərbaycan modelini, həm də bazar iqtisadiyyatının başlıca tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını tələb edirdi. 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC də bu zərurətdən ilə yarandı. Bundan sonrakı dövr metropolitenin tarixinə hərtərəfli inkişafın yüksək sürəti ilə daxil oldu.

Metro infrastrukturunun əsas his­səsi yer altında, tunellərdə yerləşdiyi və hidrogeoloji şəraitin, qrunt suları­nın dağıdıcı təsiri ilə üzləşdiyi üçün, ilk növbədə, mühitin kimyəvi, həmçinin qatarların dartı cərəyanından yaranan elektrik korroziyasının tunellərə mənfi təsiri gündəlik iş rejimi şəraitində ara­dan qaldırılır, axıntılar ləğv edilir, yeraltı sular tunellərdən kənarlaşdırılır, orada təbii və məcburi hava axını yaradılır. Xüsusən korroziya əleyhinə mübarizə prosesində metropolitenin mütəxəssis­ləri tərəfindən dünya təcrübəsinə əsas­lanan müasir boyalardan istifadə edilir.

Bakı Metropolitenində formalaşan qrunt sularından səmərəli istifadə ilə bağlı təşəbbüs isə paytaxt üçün ən mühüm layihələrdəndir. “Nizami” stan­siyası yaxınlığında xüsusi qurğularla yer üzərinə çıxarılan su paytaxtda tex­niki məqsədlər, ən əsası, yaşıllıqların suvarılmasında səmərəli istifadə olu­nur.

Enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stan­siya və tunellərin səmərəli havalandı­rılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-bu­raxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və s.) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilin­dən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizli­yindən söz gedə bilməz. Buna görə də metronun enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hal­larda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olun­maqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, “Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansi­yalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarıms­tansiyalarında da yerinə yetirilib. 

Gələcəkdə metropolitendə hərəkə­tin təşkili və idarə olunmasında müa­sir “CBTC” və “SCADA” proqram-alət kompleksinin tətbiqinə üstünlük verilə­cək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texno­logiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni “Bənövşəyi xətt”də və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcək­də bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

Yarım əsrdən artıq bir istismar döv­rü yaşayan Bakı Metropoliteninin hava­landırılması, stansiyalarda iqlim şəraiti­nin normallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi son illərdə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş reji­mi daha da optimallaşıb, istismar müd­dətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 20-yə yaxın belə ventilyator yenisi ilə əvəzlənib.

Stansiyalarda sərnişin axınının təş­kilində əhəmiyyətli rolu olan eskalator­lаrın, demək olar ki, 80 faizindən çoxu yenilənib. Sovet dövrünün eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkəti­nin müasir nümunələri ilə əvəz edilib.

Çoxminlik metropoliten kollektivi həmişə Bakıda normal həyat şəraiti­nin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayaraq daha da artıracağına, sər­nişinlərinə xidmətin səviyyəsini daha da yüksəldilməsinə, onların təhlükəsiz­liyinin, rahatlığının təmin olunmasına inamla zəmanət verir.

Bu il ərzində 27-ci, ikinci yerüstü və “Bənövşəyi xətt”in 4-cü stansiyası is­tismara verilib. “Xocəsən” elektrik de­posunun açılışı olub. Yeri gəlmişkən, əgər ilk deponun işə salınmasında 56 il əvvəl keçmiş SSRİ-nin çoxsay­lı mütəxəssisləri rol oynamışdılarsa, beynəlxalq standartlara uyğun qurulan indiki “Bənövşəyi xətt” deposu Azər­baycan mütəxəssislərinin müstəqillik illərində əldə etdikləri təcrübənin nə­ticəsidir.

Bütün bunlarla bərabər, ötən il dekabrın 30-dan başlayaraq 4 qatar tərkibini formalaşdıran 20 vaqon da sərnişinlərin ixtiyarına verilib. Eyni za­manda, metropolitendə xidmət mədə­niyyətinin yüksəldilməsini və sərnişin məmnunluğunu şərtləndirən ən zəruri amil Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə 2015-ci ildən alınan yeni nəsil qatarları olub. Belə qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatdı­rılıb. 

Hazırda istismarda 11 kilometrdən çox depo yolları var və onun 80 faizə yaxın hissəsi artıq beton şpallar üzərin­də qurulub. Bu isə ölkə xaricindən gə­tirilən ağac şpallarından asılılığı daha da azaldıb. Belə bir şəraitdə mövcud şpalların qulluğu daha da asanlaşıb, səmərəsi isə çoxalıb. 

“Bakı Metropoliteni” QSC-nin öz layihəsi əsasında daha bir yenilik də artıq özünü doğruldub. Belə ki, depoda 7 yoldəyişdirici qurğu dəmir-beton çe­virici tirlər üzərində yerləşdirilib. Qatar­ların təmir edilmiş baxış-qulluq sahələ­rinin qarşısında olan daha 5 qurğu da dəmir-beton monolit üzərində olmaqla yenidən qurulub. 

Cari il metropoliten üçün hər han­sısa məhdudiyyətin olmadığı şərait sa­yıla, yəni postpandemiya dövrü hesab oluna bilər. Çünki pandemiya metro­politenə çox böyük mənfi təsir göstərib. Əlbəttə, zaman baxımından mümkün texniki yeniliklər reallaşdırılıb. Hətta “Elmlər Akademiyası” stansiyasında, depoda bir neçə yol yenidən qurulub, ölkəmizdə istehsal olunan dəmir-be­ton bloku tətbiq edilib. Bu xüsusda artıq “Cəfər Cabbarlı”, “Xətai” stansiya­ları da daxil olmaqla, yollar müasirləş­dirilib. Hətta əsaslı təmiri davam edən “Cəfər Cabbarlı” stansiyasından “Xə­tai” stansiyasına qədər olan yolun 500 metrlik hissəsində də dəmir-beton blok tətbiq edilib. Lakin əsas məsələ sər­nişindaşıma və onun təşkilidir. 2019-cu ildən sonra ilk dəfə sentyabr ayında məhz bu il payız-qış qrafiki tətbiq olu­nub.

V.BAYRAMOV
XQ

Sosial həyat