"Azəristiliktəchizat" ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb

post-img

Məlumata əsasən, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı "Azəristiliktəchizat"ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" və istehlakçı arasında müqavilə imzalanır.

Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə isə bu barədə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. 

Bəs bu müqavilələr nəyə əsasən tərtib olunub? Müsbət tərəfləri nələrdir?

Mövzu ilə bağlı XQ-ə "Azəristiliktəchizat"ın mətbuat katibi Elvin Basqallı açıqlama verdi. “Məlumatda da qeyd edildiyi kimi, əhali istehlakçı qrupu ilə enerji təchizatı müəssisəsi arasında müqavilələr imzalanır. Bağlanmış müqavilələr birinci növbədə əhali istehlakçı qrupu üçün maraqlıdır. Belə ki, bu müqavilələr nəticəsində, onlar öz vəzifə və öhdəliklərinə daha dərindən bələd olacaqlar, çünki bunlar müvafiq olaraq sənəddə qeyd olunub. Məsələnin müsbət cəhəti də bundadır ki, əhalinin xeyrinə olan bir addımdır. Qeyd etmək istəyirəm ki, bu müqavilələr həm istilik enerjisi alan sakinlərə, həm də isti su təchizatı alan sakinlərlə bağlanılır”.  

Şahanə XANKİŞİYEVA

 

İqtisadiyyat