Botanika İnstitutunun əməkdaşları “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak ediblər

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və Mikologiya şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva Böyük Britaniyanın London şəhərində ezamiyyətə olublar. Səfərin məqsədi Kyu Kral Botanika Bağları (KKBB, Böyük Britaniya) təşkilatçılığı ilə keçirilən “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak etmək və mövcud əməkdaşlığın, eləcə də digər prioritet istiqamətlər üzrə görülə biləcək işlərin müzakirəsi olmuşdur.

Kral Botanika Bağlarının təşkil etdiyi beynəlxalq elm və siyasət simpoziumuna 280-dən çox şəxsən və 1300-dən yuxarı onlayn iştirakçının qatıldığı tədbirdə bitki və göbələklərin müxtəlifliyi, yayılması, təhlükələri və qorunması ilə bağlı geniş müzakirələr aparılıb. Afrika başda olmaqla biomüxtəlifliyin böyük kütləsinin yerləşdiyi cənub yarımkürə üzrə bir çox işlərin öz həllini tapdığı və resursların bəzi ölkələr üzrə sərbəst şəkildə təmin olunmasının mümkünlüyünü nəzərə alaraq növbəti illərdə Asiya qitəsi üzrə tədqiqatlara daha çox diqqət verilməsinin vacibliyi qeyd edilib. Həmçinin qlobal olaraq 3F konsepsiyası, yəni Flora, Fauna terminləri ilə yanaşı Funga terminin istifadəsi təklif edilib və dəstəklənib.

Tədbirdə nümayəndə heyətimiz tərəfindən “Azərbaycanda bitki və makrogöbələklərin qorunması və qiymətləndirilmə aparılmış növlər” mövzusunda məruzə və həmçinin poster təqdim edilib. Həmçinin Kyu Kral Botanika Bağlarının elm üzrə direktoru professor Aleksandr Antonelli ilə Kyu Kral Botanika Bağları və Botanika İnstitutu arasında bağlanmış Əməkdaşlıq memorandumuna əsasən yerinə yetirilən işlər və gələcək fəaliyyətlər müzakirə edilib. Memorandumuna əsasən gənc alim və doktorantların Kyu Botanika Bağında təcrübə, təlim keçməsi və tədqiqatlar aparması, o cümlədən yeni qrant hesabına ölkəmizdə nadir və nəslikəsilmək təhlükəsində olan növlərin itmə səbəblərinin öyrənilməsi əsas prioritetlərdəndir. 

Səfər çərçivəsində təşkilatın nəzdində fəaliyyət göstərən Fungariumla tanışlıq və gələcək əməkdaşlıq imkanları barədə ilkin danışıqlar aparılıb. Həmçinin Kral Botanika Bağına səyahət zamanı onların təcrübəsinə aid bəzi detalların gələcəkdə ölkəmizdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

XQ











Sosial həyat