Azərkosmos və Ali Məhkəmə “Manfred Laks” məhkəmə müsabiqəsi keçirib

post-img

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərkosmos və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Manfred Laks” məhkəmə müsabiqəsi keçirilib.

Azərkosmosdan bildirilib ki, müsabiqədə “Koligian” şirkətinin “Argyliam” şirkətinə qarşı qaldırdığı iddia müzakirəyə çıxarılıb. Sözügedən müsabiqədə Yer kürəsinin orbitində lazer sistemlərinin (The Palver) yerləşdirilməsi və onların istifadəsi ilə bağlı qeyri-dəqiq məlumatların verilməsinin beynəlxalq münasibətlər sahəsində yaratdığı ciddi qalmaqallardan danışılıb.

Belə ki, “Argyliam” şirkətinin Palver-3 lazer sistemi üçüncü tərəfə aid peykin casusluq fəaliyyətini dayandırmağa cəhd edərkən təsadüf nəticəsində “Koligian” şirkətinə məxsus peyki sıradan çıxarıb. “Argyliam” və “Koligian” arasında mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadığı üçün iş Beynəlxalq Ədalət Məhkəməsinə verilib.

Sözügedən müsabiqədə tərəflərin səsləndirdiyi iddialar və təzminat məsələləri kosmos haqqında, o cümlədən beynəlxalq hüquqa dair qanunvericiliyə istinadən geniş müzakirə olunub. Müsabiqədə Çinin “Argyliam” şirkətinin irəli sürdüyü geniş təhlil, optimal həll variantı və hüquqi əsaslandırmalar yüksək qiymətləndirilib, sözügedən şirkət müsabiqənin qalibi adına layiq görülüb.

Qeyd edək ki, kosmosdan səmərəli istifadə hüququnu əhatə edən sözügedən məhkəmə müsabiqəsi ilk dəfə olaraq 1992-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin sabiq sədri olmuş polyak alim Manfred Laksın təşəbbüsü ilə həyata keçirilib.

Müsabiqə hər il ənənəvi qaydada Beynəlxalq Kosmos Hüququ İnstitutu tərəfindən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunur. Müsabiqədə dünyanın istər dövlət, istərsə də özəl kosmik agentlikləri arasında baş vermiş mübahisələr və onların optimal həll variantları müzakirəyə çıxarılır.

Müsabiqədə Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrika regionundan olan hüquq sahəsi üzrə mütəxəssislər təmsil olunurdular.

Qeyd edək ki, “kosmosda hüquq” anlayışı kosmosda çoxsaylı tədqiqatların aparılması, yüksək texnologiyaların tətbiqi, o cümlədən kommersiya fəaliyyətinin təşkili, kosmik agentliklər arasında hüquq və məsuliyyətlərin müəyyən edilməsi və monitorinqlərin aparılmasına ciddi zəmin yaradır.

Xatırladaq ki, bu il avqustun 4-də “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Hərtərəfli qanunvericiliyə dair bütün tələblərə cavab verən bu Qanun Azərbaycanda kosmik fəaliyyətin genişləndirilməsi üçün bələdçi rolunu oynayacaq.











İqtisadiyyat