Bu ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə sənaye məhsulunun 79,8 faizi mədənçıxarma, 17,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,9 faiz təşkil edib. İlin ötən 8 ayında sənayedə qeyri-dövlət sektorunun payı 87,2 faiz olub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-i vəziyyətinə görə hazır məhsul ehtiyatı 365,4 milyon manat təşkil edib. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,1 milyon manat məbləğində digər məhsullar da var.
XQ