Dünya birjalarında neftin qiyməti bahalaşıb

post-img

Qlobal miqyasda yanacaq qıtlığı ilə bağlı narahatlıqların artması neftin qiymətinə təsir edir. Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 94,91 dollar təşkil edib. Bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,95 dollar (1,01 faiz) çoxdur. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində noyabr ayı üçün WTI neftinin fyuçerslərinin kotirovkaları bu vaxta qədər 0,96 dollar (1,06 faiz) artaraq bir barelə görə 91,35 dollar təşkil edib. 

Azeri Light” markalı neftin isə bir barelinin qiyməti 1,09 dollar azalaraq 100,33 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

P.ƏFƏNDİ

İqtisadiyyat