Neft bahalaşır, Azərbaycanın gəlirləri artır

post-img

Sentyabrın 21-nə olan məlumata görə, “Azeri Light” markalı Azərbaycan neftinin İtaliyanın Augusta limanında 1 bareli 100.78 ABŞ dollardır. Azeri Light markalı Azərbaycan nefti ilk dəfə sentyabrın 15-də bir barel üçün 100 ABŞ dolları həddini keçib. Sutkalıq hasilat isə avqust ayında 620 min barel olub. Bunun 498 min bareli xam neft, 122 min bareli isə kondensat neftdir. 

Neftin qiymətinin yüksək olması isə Azərbaycanın gəlirlərini artırıb. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan bəyan edilmiş neftin ixracı 18 milyon 506 min 42,46 ton təşkil edib ki, bu da 2022-ci ilin 8 ayının göstəricisindən 2,9 faiz çoxdur.  Hesabat dövründə ixrac olunmuş neftin ümumi dəyəri 11 milyard 234 milyon 779,76 min dollar təşkil edib. 8 ayın göstəricilərinə əsasən, Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından əldə etdiyi gəlir 4 milyard 728 milyon ABŞ dolları olub.

2023-cü ilin yanvar-avqust aylarında neftin ümumi ixrac strukturunda xüsusi çəkisi 46,13 faiz (2022-ci ilin yanvar-avqust aylarında 52,29 faiz) təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında 20 ölkə Azərbaycan neftinin alıcısı olub. Tunis avqust ayında alıcıların sayını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ənənəvi olaraq İtaliya əsas alıcı olaraq qalır ki, bu da bütün “qara qızıl” ixracının 40,8 faizini təşkil edib. Bu ölkəyə 4 milyard 697 milyon dollarlıq neft satılıb. 2023-cü ilin əvvəlindən Azərbaycandan İsrailə 1 milyard 88 milyon, İspaniyaya isə 700 milyon dollarlıq neft satılıb. Bu ölkələr ilk üçlükdə yerləşib. 

Xatırladaq ki, Azərbaycanın sutkalıq kvotası 684 min bareldir.

P.ƏFƏNDİ

İqtisadiyyat