Bölgələrə yatırım 9 faizədək yüksəlib

post-img

I yarımildə bu rəqəm 3 milyard manatı ötüb 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında cari ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyaların 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artması ilə bağlı məlumat verib. Nazir, həmçinin regionlarda əsas kapitala yatırılan investisiyaların həcminin 3,1 milyard manat təşkil etdiyini bildirib.

Bu göstərici son illər regionların inki­şafında mühüm dəyişikliklərin baş ver­diyindən xəbər verir. Əlbəttə, belə bir dinamika, ilk növbədə, Prezident İlham Əliyevin müdrik siyasətinin, imzaladığı regional dövlət proqramlarının mən­tiqi nəticəsidir. Respublikamızın bütün şəhər və rayonlarının sürətlə müasirləş­məsi, abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi, böyük inf­rastruktur layihələrinin gerçəkləşdirilmə­si, yeni iş yerlərinin yaradılması, vətən­daşların sosial rifahının yüksəldilməsi də məhz regional strategiyanın uğurlu icrasından qaynaqlanır. 

Əvvəlki dövrlərdə olduğu kimi, “Azərbaycan Respublikası regionları­nın 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da nəzər­də tutulan tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısının ciddi nəzarəti altındadır. Ölkə rəhbəri gərgin iş reji­minə baxmayaraq, regionlara mütəmadi səfərlər edir, görülən işlərlə yerində tanış olur, layihələrin daha sürətlə reallaşması üçün tapşırıq və tövsiyələrini bildirir. 

Ölkə başçısı təkcə ötən il rayonlara səfər çərçivəsində 160-dan çox obyek­tin– istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələ­ri, səhiyyə və təhsil müəssisələrinin açı­lış mərasimlərində iştirak edib, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələri­ni verib. 

Bölgələrə belə qayğı və diqqətlə yanaşılması sayəsində iqtisadi fəallıq artıb, bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilib. Bunun gerçək­ləşməsində isə iqtisadi suverenliyin tə­min olunması, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən fəal makroiqtisadi siyasətin yürüdülməsi, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiy­yatın genişləndirilməsi, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması və düşməndən təmizlənən ərazilərin nəhəng potensialının iqtisa­di sistemə inteqrasiyası, habelə həmin ərazilərə əhalinin qayıdışının sürətlən­dirilməsi kimi amillər xüsusi rol oynayıb. 

Təbii ki, regionların inkişafına iqtisadi artımın davamlı olması, milli iqtisadiyya­tın səmərəli şaxələnməsi, ixrac potensia­lının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının güclənməsi məsələləri də önəmli təsir göstərib. Nəticədə ölkə üzrə istehsal edilən məhsulların 27 faizə yaxın hissəsi regionların payına düşüb.

Regionların inkişafını daha da sürət­ləndirmək məqsədilə son illərdə respub­likada özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata ke­çirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexaniz­minin tətbiqinin davam etdirilməsi, xa­rici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yox­lamaların, lisenziyaların sayının mini­muma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaf­lığın təmin edilməsi, bütün bunlarla bağ­lı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına sə­bəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərt­ləndirib.

Aqrar sektorun inkişafında mühüm önəm daşıyan aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində layihələrə də xüsusi əhə­miyyət verilir. Dövlət başçısının müva­fiq tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark üzrə iş­lər davam etdirilir. Sözügedən aqropark­lardan 44-ü artıq fəaliyyətə başlayıb, di­gərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycanda 2004-cü ildən in­diyədək uğurla reallaşdırılan regi­onların sosial–iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensi­alının artmasına, infrastruktur təmina­tının, kommunal xidmətlərin keyfiyyə­tinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərib, bununla da ölkəmizin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiy­yətli töhfə verib. 

Kənd təsərrüfatı, emal sənayesi respublikamızda qeyri-neft sektoru­nun inkişafında əsas prioritet sahələr hesab edilir. Aqrar sektorun subsidi­yalaşdırılması və vergi azadolmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizm­ləri regional inkişafın sürətlənməsində mühüm rol oynayıb.

Dövlət proqramı çərçivəsində regionlarda sənayeləşmə siyasə­tinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər indiyədək uğurla davam etdirilib. 7 sə­naye parkının–Sumqayıt Kimya, Qa­radağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yer­ləşən “Araz vadisi İqtisadi Zonası” sə­naye parklarının və 5 sənaye məhəl­ləsinin– Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələ­rinin səmərəli fəaliyəti təmin olunub. Həmin kompleks müəssisələrdə sahi­bkarlığın müasir dünya təcrübəsi əsa­sında inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Sənaye parkları və məhəllələrinin rezidentləri qeydiy­yata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsə­dilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə sosial-iqtisadi inki­şaf strategiyasına uyğun olaraq, ölkə­mizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davamlı şəkildə həyata keçirilib. Respublika­da real sektora özəl investisiyaların cəlbini gücləndirmək məqsədilə döv­lətimizin başçısının 2016-cı il 18 yan­var tarixli fərmanı ilə təsdiqlənən “İn­vestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, həmin sənədinin verilməsi davam etdirilib. Təkcə ötən il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olu­nub. Bunun nəticəsində yerli istehsala 665 milyon manat investisiyanın yatı­rılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulub. 

İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedici sənəd ve­rilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 18,54 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat