Macarıstanla əlaqələrimiz Avrasiya üçün də önəmlidir

post-img

Bu ölkənin 21 şirkəti respublikamıza 1,1 milyard dollar sərmayə yatırıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 11-də “Facebook” hesabında Macarıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduğunu, görüş zamanı iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına, əməkdaşlıq perspektivlərinə toxunulduğunu qeyd edib. O, həmçinin Macarıstanla birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə müzakirələr aparıldığını bildirib.

M.Cabbarov dost ölkədə səfərdə olarkən keçirilən görüşlərdə Azərbay­can–Macarıstan əlaqələrinin gücləndi­rilməsi üçün böyük imkanların mövcud­luğu vurğulanıb və energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait yaradıldığı, eyni za­manda, bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ərazi­sindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də ətraflı məlumat verilib, Ma­carıstan şirkətləri ölkəmizin əlverişli biz­nes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.

Azərbaycan–Macarıstan iq­tisadi əməkdaşlığından bəhs edərkən diqqətçəkən bir məqama da diqqət yetirək. Bununla bağlı əvvəlcə onu deyək ki, ölkəmiz bu gün özünün qaz təchizatının coğ­rafiyasını Avropa bazarına qədər genişləndirir. Bu məsələdə həm respublikamız, həm də Avropa maraqlıdır. Çünki tərəflərdən biri özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı qar­şılamağa, digəri isə öz enerji təh­lükəsizliyinin qorunmasını reallaş­dırmağa ehtiyac duyur.

Azərbaycanın enerji siyasə­tinin digər mühüm komponenti Avropaya “yaşıl enerji”nin ixracı ilə bağlıdır. Ölkəmiz Avropanın mühüm “yaşıl enerji” təchizatçısı­na çevrilməyi planlaşdırır. Nəhəng bərpaolunan enerji potensialımız ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan yaradır.

Azərbaycanla Macarıstan arasında strateji münasibətlərin dinamik inkişafı getdikcə dərinlə­şib. Dost ölkə son illərdə Şərqi və Mərkəzi Avropada respublikamızın əsas tərəfdaşlarından kimi tanınıb. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, 2022-ci ildə ölkələrimiz arasındakı ticarət döv­riyyəsi 26 faiz artaraq 47,5 milyon dollara çatıb. Cari ilin ilk yarısında isə tərəflər arasında 24 milyon dol­larlıq ticarət qeydə alınıb. 

İki ölkə arasında ticarət dövriy­yəsinin böyük hissəsi idxalın payı­na düşür. Başqa sözlə, Azərbay­can–Macarıstan əməkdaşlığında 45 milyon dollar idxal, 2,3 milyon dollardan bir qədər artıq isə ixrac təşkil edir. 

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin idxal və ixrac nisbətlərinin dəyişəcəyi gözlənilir. Bu əminliyi isə ötən ilin sonunda Buxarestdə Macarıstan–Rumıni­ya, Gürcüstan və Azərbaycanın birgə imzaladığı sənədlə respub­likamızda istehsal olunacaq elekt­rik enerjisinin Qara dənizin dibi ilə Macarıstana qədər çatdırılması layihə–konsepsiyasının mövcud­luğu yaradır. 

Qara dəniz sualtı kabel layihə­sinin həyata keçirilməsi ilə bağlı artıq texniki və maliyyə məsələlə­ri nəzərdən keçirilir. Bununla da, 1200 kilometr uzunluğunda dün­yanın ən uzun sualtı kəmərinin tikintisi planlaşdırılır. Beləliklə, Azərbaycan qazının Avropaya, eyni zamanda, Macarıstana nəq­li nəticəsində “mavi yanacağ”ın həcminin getdikcə artması, res­publikamızda istehsal ediləcək elektrik enerjisinin Macarıstana ixracı iki ölkə arasındakı ticarət dövriyyəsinin kəskin şəkildə arta­cağını şərtləndirir. 

Sözügedən layihənin imple­mentasiyası region və Avropa bazarları arasında elektrik enerji­sinin ixracı imkanlarının genişlən­dirilməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin külək enerjisi potensialı sayəsin­də Avropanın enerji təhlükəsizli­yinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inki­şaf özünü qabarıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaş­lığının daha da genişlənməsində imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, ha­belə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyət­li baza rolunu oynayır. Azərbay­canda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 mil­yard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə 18,1 milyon ABŞ dolları həcmin­də investisiya yatırması bunun məntiqi nəticəsidir.

Göründüyü kimi, belə bir ar­tım tendensiyasına baxmayaraq, Azərbaycan ilə Macarıstan ara­sında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf et­dirilməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşlarını, idxal və ixrac əməliyyatlarını genişləndir­mək imkanları yüksək qiymətlən­dirilir. Bu baxımdan dost ölkəyə qarşılıqlı rəsmi səfərlər iki dövlət arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. 

Azərbaycan–Macarıstan ara­sında ötən illər ərzində nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə sax­lanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Ma­carıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstan­dan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb. 

Hazırda Macarıstan şirkətləri tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təq­dim edilir. Döst dövlət düşmən­dən təmizlənən torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir. 

Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndir­mək istəyən Avropa ölkələrindən biridir. Macarıstanın “MVM CEE­nergy”, Azərbaycanın isə SOCAR şirkətləri arasında imzalanan müqaviləyə əsasən, respublika­mız 2023-cü ilin sonunadək dost ölkəyə 100 milyon kubmetr qaz nəql etməyi nəzərdə tutur. Bütöv­lükdə Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etməyi planlaşdırır. Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qa­zını idxal etmək imkanlarının ge­nişlənməsi bu göstəricinin realla­şacağına əminlik yaradır. 

Cənub Qaz Dəhlizinin (CQD) yeni elementinə çevrilən IGB-nin ötürmə gücünün 3,5 milyard ku­bmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Ma­kedoniya kimi ölkələrin də Azər­baycandan daha çox qaz alması­na və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır. 

Azərbaycan və Macarıstan arasındakı sıx dostluq əlaqələri hər iki ölkə ilə yanaşı, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır. Respublikamız Avrasiya­nın enerji xəritəsini dəyişən ölkə­dir. Macarıstanla da bu sahədə ölkəmizin geniş əməkdaşlığı möv­cuddur. Macarıstan Azərbaycan qazını idxal etməklə bərabər, di­gər ölkələrə ötürülməsində tranzit ölkə rolunu da oynayır. 

Enerjidən əlavə, ölkələrimizin nəqliyyat, tranzit, logistika, mi­natəmizləmə və digər sahələrdə də əməkdaşlığı getdikcə inkişaf edir. Keçən il Ələt Azad İqtisadi Zonası və Macarıstanın İxracın Təşviqi Agentliyi arasında Anlaş­ma Memorandumu imzalanması, dost ölkənin “Wizz Air” aşağı bü­dcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirməsi, macar şirkətləri tərəfin­dən Azərbaycanın işğaldan azad olunan ərazilərində yenidənqur­ma işlərində iştiraka böyük maraq göstərilməsi bunun bariz ifadəsi­dir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat