“Abşeron” yatağı beynəlxalq tərəfdaşlıq platformasıdır

post-img

Bu layihə Avropanın qaz təchizatına ölkəmizin töhfəsini artıracaq

Ötən ayın son günü Azərbaycanın neft-qaz sənayesi tarixində daha bir əlamətdar hadisə ilə yaddaqalan oldu. Həmin gün “Abşeron” qaz-kondensat yatağından ilk qazın alınması dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizə gələn “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi.

Görüş zamanı şirkət rəhbəri “Abşe­ron” yatağında hasilata başlanılmasını diqqətə çatdıraraq layihənin parametr­ləri barədə dövlətimizin başçısına ətraflı məlumat verib. İlk hasilat quyusunun ən məhsuldar və ən aşağı karbon tullantı­larına malik quyu kimi xarakterizə edən Patrik Puyanne qeyd edib ki, bu, yata­ğın potensialının zənginliyinin və pers­pektivinin aydın göstəricisidir.

Söhbət zamanı, həmçinin “TotalEner­gies” şirkətinin Azərbaycanda fəaliyyəti­nin genişləndirilməsi, o cümlədən “Abşe­ron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, “Total Energies” şirkətinin ölkəmizdə di­gər layihələrdə iştirakla bağlı maraq ifa­də olunub. Bu xüsusda ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib. 

“Abşeron” qaz-kondensat yatağın­dan ilk qazın alınmasına həsr olunmuş tədbirdə çıxış edən SOCAR-ın Müşa­hidə Şurasının sədri, iqtisadiyyat na­ziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ab­şeron” qaz-kondensat yatağında hasi­lata başlanılmasının ölkəmiz və layihə­də iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin mü­vafiq sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu 2023-cü ildə “Abşeron” qaz-kondensat yatağından ilk qazın alınması Azərbaycan üçün son dərəcə əlamətdar hadisədir. “Abşeron” qaz-kondensat yatağının işlənilməsi­nin ikinci mərhələsi üzrə işlərin intensiv şəkildə davam etdirildiyini diqqətə çat­dıran nazir Azərbaycanın enerji sahə­sində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə edib. 

Azərbaycan Respublikasının ener­getika naziri Pərviz Şahbazov çıxış edərək dünyada ölkəmizin enerji re­surslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düş­məsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mən­bələrini şaxələndirməklə yanaşı, Avro­paya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını bildirib.

SOCAR-ın prezidenti Rövşən Nə­cəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi, ötən illər ərzində bey­nəlxalq tərəfdaşlarla birgə atılan mü­hüm addımlardan bəhs edib. Dövlət başçısı tərəfindən “Abşeron” qaz-kon­densat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icra­sı istiqamətində görülən işlərdən bəhs edən SOCAR prezidenti “Abşeron” qaz-kondensat yatağının ölkəmizin ha­silat potensialının artırılmasına və bey­nəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini bildirib. 

“Abşeron” qaz-kondensat yatağın­dan hasilata başlanılmasından məm­nunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qo­şulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. Tərəfdaş şirkətlərlə birgə “Ab­şeron” qaz-kondensat yatağının işlənil­məsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışan Patrik Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdı­raraq “Abşeron” layihəsinin “TotalEner­gies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu deyib.

ADNOC (Əbu-Dabi Milli Neft Şirkə­ti) şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “Tota­lEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaş­lığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirak­dan məmnunluğunu ifadə edərək təmsil etdiyi şirkətin strateji əhəmiyyətli layihə­də oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, Xəzər dənizinin Azər­baycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz bu ilin iyul ayının əvvəlində ha­sil edilib. Avqustun 4-də isə SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat ya­tağında 30 faiz iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və “To­talEnergies” şirkətlərinin hər birinin la­yihədə iştirak payı isə 35 faiz təşkil edir. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

2023-cü il Azərbaycanın neft-qaz sektoru üçün əlamətdar bir il kimi yad­da qalacaq. Çünki zəngin qaz yatağı olan “Abşeron”dan ilk qazı əldə etmək mümkün oldu. Buna da gərgin danı­şıqlar, ətraflı müzakirələr sayəsində nail olundu. Təkcə onu qeyd etmək kifayətdir ki, bu il Fransanın ener­ji nəhəngi sayılan “TotalEnergies”in top-menecerləri üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşüblər. 

Bu baxımdan avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannı qəbul etməsi də diqqət çəkir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Fransanın enerji şirkəti rəhbərinin ölkəmizə gəlişi artıq istər “Abşeron” layihəsinin gələcəyi, istərsə də “TotalEnergies”in Azərbay­candakı gələcək fəaliyyəti ilə bağlı razılaşmalardan xəbər verir. Bundan belə nəticəyə gəlmək olar ki, tərəflər “Abşeron” qaz yatağının işlənməsinin növbəti mərhələsinə dair məsələdə qarşılıqlı anlaşma əldə ediblər. 

Düşünürəm ki, məsələnin hüquqi çərçivədə həlli artıq qısa müddətdə–məsələn, Neftçilər Günü ərəfəsində baş verə bilər. Bundan əlavə, səfər “TotalEnergies” şirkətinin Azərbayca­nın “yaşıl enerji” sektoruna sərmayə qoyması məsləsinin prinsipcə həll olunması qənaətini möhkəmləndirir. Mümkün razılşamalardan biri kimi rəs­mi Bakının “TotalEnergies” ilə yeni qaz layihələri (məsələn, “Babək” layihəsi) üzrə gələcək əməkdaşlıq üçün “yaşıl işığın” yandırılmasında maraqlı ol­duğunu ortaya qoymasını da ehtimal etmək olar. 

O ki qaldı “Abşeron” yatağından ilk qazın əldə edilməsinə, bu, ölkəmiz üçün son dərəcə əhəmiyyətli bir ha­disədir. Çünki Azərbaycan dünyanın enerji bazarında davam edən gərgin­liyin aradan qaldırılması üçün yeni bir şans qazanır. Düzdür, “Abşeron” yata­ğının ilkin işlənmə mərhələsi çərçivə­sində il ərzində çıxarılacaq 1,5 milyard kubmetr qaz bütünlüklə Azərbaycanın daxili tələbatına yönəldiləcək. Bu­nunla da, ölkəmiz özünün qaza olan tələbatının ödənilməsi üçün “Şahdə­niz” yatağından aldığı, eləcə də qısa müddətli sazişlər əsasında Rusiyadan idxal etdiyi qazı dayandıracaq. Əvə­zində isə, bu həcmdə qaz Avropa və Türkiyədəki istehlakçıların tələbatının ödənilməsinə yönəldiləcək. 

Mirbağır YAQUBZADƏ, XQ



İqtisadiyyat