“Azərişıq” ASC-nin Qarabağ hesabatı

post-img

Hadrutda jurnalistlərlə görüşdə uğurlardan geniş söhbət açıldı

Dünən Hadrut qəsəbəsində “Azərişıq” ASC-nin əməkdaşlarının media nümayəndələri ilə görüşü keçirildi. Tədbirdə 2023-cü ilin 6 ayı ərzində paylayıcı şəbəkələrdə görülmüş işlərlə bağlı jurnalistlərə ətraflı məlumat verildi.

Səhmdar cəmiyyətin Mətbuat və icti­maiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev hesabat dövründə paylayıcı şəbəkələrdə həyata keçirilmiş islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, ic­timai, sosial və maarifləndirici fəaliyyət haqqında media nümayəndələrini məlu­matlandırdı.

“Azərişıq” ASC-nin Tədris və İn­novasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək səhmdar cəmiyyətin gənc mütəxəssislərin təkmil­ləşdirilməsi, kadr islahatları planından danışdı, ölkədə, əsasən də, işğaldan azad olunmuş ərazilərdə aparılan yeni­dənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verdi.

İşğaldan azad edilmiş ərazilərdə ha­zırda “Azərişığ”ın 932 abunəçisinin oldu­ğunu diqqətə çatdıran A.Məmmədzadə bildirdi ki, onların 279-u qeyri-əhali qrupuna aiddir. Həmin abunəçilərin ha­mısı “smart” sayğaclarla təmin olunub. Mərkəz direktoru onu da əlavə etdi ki, növbəti illərdə qurumun bu ərazilər üzrə abunəçilərinin sayı xeyli artacaq və “Azərişıq” ASC elektrik enerjisinə olan istənilən tələbatı tam qarşılamağa hazır­dır.

Bundan əlavə, ölkədə alternativ və bərpaolunan enerji ilə təminat sahəsin­də görülən işlər barədə məlumat verən A. Məmmədzadə dedi ki, bu ilin ilk ya­rısında Xızı rayonunun Yeni Yaşma və Şorabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında 24,3 milyon kilo­vat-saat elektrik enerjisi istehsal oluna­raq elektrik şəbəkələrinə ötürülüb. Eyni zamanda, “Azərişıq” tərəfindən “yaşıl enerji” zonasının tələblərinə uyğun ola­raq 35 kilovat-saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb. Həmin xətt vasitəsilə, həmçinin internetin ötürülməsi təmin olunacaq. 

Sonra “Azərişıq” Açıq Səhmdar Cə­miyyəti Texniki Departamentinin direkto­ru Vüsal Qənbərov cari ilin ilk yarısında şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən söhbət açdı. O, müasir texnologiyaların geniş tətbiqi və təkmil­ləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətləri ilə əvəz edilməsi, o cümlədən şə­bəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd etdi. 

Bildirilib ki, hesabat dövründə ölkə ərazisində, ümumilikdə, 362 komplekt transformator məntəqəsi quraşdırılıb. Bundan əlavə, 6 ay ərzində 35, 10 və 0,4 kilovoltluq 306, 5 kilometr yeni kabel və 1559,3 kilometr yeni hava xətləri çəkilib. Yanvar-iyun aylarında yarımstansiyalar­da olan avadanlıqların texniki vəziyyəti yoxlanılaraq aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün 6, 10, 35 və 110 kilovoltluq 1348 ədəd elektrik ava­danlığının təmir, bərpa və sınaq işləri aparılıb. 

Bundan əlavə, hesabat dövründə ölkə üzrə, ümumilikdə, 6305 kilometr­dən artıq elektrik verilişi xətlərində və 590 ədəd güc transformatorunda təmir, bərpa və sınaq işləri həyata keçirilib, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə 90 ədəd komplekt transfor­mator məntəqəsində çəpərləmə işləri yerinə yetirilib. Eyni zamanda, “Azərişıq” ASC-nin Tədbirlər Planına salınmış 40 kəndin 18-də elektrik şəbəkəsinin ye­nilənməsi işləri yekunlaşdırılıb. Digər 22 kənddə isə analoji işlər davam etdirilir.

V. Qənbərov, həmçinin bildirdi ki, cari ilin birinci yarısında əhali istehlakçıla­rına aid 139 min 807 ədəd, qeyri-əhali istehlakçılarına aid isə 11 min 677 ədəd uçot dəsti bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 9,2 milyard ki­lovat-saata çatdırılıb, bunun müqabilin­də yığım səviyyəsi 98,7 faiz təşkil edib. O, eyni zamanda, ölkədə həyata keçi­rilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayən­dələrinə ətraflı məlumat verdi.

“Azərişıq” ASC-nin Enerji Satışı De­partamentinin informasiya araşdırma idarəsinin rəis müavini Rüstəm Quliyev 2023-cü ilin 6 ayı ərzində 10 milyard 95 milyon kilovat-saat elektrik enerji­sinin alındığını və bu dövrdə 140 min ədəd elektrik sayğacının quraşdırıldığını diqqətə çatdırdı. Rəis müavini, həmçinin ilin ötən dövründə enerji satışı fəaliyyəti üzrə həyata keçirilmiş tədbirlər, əldə olu­nan nəticələr və cari ilin sonuna nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verdi. Son illər elektrik enerjisinin tələ­batında iqlim şərtlərinin birbaşa təsiri olduğunu və bunun nəticəsi olaraq yay mövsümündə enerjiyə daha çox ehtiya­cın yarandığını bildirən R. Quliyev bu is­tiqamətdə aparılan araşdırma və təhlillər barədə məlumat verdi. 

Qeyd edildi ki, cari ilin avqust ayında ölkədə elektrik enerjisinə olan tələbatın 2 milyard 90 milyon kilovat-saata çatacağı proqnozlaşdırılır ki, bu da rekord göstə­rici sayıla bilər. Bütövlükdə isə, ilin sonu­nadək ölkədə 21 milyard 122,5 milyon elektrik enerjisinin istehlakı gözlənilir. Bu isə 2022-ci illə müqayisədə 1 milyard 38 milyon kilovat-saat çoxdur.

Qurum rəsmisi, həmçinin ilin sonuna­dək yığım səviyyəsinin 97,2 faizə çatdı­rılacağını və 280 mindən çox sayğacın quraşdırılacağını bildirdi. Qeyd olundu ki, bu il üçün texniki itkilərin maksimum faiz həddinin 8,6 faiz olacağı proqnoz­laşdırılıb.

Daha sonra “Azərişıq” ASC üzrə “Asan Xidmət” vasitəsilə müraciətlərin qəbul edilməsi, emalı və icrası barədə Cəmiyyətin Asan Xidmətlə İş və Elekt­ron Xidmətlər Departamentinin direktor müavini İnam Yusifov müvafiq məlumat­ları media nümayəndələrinin diqqətinə çatdırdı.

Cəmiyyətin İnformasiya Texnologi­yaları Departamentinin şöbə rəisi Vü­sal İsayev cari ilin ötən dövrü ərzində elektron xidmətlər, sms-xəbərdarlıq, rəqəmsal həllər və müasir proqram tət­biqləri barədə ətraflı məlumat verdi, yeni tətbiqlərin istifadə qaydalarını nümayiş etdirdi.

Sonda media nümayəndələrini ma­raqlandıran suallar ətraflı cavablandırıldı.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

Hadrut

İqtisadiyyat