Qarabağ və Şərqi Zəngəzurdan Avropaya “yaşıl enerji” ixracı

post-img

Son 10 ildə dünyada alternativ enerjinin istehsalı 2 dəfədən çox artıb. Azərbaycan dünyadakı yenilikləri tətbiq etməklə “yaşıl enerji” sahəsində də qabaqcıl ölkələrdən biri olmağı qarşısına mühüm vəzifə kimi qoyub, artıq bu sahədə önəmli nəticələr əldə olunub. 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda “yaşıl enerji” istehsalı­nın genişləndirilməsi mühüm yer tutub. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması da bir çox layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Onu da xatırla­daq ki, Azərbaycanın hədəfi bərpaolunan enerji payının ümumi enerji istehsalında 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Bu məqsədin reallaşması üçün ölkə­mizin Xəzər dənizində təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi po­tensialı, ümumilikdə 290 QV-dan çox bər­paolunan enerji ehtiyatı var. Bununla ya­naşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpa olunan enerji mənbələri ilə diqqət çəkir. Təsadü­fi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşməndən təmizlənən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisa­di inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas is­tiqamətlərdən biri hesab olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında aparılan bütün yenidənqurma işləri, qurulan yaşayış məntəqələrindəki müasir infrastruktur gələcək iqtisadi məh­suldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möh­kəmlənməsinə əlverişli zəmin hazırlayır. İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər, günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın regionda lider mövqeyini getdikcə möhkəmlənir. 

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının möv­cud olması əsasında aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının for­malaşdığı əsas iqtisadi rayonlardan biridir. 

Regiondakı digər mühüm enerji ob­yektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdi­rilən və qoyuluş gücü 200 MVt olan “Xu­dafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının tikintisi hazırda davam etdi­rilir və inşasının 2-2,5 il ərzində yekunlaş­dırılması nəzərdə tutulur.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyə­ti (ASC) tərəfindən işğaldan azad edilən ərazilərdə 2020-2023-cü illər ərzində 11 yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyasında (SES) indiyədək, ümumilikdə, 110 milyon kilovat/saat (kVts) “yaşıl enerji” istehsal olunub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin yaxın aylarda yekunlaşacağı planlaşdırılıb. Yaxın günlərdə isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.

Mütəxəssislərin bildirdiyinə görə, hər bir SES-də çayın 50 faizinin təminatı nəzərə alınır. Başqa sözlə, ekoloji norma­nın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və hə­min borulardan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatların­dan səmərəli istifadə olunması, daşqınla­rın qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbulediciləri tikilir. Çayda ekoloji axını avtomatik tənzimləyən və su­yun həcmi az olduqda ətraf mühitin müha­fizəsi məqsədilə özünü dayandıran Avro­pa istehsalı olan eko-turbinlər quraşdırılır. Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.

“AzərEnerji” ASC tərəfindən indiyədək yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 SES-in ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat/saat eko­loji cəhətdən təmiz “yaşıl enerji” istehsal ediləcək.

Qeyd edək ki, Qarabağ və Şərqi Zən­gəzurda istehsal olunan “yaşıl enerji”nin daxili tələbatın ödənilməsi ilə yanaşı, ix­racı da nəzərdə tutulub. “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevin bildirdiyinə görə, artıq Azər­baycanın işğaldan azad edilən ərazilə­rində istehsal olunan “yaşıl enerji”nin Av­ropa ölkələrinə ötürülməsi qərara alınıb. Məsələn, beynəlxalq layihə olan “Cəbra­yıl” Enerji Qovşağı vasitəsilə gələcəkdə həm Qarabağda, həm də Azərbaycanın digər ərazilərində istehsal olunan elektrik enerjisinin Naxçıvan Muxtar Respublika­sına, oradan isə Türkiyəyə və Avropaya ötürülməsi planlaşdırılıb.

Bu layihə ilə bağlı “Ağcabədi” yarımstansiyasının yenidən qurulması artıq başa çatdırılıb, “İmişli” yarımstansiyasının isə yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur və Qarabağın ölkənin ümumi enerji sisteminə qoşulması üçün indiyə­dək azad olunmuş ərazilərdə 12 yerdə 110 Kv-luq yarımstansiyalar tikilərək istismara verilib, uzunluğu 700 kilometrə yaxın 110 kv-luq və 330 kv-luq elektrik xətləri çəkilib.

Beləliklə, Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensi­alını gücləndirir, həm də regional əmək­daşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilən neft kəmərləri isə Azər­baycan neftini dünya və Avropa bazarları­na çıxarır. Respublikamız qlobal miqyas­da artıq qaz ixrac edən ölkəyə çevrilir.

 

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert 

Azərbaycanın işğaldan azad edil­miş ərazilərinin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən Tədbirlər Planı müəyyənləş­dirilib və beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə konsepsiya qəbul edilib. Kon­sepsiyanın əsas məqsədi düşməndən təmizlənən ərazilərdə mövcud olan yük­sək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz “yaşıl enerji” ilə təmin etmək üçün texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.

Ölkənin əlverişli coğrafi iqlim xü­susiyyətləri, ən əsası isə Qarabağ və Şərqi Zəngəzurda alternativ və bərpa­olunan enerji mənbələrindən, o cüm­lədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əli­yevin işğaldan azad olunmuş ərazilərlə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zo­nasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunub.

Burada onu da vurğulamaq istər­dim ki, Azərbaycanın su ehtiyatları qeyri-bərabər paylanıb. Əhali, ölkə iq­tisadiyyatı və kənd təsərrüfatının suya olan tələbatının təmin edilməsi üçün su ehtiyatlarımızın təxminən 64 faizi mexaniki üsulla nizamlanır. Bu da su təsərrüfatını ölkənin ən böyük enerji is­tehlakçısı edir. Təkcə 2022-ci ildə kənd təsərrüfatının suvarma suyu ilə təmina­tı məqsədilə 1,59 GVt elektrik enerjisi və 19,9 min ton dizel yanacağı istifadə olunub ki, məhz su idarəetməsində “ya­şıl enerji”dən istifadəni tətbiq etməklə ənənəvi enerji şəbəkələrinin yükünü yüngülləşdirə, bununla da dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi ara­sında tarazlıq yarada bilərik.

Ümumilikdə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi işğaldan azad olu­nan ərazilərdə formalaşır ki, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal gücü hesablanıb. Yaxın gələcəkdə 30 MVt gücündə Bər­güşadçay və 43 MVt gücündə Həkə­riçay kiçik su elektrik stansiyalarının inşası ilə bu çayların hidroenerji poten­sialından da istifadə edilməsi nəzərdə tutulub.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat