Ələt Azad İqtisadi Zonası dünyanı ölkəmizə yaxınlaşdırır

post-img

Müasir dünya iqtisadiyyatının spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması getdikcə sürətlənir. Azad iqtisadi zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. 

Belə zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Bununla yanaşı, həmin zonalar ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafı, mühüm iqtisadi məsələlərin həlli, strateji proqram və layihələrin reallaşdırıl­ması baxımından xüsusi önəm daşıyır.

Xatırladaq ki, ilk xüsusi iqtisadi zonalar ötən əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılma­ğa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, hazırda planetimizin 130 ölkəsində 4 mindən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 mil­yard dollardan artıqdır. Azad iqtisadi zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müs­bət impuls verməkdədir. Ekspertlərin fikrincə, azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nə­ticəsində mənfəət norması 30-35 faizdən artıq olur. Hətta Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər ildə orta hesabla 40 faiz mənfəət əldə edirlər. 

Azad bazar iqtisadi münasibətlərinin forma­laşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallığını artırır. Ölkəmizdə bazar münasi­bətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində belə zonaların yaradılmasının mühüm iqtisadi əhəmiyyəti var­dır. Xatırladaq ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması ideyası və bu sahədə müəyyən təşəbbüslərin irəli sürülməsi müxtə­lif illərdə gündəmə gətirilsə də, müəyyən ob­yektiv səbəblər üzündən proses xeyli ləngiyib. Yalnız 2017-ci ildə Ələt Azad İqtisadi Zonası­nın yaradılması barədə qərar və bununla bağlı 2018-ci ildə müvafiq qanun qəbul edildikdən sonra bu sahədə real addımların atılmasına başlanılıb. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxma­yaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub.

Nəhayət, 2023-cü il iyunun 9-da Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə Prezident İlham Əliyevin iştirakı isə ölkəmizdə iqtisadi inkişafa göstərilən dövlət qayğısının bariz nümunəsi kimi diqqət çəkir. Təsadüfi de­yil ki, Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməli kimi dəyərləndirilir. 

Xatırladaq ki, 850 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının ilkin inki­şaf mərhələsi çərçivəsində 60 hektar ərazidə (Zona-1) bir sıra işlər görülüb. Artıq investor­lara icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazır vəziyyətə gətirilib. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şə­bəkələrinə birləşmə nöqtələri təmin edilib. Bu­rada, həmçinin lazımi mühəndis-kommunika­siya infrastrukturu yaradılıb. Zona-1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, elə­cə də gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Ələt Azad İqtisadi Zonasının ərazisində ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzi yaradılıb. 3 funksional hissədən ibarət olan mərkəzdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə yanaşı, investorların idarəetmə qurumları və təhkim olunan gömrük əməkdaşları üçün, həmçinin investorlara va­hid pəncərə prinsipi ilə xidmət edəcək ofislər fəaliyyət göstərəcək. Növbəti mərhələ çərçivə­sində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri, eləcə də 211 hektar sahəni əhatə edən ağır sə­naye müəssisələri üçün nəzərdə tutulmuş his­sələrdə layihələndirmə işləri davam edir. Yaxın vaxtlarda isə 138 hektar sahədə torpaq işlərinə başlanılması planlaşdırılır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində, strateji coğrafi mövqeyə malik Ələt qəsəbəsinin ərazisində yaradılan azad iqtisadi zonada investorlar üçün bir sıra fiskal və qey­ri-fiskal imtiyazlar tətbiq edilir. Həmin imtiyaz­lara əsasən, investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar. Burada idxal və ixrac əməliyyatlarına gömrük rüsumları və vergilər, habelə aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Bununla yanaşı, yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişlərinin könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıması, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi ol­masına heç bir məhdudiyyətin qoyulmaması, xarici investorlar üçün yerli tərəfdaş və səhm­dar tələbinin olmaması, valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında hər hansı bir məhdudiyyətin nəzərdə tutulmaması da həmin imtiyazlar sırasındadır. Digər stimul­laşdırıcı amillər isə ondan ibarətdir ki, burada investorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonasının səla­hiyyətli qurumu investorların əmlakının bu və ya digər məhdudiyyətlərdən, eləcə də onların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəa­liyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Transxəzər (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində mü­hüm rolu olan ölkəmizin strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradıl­ması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası xeyli sürətlənəcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat