Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Meksika parlamentləri arasında əməkdaşlığın və iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Nazir müavini meksikalı deputatlara oktyabrın 2-6-da Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verib. Diqqətə çatdırıb ki, konqresdə dünyanın kosmik sahəsindəki aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər. Bakıda keçiriləcək konqresdə Meksika şirkətlərinin də aktiv iştirakı məsələsi müzakirə olunub.
Nümayəndə heyəti Azərbaycanla kosmik sənaye, İKT və startaplar sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Görüşdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.