Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Etibar Abbasov Azərbaycanda tullantıların düzgün idarə olunması və təkrar emalı sahəsində görülən işlər, əldə edilən uğurlarla bağlı qonaqlara məlumat verib. Görüşdə Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması məqsədilə yeni sanitar poliqonun yaradılmasının, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi və Bakı bərk məişət tullantıların yandırılması zavodlarının fəaliyyətinin uğurlu nəticələr əldə olunmasına böyük imkanlar yaratdığı vurğulanıb. Həmçinin 2013-cü ildə istifadəyə verilən Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisinə maliyyə vəsaiti ayırdığı üçün İslam İnkişaf Bankına minnətdarlıq ifadə edilib.
2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkı haqqında məlumat verilərkən, burada 25 rezidentin qeydiyyata alındığı və 27 istiqamət üzrə məhsul istehsalı həyata keçirildiyi qeyd olunub. “Təmiz Şəhər” ASC-nin işğaldan azad edilən ərazilərdə də fəaliyyət göstərdiyi və bu bölgədə tullantıların düzgün idarə edilməsi ilə bağlı müasir infrastrukturun qurulması istiqamətində işlərə başlandığı qonaqların diqqətinə çatdırılıb.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir “Təmiz Şəhər” ASC-nin Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi təcrübəsini müsbət qiymətləndirib və ekoloji problemlərin bütün dünyanı narahat etdiyi bir vaxtda bu fəaliyyətlərin çox əhəmiyyətli olduğunu deyib. Tullantıların yandırılması zavodunun tikintisində İslam İnkişaf Bankının da rolunun olmasından məmnunluq ifadə edən qonaq, ekoloji layihələrin təkcə bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığı, eyni zamanda, dayanıqlı inkişaf baxımından vacibliyini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə ümid etdiyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra qonaqlar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların zərərsizləşdirilməsi prosesini izləyiblər.