TikTok platformasının ABŞ-da fəaliyyətinin dayandırılmasının qarşısı alınıb. Çin mənşəli şirkət ABŞ bazarında qadağadan yayınmaq üçün 14 milyard dollarlıq razılaşma imzalayıb. Saziş ABŞ-da ayrıca törəmə şirkətin yaradılmasını və ona nəzarətin amerikalı investorlar qrupuna verilməsini nəzərdə tutur. Bu barədə Politico yazır.
Məlumata görə, TikTok-un ABŞ strukturunun yeni sahibləri arasında özəl investisiya şirkəti Silver Lake, Əbu-Dabidə süni intellekt sahəsində fəaliyyət göstərən MGX şirkəti və həmtəsisçisi Donald Trampın yaxın silahdaşı olan Larri Ellisonun rəhbərlik etdiyi texnoloji nəhəng Oracle yer alacaq. Hər bir tərəf ABŞ-da yaradılacaq birgə müəssisədə 15 faizlik pay əldə edəcək. Pekində yerləşən ana şirkət ByteDance isə təxminən 20 faizlik payını saxlayacaq. İnvestorlar sırasında həmçinin Dell Technologies şirkətinin sədri və baş icraçı direktoru Maykl Dellə məxsus Dell Family Office də var.
Razılaşma ABŞ-da 2024-cü ilin aprelində qəbul edilmiş və TikTok-un 19 yanvar 2025-ci ilədək amerikalı sahibə satılmasını, əks halda platformanın qadağan edilməsini tələb edən qanuna cavab olaraq hazırlanıb. Keçən il Donald Tramp tərəflər arasında şərtlərin razılaşdırılması məqsədilə qadağanın qüvvəyə minməsini beş dəfə təxirə salmışdı.
TikTok-un ABŞ versiyası yeddi nəfərlik idarə heyəti ilə müstəqil təşkilat kimi fəaliyyət göstərəcək. Heyətə TikTok-un baş icraçı direktoru Şou Zi Çu, eləcə də Oracle, Silver Lake, TPG Global, DXC Technology və MGX şirkətlərinin top-menecerləri daxil olacaq. Birgə müəssisənin baş icraçı direktoru vəzifəsini TikTok-un əməliyyatlar, etibar və təhlükəsizlik üzrə rəhbəri Adam Presser icra edəcək.
ABŞ şirkəti tətbiqin tövsiyə alqoritminə cavabdeh olacaq. Alqoritm amerikalı istifadəçilərin məlumatları əsasında yenidən öyrədiləcək. Bu, ABŞ tərəfinin milli təhlükəsizliklə bağlı əsas tələblərindən biri idi.
Donald Tramp razılaşmanı açıq şəkildə dəstəkləyərək Truth Social platformasında “TikTok-u xilas etməkdən məmnun olduğunu” yazıb və Çinin lideri Si Cinpinə əməkdaşlığa görə təşəkkür edib. Bununla yanaşı, ABŞ-dakı tənqidçilər ByteDance-in payı vasitəsilə Çinin təsirini saxladığını bildirirlər.
Politico ABŞ–Çin siyasəti üzrə ekspert, Hadson İnstitutunun baş elmi işçisi Maykl Sobolikin mövqeyini də dərc edib. O, razılaşmanı sərt şəkildə tənqid edərək milli təhlükəsizlik risklərinin tam aradan qalxmadığını vurğulayıb.
ABŞ-da TikTok qadağası: əsas məqamlar
19 yanvar 2025-ci ildə TikTok ABŞ-da müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Buna səbəb ByteDance-in platformadakı payını satmağı tələb edən qanunun qüvvəyə minməsi idi. Tətbiq həmin vaxt ABŞ bazarında Apple və Google tətbiq mağazalarında əlçatan olmamışdı.
Daha sonra ABŞ prezidenti Donald Tramp TikTok-un xilasına dair planını açıqlayıb və elə həmin gün platforma ölkədə fəaliyyətini bərpa etməyə başlayıb.
2025-ci ilin sentyabrında Donald Tramp ABŞ və Çin arasında TikTok-la bağlı razılaşmanın əldə edildiyini, bunun son dərəcə populyar video tətbiqinin sahibinin dəyişməsini və ümummilli qadağanın qarşısının alınmasını təmin edəcəyini bəyan edib.
S.ELAY
XQ

