Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizini təşkil edir.
Nazirlikdən “XQ”yə verilən məlumatda qeyd edilib ki, layihəyə əsasən, cari ilin ilk üç ayı ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə, paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Bu, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5 faizini təşkil edir.
Layihə çərçivəsində ölkədə dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə genişzolaqlı şəbəkə qurulacaq.
Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Bu texnologiya üzərindən vətəndaşlar istər təkcə telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.
Məlumat üçün bildirək ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.