Çinin IFlytek şirkəti ChatGPT-ə alternativ yaradacaq

post-img

Çinin səs tanıma şirkəti IFlytek “ağıllı” ChatGPT çatbotuna rəqib yaratmağı planlaşdırır. Bu barədə "Bloomberg" məlumat yayıb.

"Biz ChatGPT-dən öyrənmək üçün əlimizdən gələni etməliyik və hətta onu ötməyə çalışmalıyıq" . -deyə IFlytek-in qurucusu Liu Qingfeng planlarını açıqlayıb.

Neyron şəbəkənin işinə nümunə olaraq tələbə inşasının qiymətləndirilməsi, həmçinin filosof Konfutsinin 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarına səfərinin süjetinin yaradılması təklif olunub. “Bu generativ süni intellektin təsiri texnologiya kompüterin və ya internetin yaranmasının təsirindən heç də az əhəmiyyət kəsb etmir”, - deyə şirkətin təsisçisi bildirib.

ChatGPT-nin rəqibləri artıq Çində yaranır. Aprelin 7-də "Alibaba" Qrupu "Tongyi Qianwen" generativ süni intellekt (AI) modelini təqdim etmişdi ki, bu da rabitə, e-ticarət, veb axtarışı, nəqliyyat marşrutu, əyləncə və ağıllı səs köməkçisi üçün istifadə olunacaq. O, "DingTalk" messencerinə və "Tmall Genie" səsli köməkçisinə, sonra isə şirkətin bütün proqramlarına inteqrasiya olunacaq. Mart ayında "Baidu" riyaziyyat tapşırıqlarını yerinə yetirən, video və şəkillər yaradan AI chatbotu "Ernie Bot"u təqdim etmişdi.

Yeni süni intellekt texnologiyalarının təqdimatları Çin hakimiyyətinin məhdudiyyətləri fonunda keçirilir. Aprelin 11-də Çin Xalq Respublikasının Kiberməkan İdarəsi (CAC) generativ süni intellekt xidmətlərini tənzimləmək üçün tədbirlər layihəsini açıqlamışdı. Bir gün əvvəl, aprelin 10-da Çin Ödənişlər və Klirinq Sənayesi Assosiasiyası xəbərdarlıq etmişdi ki, ChatGPT kimi xidmətlərdən istifadə transsərhəd məlumat sızması riskini daşıyır. 

Fevralın sonunda "Bloomberg" belə tədbirlər haqqında məlumat vermişdi. Daha sonra Çinin elm və texnologiya naziri Vanq Zhiqanq agentliyə bildirmişdi ki, hökumət süni intellektdən istifadə zamanı etik problemləri qiymətləndirmək üçün neyron şəbəkələrin inkişafına nəzarət edəcək. 

S.ELAY,

"Xalq qəzeti"

İKT