Aprelin 4-də Gəncə İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi keçirilib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.
Açılış mərasimində qeyd olunub ki, turnir Avropa Cüdo Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.
Rəsmi hissədə Avropa Cüdo Birliyinin idman komissarı Patris Ronyu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.
Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.
Qeyd edək ki, Gəncədə təşkil olunan yeniyetmələr arasında Avropa Kuboku iki gün davam edəcək.
Qabil YUSİFOĞLU
XQ







