Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi.
Bu gün keçirilən tay-brek görüşlərində sensasiya qeydə alınıb. Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşdı (2,5-3,5).
Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırdı (3-1). Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk etdi (1,5-2,5)
Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü oldu 3-1. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazandı 2,5-1,5.
Xatırladaq ki, bir gün əvvəl yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadəylə heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2-0 hesablı qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Azərbaycan çempionatının ötən ilki qalibi Günay Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.
Qabil YUSİFOĞLU
XQ


