“Qarabağ” son səhifəni futbolun vətənində yazacaq

post-img

Yorulmadan gördüyü böyük işlərlə Azərbaycan futboluna, bütün xalqımıza xoşbəxt günlər yaşadan Qurban Qurbanovun komandası Çempionlar Liqasının Liqa yolunda son addımını atmaq, son səhifəni yazmaq üçün 1966-cı ilin dünya çempionu İngiltərəyə böyük qürur hissi ilə gedib. Artıq bizim üçün möcüzəyə bərabər nəticə –10 xalla növbəti mərhələnin qapısını xeyli (bəlkə də, tam!) aralamış “Qarabağ” bu gecə məhz futbolun vətənində onu rəsmən taybatay açmağa çox yaxındır. 

İnşallah, belə də olar, Ağdam komandası Avropa klublarının 1 nömrəli turnirində öz tarixinə daha bir parlaq səhifə yazar. Mübaliğəsiz, böyüklü-kiçikli əksər insanlarımızın yatmağı ağıllarına belə gətirməyib, bayram kimi gözlədiyi hadisə Liverpulda bu şəhərin eyniadlı məşhur klubu ilə görüşdə baş verəcək. 

Azarkeşlər qarşıdakı oyun ərəfəsində hər iki rəqibin turnir cədvəlindəki göstəricilərini və iddialarını əzbər bilirlər. Hazırda 15 xalla 4-cü mövqedə olan “Liverpul” Liqa mərhələsində mənzilbaşına birbaşa səkkizdəbir finalda oynamaq hüququ verən birinci “8-likdə” çatmaqdan başqa heç nə barədə düşünmür.

Tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində oynayan və bu günə qədər əldə etdiyi bal kimi şirin nailiyyətlə də kifayətlənməyən “Qarabağ” da, öz növbəsində, pley-off və ya 1/16 final adlanan oyunların iştirakçısı olmaq eşqi ilə alışıb-yanır. Komandanın hərəsi bir ağır sınağa bərabər 7 görüşdən sonra cədvəlin tən ortasında –18-ci pillədə olması onun yenilməz qələbə əzmi və yüksək iddialarının nəticəsidir. Təkrar edək, Liverpul görüşünün nəticəsindən asılı olmayaraq, istəyimiz, deyəsən, artıq həyata keçib və bizə sadəcə, bir gədər də səbirli olub, gecə saat 2-ni, eyni vaxtda başlayacaq bütün 18 oyunun sona çatacağı dəqiqələri gözləmək qalır. 

Finişin astanasında turnir cədvəlində komandamızın mövqeyi, pley-offa aparan yolda onun rəqiblərini də asan oyunların gözləməməsi (“Ayaks”–“Olimpiakos”, “Barselona”–“Kopenhagen”, “Napoli”–“Çelsi”, “Brügge”–“Marsel” və s.) belə inam yaradır ki, Ağdam klubu Liverpulda, hətta xal qazana bilməyəcəyi təqdirdə də növbəti mərhələdə mübarizəni davam etdirmək ehtimalı kifayət qədər böyükdür. Əgər bu ehtimal riyaziyyatçıların hesabladıqları kimi təxminən 95-98 faizə bərabərdirsə, onda əsas mərhələdə əsas məsələmiz, demək olar, həllini tapıb.   

Deməli, variantlar Azərbaycan çempionunun nəhənglər meydanında 8-ci raund döyüşlərindən sonra da çıxışlarını davam etdirmək imkanlarına elə bir şübhə yeri qoymur. Azarkeşlər ümidlərinin doğrulacağına əmin olmaqda haqlıdırlar. Elə futbolçuların özlərində qüvvələrinə inam hissinin ikiqat artması da xüsusi əhəmiyyət kəsb edir. Hər bir işdə qüvvəyə inamın mühüm şərt olması heç kim üçün sirr deyil.

“Ayntraxt”a vurduğu 2 qolla görüşün ən yaxşı oyunçusu olmuş Kamilo Duran, sona saniyələr qalmış əsl mərkəz hücumçusu kimi qarşısıalınmaz zərbə ilə rəqib komandanın bütün ümidlərini alt-üst edən mərkəz müdafiəçisi Bəhlul Mustafazadə, ən mahir qaçış ustaları kimi meydanın bir başından digərinə sürətli həmlələri və dəqiq ötürmələri ilə əzmkar qələbədə böyük pay sahibi olaraq həftənin rəmzi komandasına daxil edilmiş Elvin Cəfərquliyev və onların şaxtalı qış axşamında əvvəldən axıradək fədakarcasına mübarizə aparmış dostları böyük iş görmüş, sözün əsl mənasında, meydanda can qoymuşlar. O gündən bəri hamının “Canım “Qarabağ”, gözüm “Qarabağ” nidaları ilə əzizlədiyi komanda çox şeyə qadirdir və hər cür nəvazişə, hörmətə layiqdir. 

Onlar bu gecə qeydə alınacaq nəticədən asılı olmayaraq, artıq öz kəsərli sözlərini demiş, qəlbləri fəth etmiş, könülləri riqqətə gətirmişlər. Yoxsa yüzlərlə “Qarabağ” pərəstişkarı qışın oğlan çağında min kilometrlərlə məsafə qət edib, uzaq Liverpula gedərdimi?!

Ötən payızda Bakıda klublararası dünya çempionu “Çelsi” ilə əsl qrossmeyster heç-heçəsi (2:2) xatirələrdə təzədir. İndi isə “Qarabağ” İngiltərənin digər məşhur klubu ilə üz-üzə gələcək. Ağdam komandası da oyundan-oyuna onlar kimi böyüyür. 

Bu gün “Enfild” stadionunda baş hakim kimi  slovakiyalı İvan Krujlyakı iş başında görəcəyimizi də qeyd edək. Görək o, nə ilə yadda qalacaq, “Ayntraxt”la oyunumuzun hakimi isveçrəli Sandro Şererdən fərqli olaraq, UEFA-nın etimadını ədalətli qərarlarla doğrulda biləcəkmi?

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

İdman