“Pool” bilyard idman növü üzrə ölkə çempionatı başa çatıb

post-img

13–15 dekabr tarixlərində “Pool” bilyard idman növü üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı uğurla başa çatıb. Azərbaycan Bilyard Federasiyasından verilən məlumata görə, yarış ölkənin ən güclü bilyardçılarının iştirakı ilə yüksək idman mübarizəsi şəraitində baş tutub.

Çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Turnir boyu iştirakçılar yüksək peşəkarlıq, taktiki düşüncə və idman ruhu nümayiş etdiriblər.

Kişilər arasında (Pool-10)  Orxan Qubatov 1-ci yer, Murad Fəttayev 2-ci yer, Orxan Rzayev və Ruslan Əmiraslanov 3-cü yerə layiq görülüblər.

Qadınlar yarışında (Pool-8) Mina Nəsirova 1-ci, Səbinə Bayramova 2-ci, Südabəxanım İsmayilova və Zəminə Yolçuzadə isə 3-cü nəticə göstəriblər.

Qaliblər və mükafatçılar diplom və medallarla təltif olunub. Yarış Azərbaycan bilyard idmanının inkişafına, gənc və perspektivli idmançıların üzə çıxmasına mühüm töhfə verib.

Ölkə çempionatı bilyard idmanına marağın artdığını bir daha nümayiş etdirərək, bu sahədə gələcək beynəlxalq uğurlar üçün möhkəm zəmin yaradıb.

Qeyd edək ki,  ölkə çempionatı Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və AzPulmat şirkətinin dəstəyi ilə təşkil olunub.

Qabil YUSİFOĞLU
XQ

İdman